Samir Əliyev: “Hacıbala Abutalıbov seçilmiş mer yox, təyin edilmiş icra başçısıdır”
“Paytaxtda beynəlxalq və yerli tədbirlər keçiriləndə və ya yağış və qar yağıntısı nəticəsində hansısa problem baş verdikdə, nəzərlər ilk növbədə, Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yönəlir. Çünki şəhər təsərrüfatı ilə bağlı ortaya çıxan problemlərə birbaşa məsul şəxs məhz icra hakimiyyəti başçısıdır. Diqqət yetirdinizsə, Hacıbala Abutalıbovun vəzifəsini mer kimi göstərmədim. Üç hərfdən ibarət “mer” sözü əvəzinə özümə bir qədər əziyyət verib “icra hakimiyyətinin başçısı” yazmağa üstünlük verdim. Bunun səbəbi çox sadədir. Çünki Hacıbala Abutalıbov şəhər meri deyil, yalnız icra hakimiyyətinin başçısıdır”,- deyə ekspert Samir Əliyev paytaxtda yeni mer seçkiləri ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən vurğulayıb.
Onun sözlərinə görə, mətbuat bir çox hallarda mahiyyətinə varmadan, rahat olsun deyə onu həmişə mer kimi təqdim edir: “Axı, baş nazirə necə prezident demək olar və ya naziri hansı əsasla millət vəkili kimi təqdim etmək olar? Onlardan biri seçilir, digəri isə təyin olunur. Biri onu seçənə, digərə isə onu təyin edənə hesabatlıdır. Buna görə də Hacıbala Abutalıbov seçilmiş mer yox, təyin edilmiş icra başçısıdır. Çünki cənab başçı Bakı sakinləri yox, onu təyin edən prezident qarşısında hesabatlıdır”.
Ekspert qeyd edir ki, Azərbaycan Avropa Şurasının üzvü olan yeganə ölkədir ki, onun paytaxtında mer institutu yoxdur və şəhərin rəhbəri mer deyil: “Paytaxt İcra Hakimiyyəti tərəfindən idarə olunur. Halbuki Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi bununla bağlı 2 dəfə Tövsiyə verib. Elə sonuncu - 2012-ci ildə qəbul etdiyi 326 saylı Tövsiyədə qeyd edilir ki, ölkənin paytaxtı Bakı şəhərinin demokratik yolla seçilmiş və bütün ərazini əhatə edən vahid şura tərəfindən deyil, yalnız prezidentin qarşısında hesabatlı olan və üzərində heç bir demokratik nəzarət aləti olmayan icra hakimiyyəti orqanı tərəfindən idarə edilir. Eyni zamanda qeyd edilir ki, paytaxt şəhəri kimi Bakının statusuna münasibətdə qanunvericilikdə olan boşluqlar var. Konqress tövsiyə edir ki, Bakı şəhəri haqqında qanunun qəbul edilməlidir. Hakbuki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunun 5.9-cu maddəsinə görə Bakı şəhəri haqqında qanun qəbul edilməlidir.
Azərbaycanın da qoşulduğu və 2011-ci ildə ratifikasiya etdiyi Yerli özünüidarəyə dair Avropa Xartiyasına əsasən, dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Vətəndaşlara yaxın hakimiyyət isə təbii ki seçkili orqanlardır”.
Samir Əliiyev həmçinin bildirir ki, Avropa Şurası üzv olan dövlətlərin paytaxt şəhərlərində demokratik mühitdə seçilmiş bələdiyyələrin yaradılması şəraitini müəyyənləşdirən “Paytaxt şəhərlərinin statusu haqqında” 219 saylı və “Paytaxt şəhərlərinin idarə olunması haqqında” 133 saylı tövsiyələri əsas gətirərək qeyd edir ki, digər şəhərlərdən fərqli olaraq xüsusi əhəmiyyətə malik paytaxt şəhərləri vahid yerli özünüidarə hökumətinə malik olmalıdır. Paytaxt şəhərlərinin təyin olunmuş icraedicilər və ya yerli idarə orqanları tərəfindən idarə edilməsi Xartiyanın məqsədlərinə ziddir. Avropa Şurası yerli özünüidarəetmə sistemi mövcud olmayan paytaxt şəhərlərində bu cür idarəçilik sisteminin yaradılmasını və paytaxt şəhərlərinin müvafiq qanunverici və icraedici orqanlarının səsvermə əsasında seçilməsini tövsiyə edir.
Yerli və Regional Hakimiyyətlər Konqresi 326 saylı Tövsiyəsində Şuranın Nazirlər Komitəsinə müraciət edib. Müraciətdə qeyd edilir ki, Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinə Bakı şəhərinin yerli hakimiyyətinin (idarəetmə orqanlarının) demokratik seçilməsi sisteminin yaradılmasını nəzərdən keçirməyi təklif etməlidir. O Komitəyə ki, Azərbaycan mayın 13-dən başlayaraq 6 ay müddətinə ona sədrlik edəcək.
musavat.com