Deputatlardan və müxalifətdən iş adamlarının həbsinə reaksiya gəldi

15-05-2015, 08:58   
Deputatlardan və müxalifətdən iş adamlarının həbsinə reaksiya gəldiÇingiz Qənizadə: “Dövlətin pulunu yeyib dağıdıblar, indi də cavab versinlər”; Pənah Hüseyn: “Tutulanları müxalifətin dəstəkləməsi ona görə mümkün deyil ki...”

Azərbaycanda yeni növ sahibkarların - böyük kreditlər alıb qaytarmayanların həbs dalğası başlayıb. “Beynəlxalq Bank işi” kimi gündəmə gələn proses maraqlı mənzərəni ortaya çıxarıb. Səhmlərindən yarıdan çoxu dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankı illərlə oliqarx-məmurlara, onlara tabe olan sahibkarlara kreditlər verib və həmin kreditlərin faizləri bir kənara, əsas hissəsini də geri ala bilməyib. Milyardlarla kreditə qol çəkən oliqarx-məmurlar buna baxmayaraq, Beynəlxalq Bankdan kredit almaqda çətinlik çəkməyiblər. Onlara hələlik naməlum səbəblərdən kredit verməkdə davam ediblər. Ümumilikdə 70-dən çox oliqarx-məmur istintaqa cəlb olunub, onlardan bəzilərini artıq azad ediblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub. Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmış iş adamlarından 14 nəfər sərbəst buraxılıb.

Xəbər verdiyimiz kimi, “Beynəlxalq Bank işi” üzrə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov saxlanılıb. Səbayel Rayon Məhkəməsi Rəşad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, R.Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır. E.Behbudov R.Məmmədovun dövlət tərəfindən vəkillə təmin olunduğunu və hazırda istintaq aparıldığını deyib.

R.Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Strateq.az Rəşad Məmmədovun anasının erməni olduğu haqda məlumat yayıb. Saytın xəbərinə görə, onun anası Aida Stepanovna Martirosovadır.

EEİG - tutulanların güc mərkəzi olub?


Qafqaz Xəbər Agentliyi tutulanlarla bağlı maraqlı məqamı üzə çıxarıb. Məlum olur ki, tutulan sahibkarların böyük əksəriyyəti EEİG - Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının üzvləridir. Qurumun spikeri əslən Nehrəmdən olan Kərim Əlirzayevdir. Agentlik xəbər verir ki, Kərim Əlirzayev bu vəzifədən əvvəl Sumqayıt gömrük idarəsində “inhisarçı” vəzifəsini yerinə yetirib. Ancaq sonradan işində problemlər ortaya çıxdığı üçün Azərbaycanı tərk edərək Türkiyədə özünə iş qura, EEİG-nin Türkiyə nümayəndəliyinin prezidenti ola bilib.
Agentliyin yaydığı xəbərdə xüsusi olaraq qeyd olunur ki, Azərbaycandan küsüb xarici ölkədə biznes quran oliqarxlar, sonradan öz doğma ölkəsinə qayıtmaq üçün EEİG təşkilatına üzv olurlar, yəni EEİG bu şəxsləri sanki reabilitasiya edir, onlara toxunulmazlıq statusu verir. Əks təqdirdə, vətənə qayıdanda onlara öz “şanlı keçmişlərini” yada salarlar. EEİG-nin fəaliyyətinin nədən ibarət olmasına gəlincə isə bu təşkilat hotellərə, yaxud hansısa qida məhsuluna, yaxud içkiyə EEİG-nin standartlarına uyğun olması haqda sertifikat verməklə məşğuldur.
EEİG-nin üzvü olmaq üçün ildə min avro pul ödəməlisən və sonra hər il həmin prosedur təkrarlanır. EEİG-nin 70-ə yaxın ölkədə nümayəndəlikləri var və həmin qurumun Azərbaycan üzrə prezidenti Nizami Piriyev, Türkiyə üzrə isə Kərim Əlirzayevdir. EEİG-nin rəsmi veb saytından da bəlli olur ki, EEİG-nin bir çox ölkələrdəki nümayəndəliklərinin prezidentləri azərbaycanlıdır. Onlar hamısı Kərim Əlirzayevin, Nizami Piriyevin və digərlərinin xeyir-duası ilə həmin nümayəndəliklərin prezidenti vəzifəsinə təyin olunublar. Qurumun ən iri fiqurlarından biri də Fərhad Əhmədovdur. Onun bu təşkilatda missiyası nə olub? Görəsən, tutulan “narazılar” EEİG-də toparlanmaqla nə etmək istəyiblər? EEİG-də toplaşanların həbsi təsadüfdürmü? Bu suallar açıqdır...

Deputatlar “həbslər davam edəcək” deyir




“Həbs olunanlar o pullara özləri üçün bağ, ev, obyekt alıb...” Deputat Çingiz Qənizadə qafqazinfo.az-a açıqlamasında son günlər ölkədə baş verən həbslərə münasibət bildirərkən belə deyib. Bildirib ki, bir neçə iş adamının, eyni zamanda Dövlət Bayraq Meydanının sabiq rəisinin həbs olunması və banklarda baş verən problemlər onları ciddi düşündürür: “Bu, gözlənilən idi, çünki müəyyən insanlar dövlətdən və banklardan külli miqdarda kredit adı ilə pullar götürərək onları təyinatı üzrə xərcləməyiblər. Onlar hətta kreditlərin vaxtında geri qaytarılması üçün görülən tədbirlərə reaksiya verməyiblər və beləliklə, həm banklarda pul qıtlığı yaranıb, həm də problemli kreditlərin həcmi artıb. Təəssüf hissi ilə qeyd edirəm ki, onların arasında cəmiyyətdə tanınan, böyük layihələrin sahibi olduğunu qeyd edən, bəzən də öz hərəkətləri ilə başqalarında ikrah hissi oyadanlar da var. İndi məlum olur ki, əldə etdikləri vəsaitlərin böyük əksəriyyəti kredit adı altında alınıb və təyinatı üzrə xərclənməyib. Bəziləri bu pullara özləri üçün bağlar, evlər, müəyyən obyektlər almaqla məşğul olub və qanunun tələblərini açıq şəkildə pozublar”.

Deputat qeyd edib ki, proses davam edəcək və bu, 2011-ci ildə prezidentin irəli sürdüyü korrupsiyaya qarşı mübarizə proqramının tərkib hissəsidir: “Bu talançılığa son qoyulmalı idi və prezident də yaxın zamanlarda belə bir fikir ifadə etmişdi. Manatın devalvasiyası zamanı və ondan əvvəlki proseslər göstərirdi ki, bir qrup insanlar, - onların arasında məmurlar da var, - belə çətin məqamda yenə də varlanmağa cəhd ediblər. Artıq biz burada aşağı təbəqə yox, orta təbəqə, iş adamları, sahibkarlar, bank rəhbərləri və dövlətdə müəyyən vəzifə tutan insanlardan söhbət getdiyini görürük. Məncə, bu həbs dalğası hələ bir müddət davam edəcək”. Ç.Qənizadə əlavə edib ki, kimliyindən asılı olmayaraq qanunu pozan, talançılıqla məşğul olan, ayrı-ayrı insanların mülklərini hədə-qorxu ilə alıb özləri üçün müəyyən obyektlər tikən insanlar qanun qarşısında cavab verməlidir: “Bu pulları geriyə qaytara bilsək, ölkədəki pul qıtlığının müəyyən hissəsinin də aradan qaldırılmasına nail ola bilərik”.



“Verilən kreditlərin geri qaytarılmaması Azərbaycan üçün ən böyük bəladır. Hökumət bunun qarşısını almaq, ayrı-ayrı iş adamlarında qalan vəsaitlərin geri alınması üçün sərt tədbirlərə əl atmalıydı, atdı da”. Bu sözləri aznews.az-a Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. O bildirib ki, həbslər davam edəcək: “Kredit borcları həddindən artıq çoxalmışdı. Banka borclar çoxdur, ona görə də belə proseslər gedir. Bu, gözlənilən idi. Çünki kredit borcları haradasa, 1 milyardı ötmüşdü. Biz dəfələrlə Milli Məclisdə kredit faizlərinin yüksək olması, kreditlərin qaytarılmaması məsələlərinə toxunurduq. Qərar qəbul olunub, müəyyən yoxlamalar keçirilir. Kim dövlətin qanun-qaydasını pozubsa, cəzasını çəkəcək. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, hələ bir müddət bu həbslər davam edəcək, qanunları pozan xeyli iş adamı cəzalanacaq”. Kimlərin həbs olunacağı məsələsinə gəlincə, V.Əhmədov bildirib ki, bu barədə əvvəlcədən proqnoz vermək çətindir: “Dövlətin əmlakı mənimsənilibsə, hər kəs başa düşməlidir, qanun var və o, məsuliyyətə cəlb oluna bilər. Bu, vəzifə sahibidir, məmurdur, şirkət rəhbəridir, fərq eləmir. Qanun qarşısında hamı eynidir. Söhbət Azərbaycan qanunlarının pozulmasından gedir”.

Müxalifətdən həbslərə reaksiya gəldi


Sahibkarların həbsi ilə bağlı müxalifət düşərgəsinin mövqeyi də deputatların mövqeyi ilə üst-üstə düşür.



Müsavat başqanının müavini Elman Fəttah “Yeni Müsavat”a açıqlamasında tutulanları sözün həqiqi mənasında sahibkar hesab etmədiklərini qeyd edib: “Hazırda həbs olunanlar maliyyə cinayətləri törədənlərdir. Daha az maliyyə cinayəti törədənləri cəzalandırmağa başlayıblar. Bununla belə, tutulanların hüquqları tapdanacaqsa, onlara qarşı qanunsuzluqlar olacaqsa, biz onların hüquqlarının tapdanmasına biganə olmayacağıq. Azərbaycanda hüquq sistemi elə biabırçı durumdadır ki, ən qatı cinayətkarların belə hüquqlarını pozurlar. Belə hallara Müsavat Partiyası həmişə etiraz edib. Əgər hazırda həbs olunan şəxslərə qarşı da eyni hərəkətlərə yol veriləcəksə, təbii ki, bununla razılaşmayacağıq. Dediyim kimi, bu, hakimiyyətin özünün maliyyə cinayəti şəbəkəsidir, daxili çəkişmələr nəticəsində daha az maliyyə cinayəti törətmişlər istintaqa cəlb olunublar”.



KXCP sədri Mirmahmud Mirəlioğlu deyir ki, tutulanları sahibkar adlandırmaq düzgün deyil: “Hakimiyyət bu adamlara imkan verib ki, dövlətin pulları hesabına varlansınlar, özlərinə şərait yaratsınlar. İndi də onların ”biçilməsi"nə qərar verilib, əmlaklarının müsadirə olunmasına “yaşıl işıq” yandırılıb. Bu adamlardan lazım gələndə qoçu dəstəsi, lobbiçi kimi istifadə edirdilər. Yəni hazırda baş verənlər sırf hakimiyyətin daxili işidir. Bu adamlara kredit verilməsi də, onlara həmin kreditləri yeyib-dağıtmağa şərait yaradılması da qanunsuz idi. Əgər vətəndaş kimi hüquqları pozulacaqsa, biz onları müdafiə edəcəyik".

Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının lideri Pənah Hüseyn bildirib ki, dövlət banklarının kredit verməsi ciddi nəzarət altındadır: “Hakimiyyətdaxili qruplaşmaların burada pay bölgüsü aparması da məlum məsələdir. Beynəlxalq Bankda belə bir durumun olması illər öncədən məlum idi. Eyni zamanda Beynəlxalq Bankın problemli kreditlər üzündən özəlləşdirilməsinin ləngidildiyi də aydın idi. Təbii ki, son dövrdə maliyyə böhranı bu problemi çılpaqlığı ilə ortaya çıxarmalı idi. Beynəlxalq Bankdan əvvəl oxşar durum ”Texnikabank"da yaşanmışdı. Bir günün içində bankın rəhbərliyi, idarəçiləri dəyişdirilmişdi. Bu yolla vəziyyətdən çıxmaq istəyirdilər. Amma bu yaxınlarda məlumat yayıldı ki, “Texnikabank” defolt ərəfəsindədir. Bank sektorunda baş verənlər iqtisadi proseslərin bazar iqtisadiyyatı qanunları əsasında yox, hüquq-mühafizə orqanlarının qanunları əsasında idarə edilməsinin təzahürüdür".



P.Hüseyn deyir ki, bu, bank sektorunda baş verən mənfi proseslərin başlanğıcıdır və belə həbslərin dalğasının davam etməsi labüddür: “Təəssüf ki, bu gün Azərbaycan iqtisadiyyatı başdan-ayağa bu modellə idarə olunur. Hazırda bu modelin bank sektorunda əmələ gətirdiyi böyük və katostrofik fəsadların aradan qaldırılmasına yönələn cəhdləri müşahidə edirik. Əlbəttə ki, dələduzlar cəzalanmalı, dövlətin vəsaitləri qaytarılmalıdır. Amma bu cür addımlar daha geniş miqyasda labüd olacaq. Bu proseslərin siyasi havadarlara gedib çıxacağını da söyləmək hazırda mümkün deyil”.

P.Hüseyn bildirdi ki, baş verənlər bir daha iqtisadiyyatla siyasətin ayrılması zamanının yetişdiyini göstərir: “Məmur-olqarx modelindən imtina olunmalıdır. Bu gün ölkə iqtisadiyyat ayrı-ayrı məmurların inhisarındadır. Bu model böyük fəsadlara gətirib çıxarıb. Bu gün həbs olunanlar hakimiyyətin öz adamlarıdır. Onları sahibkar kimi müxalifətin dəstəkləməsi də bu səbəbdən mümkün deyil”.


E.MƏMMƏDƏLİYEVhttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.