Prokurorluqda “AMAY Abdulla”nın işçisindən onun əleyhinə hansı ifadəni almaq istəyiblər?
Abdulla Abdullayev: “Oğurlamışıq da, qaytarmışıq da sonra...”
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə məhkəmə prosesi artıq dördüncü aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Bu məhkəmə prosesində hazırda iş üzrə zərərçəkmiş və şahid qismində tanınan şəxslərin dindirilməsi mərhələsidir. Zərərçəkmişlər əsasən “Xudafərin” tikinti şirkətindən mənzil almış şəxslərdir. Bina tikilsə də, müəyyən tamamlama işləri hələ tam başa çatmayıb.
Mayın 14-də keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən Fəxrəddin Güləhmədov deyib ki, “Xudafərin” MMC-nin inşa etdiyi binanın 18-ci mərtəbəsindən ev almaqla bağlı müqavilə bağlayıb, amma bina 17 mərtəbəli tikilib.
Abdulla Abdullayev cavabında bildirib ki, binanın 21 mərtəbə tikilməsi nəzərdə tutulsa da, sonradan Bakı şəhər Icra Hakimiyyəti axırıncı 3 mərtəbənin tikilməsinə icazə verməyib. O həmçinin qeyd edib ki, həmin mərtəbələrdə mənzil almış şəxslərə başqa mənzillər veriləcək.
Digər zərərçəkmişlər - Namiq Həsənov, Rafiq Qurbanov və Rasim Rüstəmov da oxşar məzmunlu ifadə veriblər. Onlar Abdulla Abdullayevi tanımadıqlarını, maddi tələblərinin olmadığını, binanın tikildiyini, lakin müəyyən tamamlama işlərinə görə mənzillərinin hələ təhvil verilmədiyini bildiriblər.
Daha sonra şahid qismində dindirilən Şəfaət Həsənov prokurorluqda təzyiqlərə məruz qalmasından danışıb, bu səbəbdən ibtidai istintaq zamanı alınmış ifadənin əsassız olduğunu bildirib: “Orada mənim demədiyim şeyləri yazıblar. Düzgün ifadəni indi verirəm. 2008-ci ildə Rusiyadan Azərbaycana gəldim, ”AMAY" şirkətinə işə düzəldim. O vaxt Abdulla müəllimi tanımırdım. Şirkətdə briqadir işləyirdim. Şirkətdə işləyən Qəzənfər adlı dostum mənim adıma firma yaradıb bankdan kredit götürməyi təklif etdi, razılaşdım. “Leqal biznes” firması təsis olundu.
“Texnikabank”dan 2 milyon yarım kredit götürüldü və “AMAY”ın tikintisinə sərf olundu. Bir il sonra Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə çağırıldım. Müstəntiq Azad Fətullayev məni qəbul etdi, ifadəmi aldılar. Mənə dedi ki, pulu alıb Abdulla Abdullayevə verdiyini yaz. Dedim ki, qol çəkmişəm, amma pulu götürməmişəm, qalıb bankda. Mənə deyirdilər ki, səni tutacağıq, həbs edəcəyik, hətta təhqiramiz ifadələr də işlədirdilər".
Bu yerdə Abdulla Abdullayev yerindən replika verib: “Heç 2 milyon yarım məbləği bir nəfər apara bilər? 90 kiloqram eləyir...”
Abdulla Abdullayev həmçinin şahidə müraciət edib: “Burada heç bir qanunsuzluq yoxdur. 10 ildir məhkəmə və istintaqda ifadə verirsən. Düzünü danış. Demişdilər, kredit götürün ”AMAY"ı tikin, biz də tikmişik. Niyə qorxursunuz düzünü deməyə? Bunlar xoxandılar, nədilər?"
Məhkəmə iclasında Abdulla Abdullayevin köməkçisi Rəfael Yaqubov da şahid qismində dindirilib. O da bildirib ki, adına yaradılan firma vasitəsilə bankdan götürülən kredit “AMAY”ın tikintisinə sərf olunub və borc bağlanıb. Şahid sənədləşmədə iştirak etdiyini desə də, pulun alınmasında iştirakı olmadığını vurğulayıb.
Dindirilən şahidlər arasında “AMAY”da çayçı işləyən Ilham Məhərrəmov də olub. O da bankdan götürülən kreditlərlə bağlı təxminən eyni məzmunlu ifadə verib.
Şahid Nizami Imanıyev isə istintaqda ondan “AMAY” Ticarət Mərkəzində olan əmlakları haqda ifadə alındığını bildirib. O, həmin əmlakların “Texnikabank”dan götürülən kreditlərə girov təminatı olaraq təqdim olunduğunu məhkəmənin nəzərinə çatdırıb.
Bu yerdə Abdulla Abdullayev belə bir replika verib: “Oğurlamışıq da, qaytarmışıq da sonra”.
Şahid qismində dindirilən “Xudafərin” MMC-nin meneceri Anar Məmmədov da bildirib ki, “Əqidə” adlı firma təsis edərək, bankdan kredit götürülüb və “AMAY”ın tikintisinə sərf olunub. O həmçinin “Xudafərin”lə bağlı epizod üzrə də prokurorun suallarını cavablandıraraq deyib ki, həmin vaxt bu şirkətdə mənzilin 1 kvadrat metri 150-200 dollara olub. Tikintinin gecikməsinə gəlincə, birdən-birə kəskin bahalaşma və inflyasiya olduğundan tikintini vaxtında başa çatdıra bilməyiblər.
Abdulla Abdullayev də sözügedən binanın tikintisi haqda danışıb. Deyib ki, həmin binada 300 mənzil var. Gecikmənin bir səbəbi də 2005-ci ildə “AMAY”ın yeni binasının tikintisi ilə bağlı olub: “Sakinləri yığıb dedim ki, maliyyələşdirə bilmirəm. Çünki hələ tikintidən əvvəl demişdim ki, kimin nəyə gücü çatırsa o qiymətə də verin, hamı ev sahibi olsun.
O vaxt kvadratmetri 150 dollara ev heç yerdə yox idi. 57 min kvadrat metrlik binanı istintaq 7 milyon 700 min manata qiymətləndirib. 150 dollara o vaxt heç “salaməleyküm” eləmirdilər".
Şahid Anar Məmmədov da qeyd edib ki, məhkəmədə “Xudafərin” epizodu üzrə zərərçəkmiş qismində ifadə verənlərin əksəriyyəti yalan danışırlar: “Bayaq dindirilən üç nəfər bir qəpik də ödəməyiblər. Allah var”.
Abdulla Abdullayev də onun dediklərini təsdiqləyib: “Mənim bir işçim var idi. Dedi ki, qardaşımın borcu var, öldürürlər. 14-15 mənzil ver, borcu bağlayaq, sonra pulunu verərik. Mən də tapşırdım, verdilər. Amma pul ödənilmədi. Əksinə, həmin şəxs mənim pulumla özünə Türkiyə ev aldı, iş qurdu. Belə hallar bizdə çox olub”.
Abdulla Abdullayevin vəkili Osman Kazımov binanın təhvil verilməsinin obyektiv səbəblər üzündən yubandığını bildirərək, onları məhkəmənin nəzərinə çatdırıb: “Hamı bilir ki, bina tikintisində pul hara verilir, kimə verilir, ölkəni kim dağıdır, hamıya məlumdur. ”Texnikabank"ın pulu ödənilib, onun davasını niyə eləyirsiniz? Bu işdə qanunsuzluq var, məhkəmə də buna göz yumur. Dəfələrlə vəsatət vermişik, qəbul etmirsiniz. Prokuror açıqlama versin görək, 269 nəfəri bir qərarla necə zərərçəkmiş qismində tanıyıblar? Nəyin necə olduğunu hakimlər də, prokuror da yaxşı bilir. Bura Azərbaycandır".
Abdulla Abdullayevin vəkilinin çıxışına belə bir replikası olub: “Elə mənim işimi də azərbaycansayağı eləsinlər, iki-üç prosesdə yekunlaşdırsınlar, mən də çıxım gedim”.
Məhkəmə prosesi mayın 15-də davam edəcək.
***
Xatırladaq ki, Abdulla Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla yanaşı, bir sıra işçiləri, o cümlədən Elşən Novruzov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da məhkəmə qarşısına çıxarılıb. Lakin Abdulla Abdullayevdən fərqli olaraq, onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. “AMAY Abdulla” və işçilərinə qarşı dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Lakin onların heç biri irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd ediblər ki, heç bir cinayət törətməyiblər.
İttihamlardan biri budur ki, Abdulla Abdullayev müxtəlif işçilərinin adına şirkət yaradıb, “Texnikabank”dan kreditlər götürüb, onları “AMAY”ın tikintisinə sərf eləyib. Abdulla Abdullayev isə bildirir ki, 2007-ci ildə onu çağıraraq, mayın 10-na qədər binanın tikintisinin tamamlanmasını və açılış olunmasını istəyiblər. O da öz növbəsində təmir işlərini tamamlamaq üçün kifayət qədər vəsaiti olmadığını deyib. Belə olan halda, razılaşdırılıb ki, Sahibkarlığa Milli Kömək Fondu və “Texnikabank” vasitəsilə ona bu məsələdə yardım ediləcək. Abdulla Abdullayevin sözlərinə görə, elə bankdan deyiblər ki, bir adamın adına böyük məbləğdə kredit vermək olmaz, ona görə də müxtəlif adamların adına firma yaradıb kredit götürməyi təklif ediblər. Abdullayev onu da qeyd edib ki, krediti verənlər bunun “AMAY”ın təmirinə sərf olunacağını bilirdi və bu məsələ əvvəlcədən razılaşdırılmışdı.
Aytən