Strateji əhəmiyyətli rayonun işğalından 23 il keçir; Arif Paşa: “Torpaqları ona görə itirdik ki...”
Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.
23 ildir ki, laçınlılar ölkənin 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşamağa məhkumdurlar. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Ermənistan isə Laçın ərazisində erməni əhalinin qanunsuz məskunlaşdırılmasını həyata keçirir.
Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Laçının işğalına aparan yol ərazini qarış-qarış tanıyan yerli qüvvələrin, əsasən də Laçın Alayının komandiri Arif Paşanın kənarlaşdırılmasından başlamışdı. 1992-ci ilin əvvəlindən ərazini qarış-qarış tanıyan yerli qüvvələr müxtəlif yollarla bölgənin müdafiəsindən təcrid olunur. 1988-ci ildən bəri erməni həmlələrinə sinə gərən Laçın polisi Şuşanın işğalından sonra - 1992-ci il mayın 9-da Laçın rayon mərkəzindən 30-40 km uzağa, erməni hücumunun gözlənilmədiyi bir istiqamətə atılır. 811 saylı yerli Laçın alayı isə hələ 1992-ci il aprelin 29-dan müdafiə naziri Rəhim Qazıyevin əmri ilə ləğv edilərək Elbrus Orucovun komandiri olmağa çalışdığı hələ formalaşmamış briqadaya tabe etdirilir. Komandir Arif Paşa öz səlahiyyətlərini itirir. Bir sözlə, potensial müdafiə gücünə malik qüvvələr iflic vəziyyətinə gətirilir.
Yerli sakinlər deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini müəmmalı şəkildə tərk edib. Laçın alayının keçmiş komandanı Arif Paşa isə bildirir ki, Laçın Azərbaycanın müstəqilliyi uğrunda savaşan qüvvələrlə müstəqilliyin əleyhinə olan qüvvələr arasındakı mübarizənin nəticəsində işğal olunub: “Günahkar axtaranda gərək o zamankı siyasi situasiyanı da nəzərdən keçirək. Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən qüvvələr var idi. Laçının işğalı Azərbaycan torpaqlarının taleyini şübhə altına qoyurdu.
Əslində Laçının işğalı həm də Rusiyanın burdakı diktəsinin təzahürü idi. Bütün əsgərlər və zabitlər ürəklə döyüşürdülər. Uduzan siyasi hakimiyyətlər idi. Əsgərlər və zabitlər müharibənin qara fəhlələri idi. Biz savaşırdıq. Həmin dövrdə Azərbaycan Milli Ordusunun əsas zabit kontingenti Rusiyaya bağlı idi. Bunun nəticəsində torpaqlarımız işğal olundu. Mən də 30 aprel, 1992-ci tarixli 251 nömrəli sərəncamla Laçın alayının komandiri vəzifəsindən kənarlaşdırıldım. Yerimə Azərbaycanı Rusiyanın təsir dairəsində görmək istəyənlər gəldilər. Beş il müddətində qoruduğumuz torpaqlar bir andaca işğal olundu”.
A.Paşa bildirir ki, hazırda Azərbaycanın hərbi və insan potensialı torpaqlarımızın müharibə yolu ilə geri qaytarılmasına imkan verir: “Hər bir xalqın öz torpağını geri qaytarmaq hüququ var. Bizim müharibə aparmağımız tək bizdən asılı deyil. Bunun üçün ortaya ciddi milli iradə qoymaq lazımdır. Qarabağ münaqişəsinin həlli beynəlxalq qüvvələrə həvalə edilməməli idi. Bu, bizim daxili işimizdir. İndiki dövrdə belə çıxır ki, biz problemi həm də beynəlxalq güclərin iradəsi ilə hesablaşaraq həll etməliyik. Mən millətçi adamam. Düşünürəm ki, Azərbaycanın problemlərinin həlli milli iradədən asılıdır. Şərqin, Qərbin, Şimalın, yaxud da Cənubun Azərbaycanın daxili məsələsinə müdaxiləsi yolverilməzdir. Çox təəssüf edirəm ki, zamanında buna fikir vermədilər”.
Keçmiş komandirin fikrincə, Azərbaycan müharibədən əvvəl müharibəyə hazırlıq mərhələsini keçməlidir: “Müharibədən əvvəl müharibəyə hazırlıq mərhələsini keçmək lazımdır. Bu gün Azərbaycan cəmiyyətində müharibə ab-havası hiss olunmur. Bu məsələlər həll olunmalıdır. Müharibə kompleks şəkildə aparılacaq bir prosesdir. Biz iri güclərin Azərbaycana ikili standartlardan yanaşmasının şahidi oluruq. Torpaqların azad olunacağına dair Qərbə olan ümidlər özümüzü aldatmaqdan başqa bir şey deyil”.
Etibar SEYİDAĞA