“Qara polkovnik”in həbs edillən oliqarx oğlu nə işlə məşğul idi...

15-05-2015, 22:56   
“Qara polkovnik”in həbs edillən oliqarx oğlu nə işlə məşğul idi...
“Qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun yüz milyonlarla dollar kredit dələduzluğu ittihamı ilə həbs edilən oğlu Adil Hüseynov Azərbaycan Beynəlxalq Bankının baş direktoru, daha sonra bankın Dubay şöbəsinin rəhbəri olub.

Virtualaz.org saytının açıq mənbələrdən topladığı məlumatlara əsasən Adil Hüseynov uzun müddət idi Dubayda bizneslə məşğul olurdu. O, 2006-cı ilin iyun ayında Londonda qeydiyyatdan keçmiş (qeydiyyat ünvanı: 30 Borough High Street, London, SE1 1XU) “Kingsway Trade LLP” şirkətinin sahibi və prezidentidir.

Adil Hüseynov 2009-cu ildə Beynəlxalq Bankın nümayəndə heyətinin rəhbəri kimi Küveytə səfər edib, Küveyt Əmtəə Birjasının rəhbərliyi ilə görüşüb, bankın bu ölkədə ofisinin açılmasına dair müzakirələr aparıb.

* * *17:56

Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur.

Bunu virtualaz.org saytına açıqlamasında vəkil Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs - Adil Hüseynov barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Virtualaz.org

* * *17:40

Adil Hüseynov hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) saxlanılır.

Bunu virtualaz.org saytına açıqlamasında Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyib.

Vəkilin sözlərinə görə, müvəkkilinə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

K.Nəsibovun sözlərinə görə, DİN əməkdaşları A.Hüseynovun evində axtarış aparıblar: “Amma Adil Hüseynov barədə hələlik həbs-qətimkan tədbiri seçilməyib”.

Vəkil A.Hüseynovun saxlanmasının səbəblərinə də toxunaraq bildirib ki, Adil Hüseynov Dubaydakı xarici şirkətlərdən birinin meneceridir: “Onun çalışdığı şirkət isə bankdan kredit götürüb, amma kredit borcunu qaytarmayıb. Bu səbəbdən Adil Hüseynov da saxlanıb”.

Yada salaq ki, Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynovun Bakıda saxlanması xəbərini haqqin.az və virtualaz.org saytları yayıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrin verdiyi məlumatda deyilirdi ki, Dubayda yaşayan Adil Hüseynovu Bakıya çağırıblar, burada isə o, “bandotdel” əməkdaşları tərəfindən saxlanılıb.

Adil Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynovun mənzilində və iş otağında axtarışlar aparılıb.

Xatırladaq ki, A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. Polkovnik Fətullah Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.