“Elçin Səmədov bizi eşitmir, onun müavini İlqar bəy isə Kiçik Dəhnəlilərə qan uddurur”
Sosial yardımla bağlı bölgələrdə bitib- tükənməyən problemlər bir çox şikayətçiləri düz redaksiyamıza qədər gətirib çıxarır. Onlardan biri də, Şəki rayonu kiçik Dəhnə kənd sakini Süleymanov İlkin Zülfüqar oğludur. Onunla söhmət etmək üçün Bakıdakı N.Nərimanov parkını ünvan seçirik. İlkin bildirir ki: “Son ümid yeri olaraq sizə müraciət edirəm və xahiş edirəm mənə kömək edəsiniz. Çünki, mən bura özbaşına deyil, sizin təmənnasız kömək etdiyiniz insanların məsləhəti ilə gəlmişəm”.
“Kənddə fermada əlli qəpiyə qoyun qırxıram…”
– İlkin, Şəkidə necə yaşayırsan?..
– Ailəliyəm, iki azyaşlı uşağım var. Bir otaqlı koma qaralamışam, yəni tikmişəm. Heç bir sənətim yoxdu. Kimin nə işi olsa, gedib görürəm və bununla ailəmi dolandırıram. Bir sözlə mənimki qara fəhləlikdi. Dolanışığım da elə ürək açan deyil. Uşaq xəstə olur pul tapa bilmirəm, kəndin xeyri var, şəri var, hamısına getməlisən, pul yazdırmalısan. Şəhərin ehtiyacları olduğu kimi, kəndin də ehtiyacları var.
Əslində mən bir neçə gün öncə gəlmək istəyirdim Bakıya. Sadəcə yolpulu düzəldə bilmirdim. Kənddə fermada əlli qəpiyə qoyun qırxıram. Bir neçə gündür çalışırdım on beş manat pul düzəldim ki, Bakıya gəlim. Problemim sosial yardımla bağlıdır. Bir sözlə bizim kənddə də bir çox qurumlar sakinlərin savadsızlığından, imkansızılığından yetərincə istifadə edirlər.
“Dedim ki, 50 – 100 manat verə bilərəm, dedi ki yox, azdı, 400 manatını ver!”
-Dolanışığımın çətin olduğu bir vaxtda, gözümü hər ay 150 manat aldığım sosial yardıma dikmişdim. 2013- cü ildən Sosial yardım alıram. Həmin vaxtdı hər ay 82 manat yardım alırdım. Onun da 400 manatını sənədlərimi qəbul edən İlqar adlı şəxsə verdim. 2014 – cü ildə gəlib evimdə çəkiliş aparanda, ürəkləri ağrıdı və yardımı hər ay 150 manat elədilər. Bundan da İlqar bəy pay istəsə də, bu dəfə ona pul vermədim. Dedim ki, 50 – 100 manat verə bilərəm, dedi ki yox, azdı, 400 manatını ver. Buradan yaranan mübahisəmiz indiyə kimi davam edir.
Kiçik Dəhnə kəndi İlqarın əlindən qan ağlayır…
– Yanvarın 9 – da təzə il üçün yenidən sənədlərimi toplayıb fonda təqdim etdim. Bütün sənədlərim qaydasında olduğu bir vaxta pul hesabımı köçmür ki, alım. Elə düşündüm ki, kartım köhnə olar, gedib kartımı da dəyişdim və on beş manat sığorta haqqı da ödədim. O, vaxtdan bu günə kimi yollardayam. Hər dəfə müxtəlif bəhanələrlə istəyim rədd edilir. İlqar bəy məndən yenə pul istəyir. Məsələylə bağlı Fondun Şəki şöbəsinin sədri Elçin Səmədovun da qəbulunda oldum. O, isə bizi İlqarın üstünə yollayır və Elçin Səmədovun deyə bilmədiyini, özünü onun müavini kimi təqdim edən İlqar bəy deyir: “400 manat verməlisən”. Kiçik Dəhnə kəndi İlqarın əlindən qan ağlayır. Siz Şəkiyə gəlsəniz dəhşətli şikayətlərlə tanış ola bilərsiniz. Kənddə hamı bu gündədi, bircə villası olan, Cip sürənlərdən başqa. Belə adamlar imkanı ola – ola sosial yardım alır, biz isə sürünürük. Mən sizin vasitənizlə DSMF-nin sədri Elman Mehdiyevə müraciət edirəm ki, mənə kömək eləsin.
***
Şikayətçi bizə İlqar bəyin 055-537-88-36 nömrəli mobil telefonunu da təqdim etdi. Gün ərzində həm şikayətçinin və həm də bizim İlqar bəyə bir neçə dəfə telefon zəngimiz cavabsız qaldı. Amma bütün hallarda qarşı tərəfi də dinləməyə hazırıq.
Xatırladaq ki, aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayeva həbs edildi. Görünür bütün bu olanlar DSMF – nun əməkdaşlarını elə də qorxutmur.
“Təzadlar” qəzeti