Patruşevin Bakı səfəri ilə NATO-nun Antalya sammitini birləşdirən tək mövzu; ekspert: “Radikal güclər Azərbaycanı öz hədəflərində saxlayır...”
Rusiya Təhlükəsizlik Şurasının katibi, general-mayor Nikolay Patruşevin iki günlük Bakı səfəri başa çatdı. Səfərlə bağlı mətbuata geniş açıqlamalar verilməsə də, aydındır ki, tərəflər Patruşevin, vəzifəsindən də göründüyü kimi, təhlükəsizlik sahəsində problemləri, ələlxüsus isə ortaq əhəmiyyət kəsb edən problemləri və təhdidləri ön planda müzakirə edib, fikir və informasiya mübadiləsi aparıblar.
Ortaq təhdid və ya problemlərdən biri də təbii ki, İŞİD təhlükəsidir. Bu təhlükə bütünlüklə Azərbaycanın, qismən və daha çox isə Rusiyanın cənub regionlarının üzərindən Domokl qılıncı kimi asılıb. Elə ötən ay Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini Sergey Smirnov Daşkənd toplantısında bəyan eləmişdi ki, İŞİD Rusiyada başqa terror təşkilatlarına nüfuz etməyə başlayıb və əksəri Şimali Qafqaz sakini olmaqla, 1700-ə yaxın Rusiya vətəndaşı hazırda onun sıralarında döyüşür: “Ümumiyyətlə, silahlı qruplaşmanın tərkibində 4 minə yaxın postsovet sakini var” - əlavə eləmişdi o.
Azərbaycan üçün də bu, ciddi problemdir. Ölkədə hüquq-mühafizə və məxfi xidmət orqanları nə qədər ayıq-sayıq olsa da, İŞİD özünə münbit və potensial ölkələrdən biri kimi Azərbaycanı da görür. Hazırda Bakıda məhkəməsi gedən azərbaycanlı İŞİD-çilərin açıqlamaları buna sübutdur.
Patruşevin Bakı ziyarəti həm də bu xüsusda aktuallıq kəsb edir. Ekspert rəyləri də vəziyyətin ciddiliyindən xəbər verir. Məsələn, rusiyalı politoloq Qriqori Trofimçuk axar.az-a açıqlamasında bildirib ki, “Bakı Avropa Oyunlarının təşkil zamanı əsas detallardan biri Azərbaycanın təhlükəsizliyidir”.
Onun sözlərinə görə, radikal qruplar Azərbaycanı hədəfə alıblar: “Patruşevin Bakıya səfəri sayəsində Moskva iki ölkə arasında münasibətlərin nəinki iqtisadi sahədə, həm də daha yüksək - təhlükəsizlik sferasında olduğunu nümayiş etdirir. Rusiya nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə edilən məsələlər bunu tam şəkildə təsdiqləyir. Tərəflər arasında müzakirə edilən əsas məsələlərdən biri regional problemlər və beynəlxalq təhlükəsizlik olub.
Birinci Avropa Oyunlarını zamanı əsas detallardan biri Azərbaycanın özünün təhlükəsizliyidir ki, bu da mühüm əhəmiyyət kəsb edir. Bunlar sırasında radikal baxışlara sahib olan qruplaşmalar var ki, onlar da Qərb koalisiyasının Əfqanıstandan çıxmasından sonra daha da aktivləşiblər”.
Ekspert bu kimi təhlükələrin qarşısının tam şəkildə alınması üçün birgə və koordinasiyalı fəaliyyəti zəruri sayır: “Məncə, radikal güclər Azərbaycanı öz hədəflərində saxlayırlar. Bu ölkə sosial inkişaf, təhsil, mədəniyyət sahəsində özünün müstəqil dünyəvi yanaşmalarını tətbiq edir. Keçmiş sovet məkanının cənubunda belə dövlət prinsiplərinə təəssüf ki, nadir hallarda rast gəlinir”.
“Təhlükəsizlik sahəsində aktiv və müntəzəm Rusiya-Azərbaycan əlaqələrini yalnız alqışlamaq olar. Əgər bu inam səviyyəsinə Qarabağ konfliktinin həlli sxemi də əlavə edilsə, o zaman Cənubi Qafqaz üçün heç biri xarici təhdid qorxulu olmayacaq” - əlavə edib politoloq. Xarici təhdidlərin ön sıralarında isə İŞİD hədələri də yer alıb.
Xatırladaq ki, Rusiya İŞİD-i rəsmən terrorçu qruplaşma kimi tanıyıb.
***
Təqdirəlayiqdir ki, bu arada NATO-nun XİN başçıları səviyyəsində Antalyada keçirilən sammitində də İŞİD mövzusu diqqət mərkəzinə gətirilib. Xəbər verildiyi kimi, zirvə görüşünə 28 üzv ölkənin təmsilçiləri, həmçinin Avropa Birliyi nümayəndələri və BMT-nin Baş katibinin Əfqanıstandakı xüsusi nümayəndə köməkçisi qatılıb.
NATO-nun baş katibi Jen Stoltenberq çıxışında İŞİD-lə mübarizə tədbirlərini müzakirə etməyin zəruriliyini qeyd edib. Türkiyə rəsmiləri isə İŞİD təhdidlərinə qarşı qərarlı bir şəkildə hərəkətə keçməyin vacibliyini vurğulayıblar. Belə ki, baş nazir Əhməd Davudoğlu İŞİD mövzusunda əməkdaşlıq çağırışı edib. Suriyada 12 milyon adamın vətənsiz qaldığını bildirən Davudoğlu Türkiyədə də 2 milyondan çox suriyalı olduğunu xatırladıb.
“Xərclərimiz 6,5 milyard dollara çatıb. Bütün beynəlxalq birliyin xərcləri 356 milyon dollar səviyyəsində çatıb. İŞİD-in idarəçiliyi altındakı torpaqlarla sərhədi olan tək ölkə kimi Türkiyəyə milli təhlükəsizlik təhdidi var. Beynəlxalq birlik bu mübarizədə əməkdaşlıq etməlidir. Hərbi, iqtisadi və humanitar yönlü bir plana ehtiyac var”, - deyə o qeyd edib. O da qeyd edilib ki, NATO bir ildən də çox müddətdə cənub sərhədindəki İŞİD təhdidindən daha çox şərq sərhədindəki Ukrayna böhranına fokuslanmış durumdadır.
***
Ancaq məsələdə ən önəmli tərəf şübhəsiz ki, NATO-nun əsas cənub cinahını təşkil edən Türkiyəyə İŞİD-lə bağlı effektli dəstəyin verilməsidir. Qardaş ölkənin bu təhlükədən etibarlı sığortalanması isə əlbəttə ki, həm də Azərbaycanın sığortalanmasıdır.
Siyasət şöbəsihttp://musavat.com/