Bakıda yeni sirli milyarder peyda olub. O, Azərbaycan paytaxtının bütün mərkəzi ərazilərini satın almaqda davam edir.
Səbail rayonunun Xanlar və Qurban Abbasov küçələrində, həmçinin paytaxtın bütün məşhur və dəbdəbəli hissələrində bir-birinin ardınca lüks saray və imarətlər ucalır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun şəxsən imzaladığı sənəd və sərəncamların təhlili isə bir neçə il ərzində dəbdəbəli mülklər tikməyə nail olmuş həmin sirli milyarderin kimliyini müəyyən etməyə kömək edir.
Bəs bu otellərin, torpaq sahələrinin, yeni lüks tikililərin sahibi kimdir?
Sənədlərdə bir adamın adı keçir – Bayıldakı bu gözəl mülklərin sahibi odur. Onun adı belədir: Niyaz Ravil oğlu Orucov.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Səbuhi Hüseynov vəkil Kamandar Nəsibovun sorğusuna göndərdiyi 20 fevral, 2015-ci il tarixli cavabında Bakının mərkəzindəki ən bahalı tikililərin sirli sahibinin kimliyi məsələsinə nəhayət ki, aydınlıq gətirir: “Niyaz Ravil oğlu Orucov 2009-cu il, sentyabrın 1-dən etibarən “Azİmport” şirkətinin mühasibi vəzifəsində çalışır. Onun aylıq maaşı isə 300 manat təşkil edir”.
Çox gözəl! Çox təzadlıdır, amma real faktdır. Maaşı vur-tut 300 manat olan bir adam köhnə mənzilləri 3 milyon manata ala bilir (üstəlik bu pulların böyük hissəsi evsiz-eşiksiz qoyulan mənzil sahiblərinə çatmır), 1 kvadratmetr yaşayış sahəsinin qiymətinin daşınmaz əmlak bazarında hətta indiki dəyərləndirmələrlə 3-4 min manat olduğu Səbayel rayonunda tikinti işlərinə on milyonlarla manat sərmayə qoya bilir…
Bəs sadə bir mühasib bu qədər bahalı tikili və mülklərin sahibi olmağa, onları əldə etməyə necə nail olub? Necəliyini deyək…
2014-cü il, iyunun 26-da vətəndaş Niyaz Orucovla “Feniks AA” MMC şirkətinin direktoru Raqif Rafiq oğlu Həbibov arasında tikinti işlərinin başlanmasına dair müqavilə imzalanır. Aylıq maaşı cəmi-cümlətani 300 manat olan mühasib podratçı kimi çıxış edərək Xanlar küçəsində ofis mərkəzinin tikintisini sifariş edir.
Lakin bu məsələdə ən maraqlı detal odur ki, həmin binanın tikintisi müqavilənin imzaladığı günlərdə artıq ildırım sürəti ilə gedirdi. Başqa sözlə, burada tikinti hələ 2013-cü ilin sonlarında, yəni podratçı ilə tikintiyə dair müvafiq müqavilənin imzalanmasından yarım il əvvəl başlamışdı. Və bu tikinti işləri Hacıbala Abutalıbovun 13 sentyabr, 2013-cü il tarixli sərəncamına zidd olaraq aparılırdı.
Belə ki, BŞİH başçısı özünün 357 saylı sərəncamı ilə aylıq maaşı 300 manat olan mühasib Niyaz Orucova Xanlar küçəsindəki köhnə tikililəri sökmək və yerində yeni yaşayış binasını LAYİHƏLƏNDİRMƏK icazəsi verir (özü də Səbayel Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında). Beləliklə də Orucov yeni bina tikmək yox, yalnız yeni binanın layihəsini hazırlamaq icazəsi alır.
Amma bunlar mühasib üçün xırda məsələlər idi. Aydın məsələdir ki, iş onluq deyildi…
Daha bir qanun pozuntusu. H.Abutalıbov öz sərəncamında açıq-aydın şəkildə qeyd edirdi ki, burada söhbət yaşayış binasının layihəsinin hazırlanmasından gedir. Qeyd etdiyimiz kimi, N.Orucovun “Feniks AA” MMC ilə müqaviləsində isə söhbət ofis kompleksinin tikilməsindən gedirdi. Sonda meydana yenə də yaşayış evi yox, ofis kompleksi çıxır!
Lakin daha bir dəhşətli qanun pozuntusu ilə müqayisədə hətta bu da xırda məsələdir. H.Abutalıbov 2013-cü il, sentyabrın 13-də Xanlar küçəsindəki köhnə, uçuq-sökük tikililərin söküntüsünə icazə vermişdi. Halbuki bu küçədəki bütün tikililər “Azİmport” şirkəti tərəfindən hələ 2012-ci ildə sökülüb yerlə-yeksan edilmişdi. Yəni adıçəkilən şirkət bütöv bir küçədəki tikililəri BŞİH başçısının icazəsi, sərəncamı olmadan söküb dağıtmışdı! Yəni bu şirkət özünü o qədər cəzasızlıq mühitində, o qədər arxayın hiss edirdi ki, Bakının mərkəzindəki bütöv bir küçəni Bakı merinin icazəsinə, bu haqda qərar verməsinə hələ xeyli qalmış söküb köçürə bilirdi. Vəziyyətin nə qədər absurd olduğunu görürsünüzmü?
Lakin bu şirkətin tarixçəsindəki daha bir dəhşətli faktın müqabilində hətta bu da xırda-xuruş məsələdir. Məsələ burasındadır ki, “Azİmport”un yenicə meydana çıxmış milyarder mühasibi Niyaz Orucov FHN-dən “tikinti pasportu” deyilən sənəd, yəni inşaat işlərinə icazə verən arayış da alıb. Amma nə vaxt? Yalnız 2014-cü il, fevralın 14-də. Yəni bu və digər binalar artıq tikilib başa çatandan xeyli sonra!
Maraqlıdır ki, sirli milyarder Niyaz Orucovun bütün tikinti layihələri ilə bağlı eyni vəziyyət hökm sürür.
Bizim bu sirli (mifik deməyək) şəxsi axtarıb tapmaq cəhdlərimiz təəssüf ki, heç bir nəticə vermədi. Lakin sual yaranır: əslində belə bir adam – aylıq 300 manat maaşla milyarderə çevrilən mühasib varmı?
Biz N.Orucovu niyə axtarırdıq? Ona belə bir sualımız vardı: o, bu mifik personajla uzun-uzadı məhkəmə çəkişməsi aparan Xanlar küçəsi sakinlərinə niyə ədalətli kompensasiya ödəməyib?
Axı BŞİH-dən verilən məlumata görə, tikintini aparan şəxs evi sökülən sakinlərə ədalətli kompensasiya ödəməyə borclu idi. Lakin sakinlərin çoxu pullarını hələ də ala bilməyiblər.
Virtualaz.org saytının bu araşdırmaların nəticəsi olaraq dövlət hakimiyyəti orqanları nümayəndələrinə də verəcəyi sual var: Bakının bu mərkəzi küçələrindəki evlərin alqı-satqısı əməliyyatını niyə icra hakimiyyətinin nümayəndələri yox, məhz sirli milyarder-mühasib Niyaz Orucov həyata keçirib? Bu Niyazovun milyonlarının mənşəyi Vergilər Nazirliyinə və digər aidiyyəti hakimiyyət orqanlarına məlumdurmu? Tikinti sektorundan tamamilə uzaq olan bu adam Bakının mərkəzində unikal arxitekturalı binalar tikmək icazəsini hansı xidmətlərinə görə ala bilib?