Diktatorlar üçün Kənan Evren dərsi

13-05-2015, 09:05   

Hakimiyyəti zor gücünə zəbt edənlər sonda tək qalmağa məhkumdular
Dünya ibrətlərlə doludur. Təəssüf ki, ibrət götürənlər, nəticə çıxaranlar azdır. Tarix bizə çox nümunələr göstərib, zaman çox gizlinləri aşkar edib. Kimlərsə keçmişə baxaraq düzgün qərar qəbul edib və gələcəyə ağılla davam edib. Diktatorlar, zülmkarlar, xalqın və dövlətin qəsdinə duranlar isə sonrakı dövrlərdə yalnız lənətlə anılıblar. Amma xalqın, dövlətin maraqları naminə çalışanlar, zülmə qarşı savaşanlar, haqqı tapdananın yanında olanar isə əsrlər sonra da xatırlanır, rəğbətlə anılır və müsbət nümunə kimi gələcəyə ötürülür.
Bugünlərdə Türkiyənin keçmiş prezidenti Kənan Evren 98 yaşında vəfat etdi. O, 1917-ci ildə doğulmuşdu. 1980-cı ilin 12 sentyabrında dövlət çevrilişi edərək ordu ilə birlikdə hakimiyyəti mənimsəmişdi. Sonradan parlamenti də ləğv etmiş və 1982-89-cu illərdə Türkiyə prezidenti olmuşdu.ÿ 2004-cü ildə haqqında cinayət işi qaldırılıb və ordu generalı rütbəsi əlindən alınıb. Məhkəmənin hökmü ilə ömürlük həbs cəzası alıb. Amma ağır xəstəlikdən əziyyət çəkdiyi üçün müalicə aldığı xəstəxanada dünyasını dəyişdi və bu gün hamı bu hadisədən danışır. Məlumata görə, onun hakimiyəti dövründə 600 mindən artıq insan şübhəli şəxs qismində saxlanılmış, 10 minlərlə insan işgəncəyə məruz qalmış, 50-dən artıq insan edam edilmişdi. Ümumiyyətlə, 12 sentyabr tarixinin Türkiyə insanı üçün ən faciəli tarixlərdən biri olduğu bildirilir. Bəli, Kənan Evren ordu ilə birlikdə hakimiyyət çevrilişi etdi, ölkənin 7-ci prezidenti oldu və ömürlük həbsə məhkum edildikdən sonra ağır xəstəlikdən öldü.
Bütün bunları ona görə xatırlatdıq ki, bugün Türkiyədə Kənan Evrenin ölümü sadəcə xəbər kimi yayımlandı. Nə dəfnində kütləvilik, nə gözlərdə yaş, nə də cəmiyyətdə hüzn vardı. Bəli, 25 il öncə prezident olmuş şəxsin ölümü bugün laqeydliklə yad edilir. Ancaq bir vaxtlar asıb-kəsən, qorxu yaradan, insanların alqışını və diqqətini qazanan adam idi. Zaman göstərdi ki, qorxu üzərində qazanılmış uğur və hörmət müvəqqətidir. Ilk büdrəmə anaında hər kəs səni atır, nifrətini ifadə edir, hətta zərbə endirmək istəyir. Ona görə də hər kəs hakimiyyət kürsüsündə oturanda keçmiş təcrübələri gözdən keçirməlidir. Xalqa zülm etməyin, işgəncələr verməyin, ölümlərə, qanlara bais olmağın nəticəsini dərk etməlidir.
Amma tarixdə Əbülfəz Elçibəy nümunəsi də var. Əbülfəz Elçibəy dünyasını dəyişəndə prezident deyildi və heç bir səlahiyyəti yox idi. Amma onun dəfnində 10 minlərlə insan iştirak edirdi, insanlar yas içindəydi və bugün də hər bir vətəndaş - Elçibəy millətini və dövlətin sevən adamıydı... deyir. Hər kəs onun adı gələndə “Allah rəhmət eləsin” deməyi özünə borc bilir. Çünki, Elçibəy vəzifəsindən sui-istifadə etmədi, qardaş qanı tökmədi, rəqiblərini şərləyib həbs etdirmədi. Heç kim onun haqqında “pis adam” ifadəsini işlədə bilmir. Hətta düşmənləri də onun haqqında mənfi fikir söyləməkdən çəkinir.
Ibrət də məhz burdadır. Hakimiyyətə çevrilişlə gələnlərin də, xalqı hakimiyyətdən üstün tutanların da tablosu göz önündədir.
Bugün Azərbaycana rəhbərlik edənlər də çevrilişlə hakimiyyətə gəldilər və bugünə qədər saxta seçkilərlə hakimiyətdə qalırlar. Əliyev hakimiyyəti dövründə vicdanlı insanlar şərlənərək həbs edildi, fərqli fikir daşıyıcıları təzyiqlərlə üzləşdi, ölkənin sərvətləri talan edildi, vətəndaşa heç bir güzəşt olunmadı, hamıdan yaltaqlıq tələb olundu, korrupsiya dəyərə çevrildi və s.
Amma bütün bu təmtaraqlar, yalançı təriflər, mətbuatın, telekanalların, sənət adamlarının, ziyalıların yaltaqlığı müvəqqətidir. Sonda hər kəs layiq olduğu qiyməti alacaq və qorxu sayəsində əldə edilmiş hörmət yoxa çıxacaq. Kənan Evrenin belə ölümü ibrət götürmək üçün növbəti hadisə oldu. Düşünün cənablar, düşünün.
Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.