Bakıda İlham və Heydər Əliyevlərin sitatları silinir

15-05-2015, 00:10   
Bakıda İlham və Heydər Əliyevlərin sitatları silinir
Bakının bəzi yerlərində, xüsusən də körpü və yeraltı keçidlərdən Heydər və İlham Əliyevlərə aid sitatlar, bəzi görkəmli yerlərdənsə mərhum ölkə başçısının – indiki prezidentin atasının portretləri yığışdırılır.
Məsələn, Babək körpüsünün başlanğıcında – Xalqlar Dostluğu Dairəsi yaxınlığında bir vaxtlar yazılmışdı ki, bu körpü prezident İlham Əliyevin sərəncamı ilə filan tarixdə tikilib. Amma bir müddətdir ki, həmin yazı pozulub, yeri isə boyanıb. Necə deyərlər həmin yazının izi-tozu da qalmayıb. Hərçənd şəhərin başqa yerlərində izləri tam silə bilməyiblər. Bu haqda az sonra…
Bu körpüdən bir qədər aralıda Ukrayna Dairəsi yaxınlığında keçmiş prezidentin nə vaxtsa əkdiyi ağacın qorunduğu Heydər Əliyev Parkı yerləşir. Parkda Heydər Əliyevin heykəli qalsa da, portreti yığışdırılıb. Ukrayna dairəsindəsə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillər yoxa çıxıb. Halbuki bir qədər əvvələ kimi gözətçi bura gələn quşları qovmaqla məşğul idi ki, şəkilləri bulamasınlar.
Ötən ay AzadlıqRadiosu yazmışdı ki, Heydər Əliyevin portreti Fəhlə prospektindən, metronun Qara Qarayev stansiyası yaxınlığından da götürülüb.
İndi də keçək sitatlara. Bunun üçün şəhərin mərkəzinə doğru addımlamalıyıq. Bir-iki ay əvvələ kimi demək olar ki, bütün yeraltı keçidlərdə prezident İlham Əliyevin sitatlarına rastlamaq olardı. Vaxtilə AzadlıqRadiosunun əməkdaşı saymışdı ki, şəhərin kiçik bir hissəsində – Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Milli Dram Teatrı, Daxili İşlər Nazirliyi və Heydər Əliyev adına Sarayın ətrafındakı yeraltı keçidlərin girişlərində İlham Əliyevin düz 12 sitatını oxumaq olar.
Amma bu gün 2015-ci il mayın 14-də həmin sitatların çoxu silinib. Hamısı deyə bilmirik, gördüklərimizi söyləyirik sadəcə. Məsələn, Milli Akademik Dram Teatrı ilə üzbəüz keçiddə sitatlar artıq yoxdur. Sitatlar pozulub və yeri açıqca bilinməkdədir.
Beş il öncə orda yazılırdı: «Azərbaycanın inkişafı uğurlu, dayanıqlı və uzun müddətli olacaqdır» və ya «Məqsədimiz ölkəmizi inkişaf etdirməkdir».
Milli Bankın çıxışındakı keçiddə oxumaq olardı: «Biz bütün işlərimizi ancaq və ancaq öz gücümüzə etməliyik – ulu öndər bizə bu yolu göstəribdir». Həmin keçidin başqa çıxışındasa həkk olunmuşdu: «Ölkəmiz güclənir, yeniləşir, müasirləşir».
Eləcə də Ayna Sultanova heykəlinin, “Gənclik” metrostansiyası yaxınlığında, “Xutor”dakı körpü, keçid və yolötürücü qovşaqlarda sitatlar yoxa çıxsa da, yerləri hələ də bilinir. Kobud desək, izitirmə əməliyyatı səliqəsiz aparılıb. Bəzilərinin yerinə suvaq vurulub, bəzilərinin yeri boyanıb.
Bəs, bu qızılı hərflərlə mərmər üzərinə həkk edilən sitatları pozmaqda məqsəd nədir? Gün ərzində Bakı şəhər İcra Hakimiyyətinə, eləcə də bir neçə rayon icra hakimiyyətinə zəng vursaq da, rəsmi cavab ala bilmədik. Bircə Xətai rayon icra hakimiyyətinin qəbul otağından faktı təkzib etmədən dedilər: “Səbəbini biz də bilmirik”.
Səbail rayon icra hakimiyyətindən bildirdilər ki, bu gün tədbir var və hamı ordadır deyə cavab verə bilməyəcəklər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.