Hakimiyyətin “Rusiya reveransı”

15-05-2015, 09:35   
Iqtidar Qərbin demokratiya tələblərindən yayınmaq üçün Moskva ilə anlaşmağa çalışır



Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Xarici Işlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü Departamentinin direktoru Aleksey Pavlovski arasında görüş keçirilib.
Hakimiyyətin “Rusiya reveransı”
“Amerikanın Səsi” Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Xələf Xələfov Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi, ticarət, sosial və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini nəzərə çatdırıb.
Azərbaycanın Cənubi Qafqaz regionunda Rusiyanın önəmli tərəfdaşı olduğunu qeyd edən Xələf Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid doğurduğunu bildirib. Xələf Xələfov münaqişənin həllinin yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkün olduğunu vurğulayaraq, münaqişənin həlli prosesində Rusiyanın vacib rola malik olduğunu, Rusiya tərəfindən ikitərəfli əsasda və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasına yönəlmiş təsirli addımların atılmasının vacibliyini vurğulayıb.
Ekspertlər Riqa sammiti ərəfəsi Xələf Xələfovla Aleksey Pavlovskinin təsadüfi saymırlar. Onların fikrincə, Azərbaycan Avropa Ittifaqının demokratiya tələblərindən yayınmaq üçün Rusiya ilə yaxınlaşmaq istəyir. Lakin rəsmi Bakı bu yaxınlığı əsaslandırmaq üçün Rusiyanın Qarabağ münaqişəsində Azərbaycanın xeyrinə addımlar atmasına çalışır. “Azərbaycan hakimiyyətinə Qərbdən ciddi təzyiqlər var. Hətta vəziyyət o həddədir ki, əvvəlcə ölkə başçısı Ilham Əliyevin Riqa sammitinə getməyəcəyinə işarə vurulsa da, sonradan qərar dəyişdi. Lakin bu o demək deyil ki, iqtidar tamamilə ram edilib. Hakimiyyət hər vəchlə Qərbin, o cümlədən Avropanın demokratiya çağırışlarından yayınmağa çalışır. Əgər bu günə qədər hakimiyyət insan haqları ilə bağlı müzakirələrdə Qarabağ kartından istifadə edirdisə, artıq bu arqument də qəbul edilmir. Avropa Ittifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu halda çıxış yolu Rusiyaya üz tutmaq, lakin bunun müqabilində Qarabağ məsələsində müəyyən güzəştlər əldə etməkdir. Bu güzəştlər hakimiyyətə seçimini əsaslandırmaq üçün vacibdir”,- deyə ekspertlər bildirir.
Yeri gəlmişkən, bu ərəfədə Ermənistan mətbuatı məlumat yayıb ki, mayın 8-də keçirilmiş Avrasiya Ittifaqı sammitində Kreml Irəvandan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağı təklif edib. ANS PRESS-in məlumatına görə, Ermənistanın “Coxovurd” qəzeti yazıb ki, Rusiya hər vəchlə Azərbaycanı Avrasiya Ittifaqına cəlb etməyə çalışır. Amma Azərbaycan isə Ermənistanın Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqların geri qaytarlırmasını əsas şərt qoyur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.