Ekspertlərə görə, bu qərarla borclu əhali uduzdu, banklar isə xilas oldu, amma müvəqqəti...
Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərlə bağlı qərarı iqtisadçılar və hüquqşünaslar tərəfindən mənfi qarşılanıb. Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, Konstitusiya Məhkəməsi ən qeyri-adekvat qərarlarından birini qəbul edib: “Gözlənilən idi, amma hətta belə qanunsuz qərarı da daha savadlı yazmaq olardı. Bu qərar tamamilə bankların xeyrinə oldu. Əhali uduzdu.
Bu baxımdan qərarın 6-cı bəndi - əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin - tamamilə gülüncdür.
Yəni Konstitusiya Məhkəməsi deyir ki, ”bağışlayın, bilirəm ki, qanuna zidd qərar qəbul edirəm və bu qərar əhalinin maraqlarına uyğun deyil, amma mən əhalini sevirəm, buna görə də ona xoş arzularımı bildirirəm". Nə vaxtdan Konstitusiya Məhkəməsi qərarlarında qanunların şərhi ilə bağlı olmayan arzularını bildirməyə, uduzan tərəfin könlünü almağa başlayıb? Bu, ilk dəfədir. Ona görə ki, qəbul etdiyi qərarın hüquqi absurdluğu və sosial ədalətsizliyinin fərqindədir. Ona görə də üzrxahlıq edir".
Ekspertin sözlərinə görə, Konstitusiya Məhkəməsi göstərdi ki, onun üçün bankların marağı hətta dövlət büdcəsinin maraqlarından da üstündür: “Bu qərara Konstitusiya Məhkəməsinin deyil, başda Mərkəzi Bank olmaqla bank sisteminin qərarı kimi baxın. Bu qərar başdan-ayağa cəfəngiyatdır. Qərarın başqa əsaslandırması var: banklar həddən artıq ağır vəziyyətdədir və əhaliyə cüzi güzəşt belə onları məhv edə bilər. Təsadüfi deyil ki, son günlər banklara milyonlarla borcu olan ”sahibkarları" həbs edirlər. Bu, o deməkdir ki, Mərkəzi Bankın banklar üzərində nəzarəti aşağı səviyyədədir, bankların maliyyə durumu acınacaqlıdır, əhalidən topladıqları əmanətləri yoldan keçənlərə kredit kimi veriblər.
Buna görə də indi hər kəs daha ciddi düşünsün: belə banklara etibar etmək, onlarda əmanət yerləşdirmək olarmı?"
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, qərar gözlənilən idi: “İlk gündən belə qərar çıxmasını söyləyirdim. Problem ondadır ki, hər hansı bir qərar olsaydı, banklar ziyan görəcəkdi. İndi banklar yavaş-yavaş batacaq. Qərar əhalinin xeyrinə olsaydı, banklar birdən batacaqdı”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, qərar hüquqi olsa da, iqtisadi mahiyyət daşıyır: “İqtisadi amillər hüquqi qərara təsir göstərdi. Məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi. Çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun zərəri əhali üçün indikindən dəfələrlə çox olardı. Ancaq bank sektorunun problemi bununla həll olunmayacaq. Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək. Mərkəzi Bankın timsalında hökumət dəstək verməsə, vəziyyət ağır olacaq. Dəstək mütləq vacibdir”.
Ekspert Vüqar Bayramov isə bildirib ki, dollar ilə götürülən kreditlər ilə bağlı istənilən addım hər iki tərəfin - bankların və müştərilərin maraqlarına uyğun olmalıdır: “Məsələnin hüquqi tərəflərinə varmadan yeni məzənnə ilə ödənişlərin həyata keçirilməsi bankların xeyri kimi qiymətləndirilsə də, xarici valyuta ilə borc öhdəlikləri olanların bir qismində ödənişlərində problemlər olacağı istisna deyil. Doğrudur, hələlik xarici valyuta ilə borclananların əksəriyyəti ödəniş edə bilərlər. Amma bunun uzun müddət də belə davam edəcəyini proqnozlaşdırmaq çətindir. Konstitusiya Məhkəməsinin qərarı prosesin sonu deyil, başlanğıcı olmalıdır. Mərkəzi Bank kredit götürənlərin ödəmə qabiliyyətinin aşağı salınmaması və borc öhdəliklərinin əhalinin sosial müdafiəsinə mənfi təsir göstərməsinin qarşısının alınması üçün addımlar atmalıdır. Aydındır ki, Konstitusiya Məhkəməsi köhnə məzənnə ilə ödənişlərin həyata keçirilməsi bağlı qərar qəbul etsəydi, o halda 10-dan artıq kommersiya bankı müflisləşmə təhlükəsi ilə üzləşəcəkdi. Bu isə iqtisadiyyatda ciddi problemlər yarada bilərdi. Kommersiya banklarının xarici borc öhdəlikləri xarici valyuta ilə olduğuna görə bu, onların öz borclarını qaytarmasında ciddi problemlər yarada bilərdi. Etiraf edək ki, dünya praktikasında da belə hallarda yeni məzənnə əsas götürülür. Amma bu, heç də o anlama gəlməməlidir ki, bankların müflis olmaması üçün vətəndaşların daha çox ödəniş etməsi iqtisadi baxımdan məqsədəuyğundur.
Buna görə də, sözügedən qərarda qeyd edildiyi kimi, dollar ilə kredit götürənlərə ya kompensasiyanın verilməsinə və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Belə ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunduğu üçün həmin pulu ödəyən vətəndaşın aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə hiss edilən fərqdir. Deməli, indi Mərkəzi Bank real addımlar atmalıdır. Əvvəla, öncə də Mərkəzi Banka təklif etdiyim kimi, dünya praktikasına uyğun olaraq belə hallarda tətbiq edilən 3 yoldan birini seçsin. Daha yaxşı olar ki, məzənnə fərqi arasındakı fərq Mərkəzi Bank vasitəsi ilə dövlət tərəfindən kompensasiya edilsin. Bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Kredit götürən şəxs aylıq ödənişlərini manatın əvvəlki məzənnəsinə əsasən hesablayıb. Yeni məzənnə tətbiq edildiyi halda isə onun gözlənilmədən aylıq ödənişi artır. Bu da arzuolunan hal olmamaqla yanaşı, kredit qaytarılmasını sual altına alır. Buna görə də, həmin gözlənilməz xərcin Mərkəzi Bank tərəfindən örtülməsi vacibdir”.
Ekspertin sözlərinə görə, əgər Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə, o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər: “Bu həm müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək. Çünki bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var. Bu zaman dövlət tərəflərin hər hansı birinin öhdəliklərini kompensasiya edə bilər. Üçüncüsü, Mərkəz Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edə bilər. Yəni Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılsın və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınması təmin edilməsi ilə bağlı yazılı tövsiyə məktubu göndərə bilər. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar. Həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlərin həcminin artmasının qarşısı alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və qeyd edilən təkliflərdən ən azı birinin qəbul etməsinə ehtiyac var”.
RÖYAhttp://musavat.com/