Dövlət bankını soyanların arxasından kimlər var - Şok faktlar

14-05-2015, 08:32   
Dövlət bankını soyanların arxasından kimlər var - Şok faktlar

Cahangir Hacıyev də “göz altında!”; Hakimiyyət “öz içində” təmizləmə aparmaqla ölkədə siyasi baxışlarına görə həbslərin aparılmadığına dair dəlil ortaya qoymuş oldu; “Beynəlxalq Bank işi” bir sıra vəzifəli məmurların gizlətdiyi biznesini, onlara bağlı şirkətləri və iş adamlarını ortaya çıxarıb

İş adamlarının həbsi ölkə gündəminin əsas mövzularını arxa plana keçirib. Bu həbslərin Beynəlxalq Banka kredit borcuna görə aparıldığı iddia olunur; amma hüquq-mühafizə orqanları hələ ki rəsmi məlumat yaymağa tələsmir. Həbslərin məhz dövlət bankına kredit borcuna görə aparılmasını iş adamları barədə yalnız məhkəmənin qərarı-dələduzluq maddəsi təsdiqləyir.

Xəbərlərə görə, banka borcu olanların bəziləri həbsdən yalnız bir şərtlə qurtula biliblər: borclarını son qəpiyinədək qaytarmaqla. Məntiqlə ədalətli qərardır. Dövlətin pulunu (Beynəlxalq Bankın səhmləri dövlətə aiddir) qaytar, azadlığını qoru.

Dövlət bankını soyan bu adamların məlum olan siyahısı rəngarəngdir: sabiq icra başçısından tutmuş keçmiş deputata, şirkət müdirinə, holdinq rəhbərinə kimi...Mayın 13-də adı yaddaşlardan çoxdan silinən sabiq deputat, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov saxlanılıb. O, mühafizəçiləri, xadimələri də daxil olmaqla, bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. “Xəzər adaları” layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmli də dünəndən istintaq altındadır. Onun borcu isə nə az-nə çox, 70 milyon dollardır. Onun Beynəlxalq Bankla əlaqədar istintaqa çağırıldığı və 10 saat dindirildiyi Hacı İbrahimin rəhbərlik etdiyi holdinq tərəfindən rəsmi olaraq təsdiqlənib...



Dünyamin Xəlilov

* * *
İddiaya görə, prezidentin etibarından istifadə edərək dövlətin pullarını müxtəlif adamlara verən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev istefa verən tarixdən, yəni martın 18-dən bəri “göz altındadır”. Ondan borclularla bağlı bütün məlumatlar alınıb, müqavilə sənədləri götürülüb və borcluların siyahısı tutulub. Xəbərlərə görə, C.Hacıyev “müdafiəsi”ni əvvəldən etibarlı qurub, belə ki, kimə nə qədər kredit verilməsi ilə bağlı ona yüksək vəzifəlilərin etdiyi xahişləri (zamini) də fiksə edib. Ölkənin ən iri bankına 14 il rəhbərlik etmiş C.Hacıyev bank-maliyyə sektorunun önəmli simalarından biri olmaqla yanaşı, ölkə prezidenti İlham Əliyevin ən yaxın çevrəsinə daxil olan şəxs kimi tanınırdı. Onun prezidentin inamını tam itirdiyi, amma istintaqa kömək etməsi səbəbindən azadlıqda saxlanıldığı da iddialar arasındadır.



Müxtəlif adamların Beynəlxalq Bankdan külli miqdarda kredit götürməsində vəzifəli məmurların da əlinin olduğuna dair xəbərlər sensasiya deyil. Məlumdur ki, iş adamlarının böyük əksəriyyəti oliqarx-məmurlara bağlıdırlar. Bu bağlılıq “krışalıq” səviyyəsində də var, şəriklik səviyyəsində də. Hətta bəziləri “iş adamı” kimi oliqarx-məmurların biznesinə rəhbərlik edərək məvacib alır. Xəbərlərə görə, “Beynəlxalq Bank işi” bir sıra vəzifəli məmurların gizlətdiyi biznesini, onlara bağlı şirkətləri, iş adamlarını ortaya çıxarıb. Bu adamlara külli miqdarda pul verilməsi, yəni zamin olmaq xahişini Beynəlxalq Bank rəhbərindən onlar edib. Onların kimliyi dəqiq bilinir və aydındır ki, C. Hacıyev heç vaxt astronomik borcun altına tək girməyə risk etməzdi və etməyib də. Amma faktı o zamana kimi gizlədib ki, neftin qiymətinin düşməsi ilə Maliyyə Nazirliyi devalvasiyadan qaçmaq üçün Beynəlxalq Bankı əlavə pul kütləsi verilməsi üçün “sıxıb”. Bu zaman məlum olub ki, banka borcluların sayı və borcun miqdarı astronomik həddədir və üstəlik, bu adamlar pulları ola-ola, borclarını qaytarmaq haqqında düşünmürlər belə...



Yəni faktiki hökumət çətin fakt qarşısında qoyulub və yumşaq devalvasiya mümkün olmayıb, bir gündə manat 33 faiz ucuzlaşıb. Etibarlılığı şübhə doğurmayan mənbə “Yeni Müsavat” a deyib ki, bəzi iş adamları C. Hacıyevdən və hakimiyyətdəki məmur dayaqlarından istifadə edərək devalvasiyadan bir neçə saat öncə Beynəlxalq Bankda külli miqdarda manatı dollara çeviriblər ki, bu da dövlətə çox baha başa gəlib. İndi istintaq həm də bu maxinasiyada qazanc əldə edənləri axtarır, tapır və cəzalandırır.

* * *



Nizami Piriyev

Həbsə düşənlərin, məsələn, Bakıda zavodu, obyektləri və daşınmaz əmlakları olan Nizami Piriyevin borcunu qaytarmadığı və ya buna imkanı olmadığı üçün indi istintaq təcridxanasında oturduğunu iddia etmək o qədər də inandırıcı görünmür. Demək, prezidentdən gələn daha bir qəti tapşırıq da var: həddini aşanları cəzalandırmaq! Məlumatlara görə, dövlətin pulunu kredit şəklində götürüb iş yeri, fabrik, istehsal müəssisəsi yaratmağı vəd edən bəzi iş adamları bu vəsaiti bir sıra qonşu ölkələrdə, eləcə də Avropada özlərinə biznes yaratmağa, lüks villalar almağa xərcləyiblər. Üstəlik, dövlətin pulunu geninə-boluna xərcləsələr də, xaricdə Azərbaycanın mənafeyi naminə iş görməyiblər. Piriyev də bu sıradadır...



* * *



Hacı İbrahim

İqtidarın bu həbslərə Avropa Oyunları ərəfəsi qərar verməsi də ciddi maraq doğurur. Hökumət bu həbsləri niyə Avropa Oyunlarından sonraya saxlamadı? Niyə yarışlar ərəfəsi məmur korpusuna bu və ya digər dərəcədə bağlılığı olanlar (məsələn, Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin qardaşıdır) ya istintaqa cəlb edilib, ya da həbsə atılıb?

İddialara görə, əsas səbəb bank soyğunçularının ölkədən qaçmaq ehtimalıdır. Onlar istintaqa cəlb edilməklə faktiki nəzarətə alınırlar, ölkədən çıxmaq yasaqlanır.



Rəşad Məmmədov

İkinci səbəb budur ki, prezident şəxsən bu mütəşəkkil dəstənin ifşasında (bunların içərisində Bayraq Meydanının sabiq rəhbərinin korrupsiya əməlləri də var) və cəzalandırılmasında maraqlıdır. Daha bir maraqlı xəbərə görə isə iqtidar bu istintaqların yekunu olaraq bir sıra məmurlarla vidalaşacaq, daha doğrusu, onlar canlarını həbsdən qurtardıqları üçün sevinəcəklər də...

Bu həbslər həm də hakimiyyətin yarışlar ərəfəsi imici üçün də vacibdir. Avropa Oyunları yaxınlaşdıqca iqtidara siyasi məhbuslarla bağlı qınaqlar da artır. İndi hakimiyyət “öz içində” təmizləmə aparmaqla ölkədə siyasi baxışlarına görə həbslərin aparılmadığına dair dəlil ortaya qoymuş olur...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.