Riqa sammiti – it hürən, yoxsa işıq gələn səmtə gedirik?

14-05-2015, 09:12   
Riqa sammiti – it hürən, yoxsa işıq gələn səmtə gedirik?


Yeganə Hacıyeva: “Rusiya öz tərəfdaşlarını gizli və açıq şəkildə Riqa zirvəsinə qatılmamağa təhrik edir”
“İndi Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı özünün həssas dövrünü yaşayır. Hətta bu ərəfədə gözlənilən Riqa sammiti də getdikcə artan sualların hamısını cavablandıra bilməsə də daha çox nəzərlər Azərbaycana yönələcək”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında bir dönəm Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan üzrə koordinatoru olmuş iqtisadçı-ekspert Qubad İbadoğlu qurumun mayın 20-22 də keçiriləcək zirvə görüşünü şərh edərkən deyib.

İbadoğlu deyir ki, Avropa Birliyi Azərbaycanın bu sammitdə yüksək səviyyədə təmsil olunmasında və sazişlərin imzalanmasında maraqlıdır: “Çünki Güney Qafqaz regionunda Rusiyanın Avropadan ala biləcəyi yeganə ölkə Azərbaycandır. Azərbaycan da indiyə qədər Rusiya ilə bu qədər yaxın və Qərbdən indiki qədər uzaq olmayıb. Təbii ki, ölkənin xarici siyasət kursunda balanslaşdırmaya üstünlük verməsi ənənəvi olaraq iki qütb arasında hərəkəti zəruri edir. Amma Azərbaycana bu siyasəti davam etdirmək indiki zamanda olduğu qədər heç vaxt çətin olmayıb.

Son zamanlar Rusiyanın artan təzyiqləri AB və ABŞ münasibətdə Azərbaycanın mövqeyində dəyişikliklər yarada bilər. Əgər yaxın zamanlarda Azərbaycan həmin təzyiqləri neytrallaşdırarsa, Riqa sammitində prezident səviyyəsində iştirak edəcək. Əks təqdirdə, nümayəndə heyətinə xarici işlər naziri başçılıq edəcək. İstənilən halda mən Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında ”Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Razılaşması"nın (DCFTA) imzalanmasını gözləmirəm".



Qubad İbadoğlunun fikrincə, bu mərhələyə qədər Azərbaycan müəyyən mərhələ keçməlidir: “Riqa sammitində ən yaxşı halda ”Strateji Modernləşmə Sazişi" imzalana bilər ki, bu sənəd də aralıq dövründə Avropa Birliyi ilə Azərbaycan arasında münasibətləri tənzimləməyə xidmət edəcək. Düşünürəm ki, indiki situasiyada Avropa Birliyinin Riqa Sammitinə qatılmaq Azərbaycan üçün çox önəmlidir. Azərbaycan nümayəndə heyətinə dövlət başçısının, yoxsa nazirlərdən birinin rəhbərlik etməsi ilə bağlı son qərar Rusiyanın bu məsələ ilə bağlı mövqeyindən asılı olacaq".

“AB iqtisadi və təhlükəsizlik sahəsində güvənli tərəfdaşı olan rəsmi Bakının Strateji Modernləşmə Proqramı çərçivəsində vacib olan islahatlar aparmayacağından narahatdır”


“125-lər” Siyasət Klubunun üzvü Yeganə Hacıyeva isə düşünür ki, Riqa zirvəsində Avropa Birliyi Şərq Tərəfdaşlığı sahəsində dostlarını və qeyri-dostlarını müəyyən edəcək: “Sammit çərçivəsində 3 irimiqyaslı tədbir - media problemləri ilə bağlı konfrans, vətəndaş cəmiyyəti forumu və biznes forum keçirilməsi planlaşdırılıb. Mayın 7-də Brüsseldə Riqa Sammiti öncəsi Avropa Birliyi xarici işlər nazirlərinin görüşü Azərbaycan, Belorus və Ermənistan üçün ŞTP (Şərq Tərəfdaşlığı Proqramı) çərçivəsində ilə ticarət imkanlarının müzakirəsi oldu. AB-nin ŞTP-dəki digər üç ölkə - Moldova, Gürcüstan və Ukrayna ilə münasibətləri aydındır. Riqa sammitində məhz Azərbaycan, Belorus və Ermənistanla münasibətlərin imkanları dəyərləndiriləcək. Avropa Birliyi 6 ölkə ilə qarşılıqlı əlaqələr qurulmasında məhz individual yanaşmanı prioritet seçib. Riqa sammitində altı tərəfdaş ölkə ilə bir necə məsələnin - viza rejiminin sadələşdirilməsi, qısamüddətli səfərlər zamanı viza tətbiqinin ləğv olunması, sektoral əməkdaşlıq, tərəfdaş ölkələrdəki islahatların Avropa Birliyi tərəfindən dəstəklənməsi, ölkələr arasında ictimaiyyət nümayəndələrinin və cəmiyyətlərin qarşılıqlı əlaqələrinin inkişafı, energetika , nəqliyyat və digər sahələrdə işbirliyinin dəyərləndiriləcəyi gözlənilir. Bundan başqa, samitdə yüksək siyasi səviyyədə aparılacaq diskussiyalarda Avropa Qonşuluq siyasətinə yenidən baxılması və əlavələr edilməsi üçün əla şans yaranıb. Ukrayna faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir. Belə bir halda Avropa Birliyinin şərq qonşularına dəstəyi önəmlidir. Bu sammitdə müzakirəyə çıxarılacaq əsas məsələlərdən biri Avropa Birliyinin Ukrayna və Gürcüstanla viza rejimin qaldırılması üçün konkret addımların atılması olacaq”.



Yeganə Hacıyevanın sözlərinə görə, Rusiya Riqa sammitini Qərbin ona qarşı növbəti addımı kimi dəyərləndirir və öz tərəfdaşlarını gizli və açıq şəkildə zirvəyə qatılmamağa təhrik edir: “AB Ukraynaya birtərəfli imtiyazlı şərtlərlə ticarət əlaqələri təklif edib. Bu çox böyük dəstəkdir. Sadəcə, konflikt üzündən Ukrayna bu dəstəkdən tam olaraq yararlana bilmir. AB-nin Ukrayna vətəndaşlarına vizasız girişin tətbiq olunmasını yubatmasının əsas səbəbi isə təbii, Rusiya ilə konfliktə görə AB zonasına aktiv miqrasiya olacağı qorxusudur. Ukrayna vizasız zonaya daxil edilsə aktiv miqrasiyanı önləmək üzrə fəaliyyət planı artıq hazır olsa da Avropa komissiyaları Ukraynanın bu proqramı tam həyata keçirə biləcəyinə şübhə edir. Proqramın əsas şərti sərhəd-gömrük sistemində islahatlar aparılmasıdır . Müharibə vəziyyətində olan ölkənin bunu edə biləcəyi böyük şübhə altındadır”.

“Sammitdə yüksək siyasi səviyyədə aparılacaq diskussiyalarda Avropa Qonşuluq siyasətinə yenidən baxılması və əlavələr edilməsi üçün əla şans yaranıb”


Y.Hacıyevanın fikrincə, Riqa zirvəsinin ən təəccüblü məqamı Belorusla bağlıdır. Belorus-Qərb münasibətləri yaxınlıqdan çox uzaq olsa da, Riqada Belorusun sadələşdirilmiş viza məkanına daxil edilməsi gözlənilir: “Sammitin gündəliyinə bu haqda sazişin paraflanması salınıb. Diqqətlə baxsaq, görəcəyik ki, son iki ildə Belorus Avropa Birliyinin diqqəti mərkəzindədir. AB-nin qonşuluq siyasəti proqramlarını həyata keçirən qurumları Belorusun siyasi qurumları, vətəndaş cəmiyyəti institutları, eləcə də gənclər təşkilatları ilə təmaslarını artırıb. Böyük ehtimalla yaxın illərdə Qərbin bu açılımı Belorus cəmiyyətində ciddi inkişafa səbəb olacaq. Rəsmi Minskin Avropa Birliyi ilə qonşuluq siyasəti haqqında mövqeyini ölkənin NATO və AB-dəki nümayəndəsi Yevdiçenko açıqlayıb. Cənab Yevdiçenko deyib ki, ölkəsinin Avropa Birliyi ilə heç bir problemi yoxdur, Qərblə gərgin münasibətlərin mülayimləşməsi rəsmi Minskin maraqlarına uyğundur”.

“Riqa sammitində məhz Azərbaycan, Belorus və Ermənistanla münasibətlərin imkanları dəyərləndiriləcək”


Azərbaycana gəlincə, “125-lər”in təmsilçisi deyir ki, Riqa sammitindən gözləntilər çoxdur: “Azərbaycanın təmsilçiliyi ciddi və yüksək səviyyədə olacaq. Riqa sammitinə hazırlıq çərçivəsində bu il aprelin 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Riqada olub. Azərbaycan və AB münasibətlərin müzakirəsi zamanı ölkəmizin sammitə təmsilçilik fəaliyyət planını təqdim edib, Şərq Tərəfdaşlıq Proqramının regional təhlükəsizlik baxımından üstünlükləri, Güney Qafqazın digər məsələləri, problemlər haqqında müzakirələr aparılıb. Ümumiyyətlə, AB və Azərbaycan arasında münasibətlərin hansı səviyyədə davam edəcəyi ilə bağlı narahatlıqlar var. Avropa Birliyinin təklif etdiyi assosiativ üzvlükdən imtina edən rəsmi Bakı daha çox Strateji Modernləşmə Proqramları üzrə əməkdaşlıqda maraqlıdır. Strateji Modernləşmə Proqramı bir sıra daxili islahatları nəzərdə tutur. AB iqtisadi və təhlükəsizlik sahəsində güvənli tərəfdaşı olan rəsmi Bakının Strateji Modernləşmə Proqramı çərçivəsində vacib olan islahatlar aparmayacağından narahatdır”.

“İstənilən halda Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Razılaşmasının (DCFTA) imzalanacağı gözlənilmir”


Y.Hacıyeva düşünür ki, sammitdə Azərbaycanda media, insan haqları, demokratiya və vətəndaş cəmiyyətinin durumu ilə bağlı müzakirələr olsa da konkret addımların atılacağı gözlənilən deyil: “Bu həm də keçən il vətəndaş cəmiyyəti üzvlərinin total həbsindən sonra Riqa sammitində təmsilçiliyin zəif olacağı ilə bağlıdır. Yüksək səviyyədə baş tutan siyasi müzakirələrdə isə hər zamankı kimi yalnız rəsmi Bakı təmsil olunacaq - ölkə daxilindəki siyasi qrupların heç biri sammitə dəvət edilməyib”.

Aygün MURADXANLIhttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.