Türkiyə millisinin baş məşqçisi Fatih Terimin qızı Busənin toyu nəzərdə tutulan vaxtda baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, buna Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəza səbəb olub.
Belə ki, mayın 16-da keçirilməli olan mərasim qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Bu barədə mətbuata açıqlama verən Terim və Bahçekapılı ailələri bildiriblər ki, ölkədə faciə yaşanması bu addımı atmalarını qaçılmaz edib: “Türkiyə hazırda böyük bir faciə yaşayır. Hələ də bir çox ailə ümid və həyəcan içində öz doğmasından xəbər gözləyir. Yaşanan bu faciəni biz də hiss edib, ürəyimizin və beynimizin ən dərin hissəsində acılar çəkirik. Ölkə olaraq, böyük bir faciəni paylaşmağımız lazım olan bir müddətdə övladlarımızın toyunu keçirməyi doğru saymadıq. Belə böyük acıların olmaması ən böyük istəyimizdir. Bu böyük faciədə itirdiyimiz insanlara Allahdan rəhmət, ailələrinə səbr və dözümlülük diləyirik. Ölkəmizin və millətimizin başı sağ olsun”.
Qeyd edək ki, kömür mədənində baş verən qəzada ölənlərin sayı 232-yə çatıb.