“Oliqarx ovu”nun arxasında nələr dayanır?

18-05-2015, 09:48   
“Oliqarx ovu”nun arxasında nələr dayanır?
Oqtay Gülalıyev

Bir neçə gündür ki, Azərbaycanda yeni həbslər dalğası başlayıb. 70- ə yaxın iş adamı eyni gündə, hətta eyni saatlarda həbs olunub. Bəlkə də adi günlər olsaydı bu həbslər indiki qədər diqqət çəkməzdi. Neftin ucuzlaşdığı, manatın 34 faiz dəyərdən düşdüyü, büdcənin boşaldığı, Avropa Oyunları ərəfəsində necə deyərlər hakimiyyətin əlinin aşağı olduğu vaxtda qəflətən ölkənin az-çox tanınan sahibkarlarına qarşı total hucum gözlənilməz olduğu qədər də maraq kəsb etdi.
Hucumun qanun çərçivəsində prokurorluq orqanları, məhkəmə müstəvisində deyil, DIN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsi (MCQMI) tərəfindən həyata keçirilməsi bu marağı birəbeş artırdı. Sual olunur; nə baş verir? Əgər deyildiyi kimi bu həbslər sahibkarların Azərbaycan Beynəlxalq Bankından (ABB) böyük həcmdə kreditləri götürüb vaxtında qaytara bilməmələri ilə bağlıdırsa, “başa düşülən”dir. Amma bu “başa düşülən”in içində bir neçə başa düşülməyən məqamlar var;
1. Vaxtında qaytarılmayan kreditlərə görə niyə vaxtında qabaqlayıcı tədbirlər görülməyib və necə olur ki, 70 -dən yuxarı iş adamı eyni gündə, eyni saatlarda həbs olunur? Doğurdanmı onlar ABB-dən kreditləri eyni gündə, eyni məqsəd üçün eyni miqdarda götürüblər? Doğurdanmı onların cinayəti eyni səviyyədədir və eyni qaydada həll olunmalıdır?
2. Əgər doğurdan da həbs olunan iş adamları kreditləri vaxtlı-vaxtında qaytarmadıqları və ya bankdan götürülən vəsaitləri təyinatı üzrə xərcləmədikləri üçün həbs olunublarsa onda yenə “başa düşüləsi mümkün olmayan” suallar meydana çıxır; qanunvericiliyə görə banklardan götürülən kreditlərin qaytarılması ilə bağlı yarana biləcək problemlər tərəflər arasında imzalanmış müqavilə ilə tənzimlənir. Müqavilədən kənara çıxmalar məhkəmə müstəvisində həll olunur. Sual oluna bilər; həbs olunan iş adamları ilə bağlı indiyə kimi hər hansı məhkəmə çəkişməsi olubmu, olubsa niyə ictimaiyyətin bundan xəbəri olmayıb?
3. Həmin iş adamlarının ABB-dən götürdükləri kreditlərin həcmi 10 milyonlarla ölçülür. Maraqlıdır ki, hakimiyyətin siyasi iradəsi və razılığı olmadan heç bir biznesmen belə böyük həcmdə kredit götürə bilməz. Sual oluna bilər; hakimiyyət mücərrəd və şübhəli layihələrə niyə iri həcmdə kredit ayrılmasına razılıq verib? Niyə bu layihələrlə bağlı indiyə qədər hesabatlılıq tələb olunmurdu? Olunurdusa niyə nəticə yox idi?
4. Prokurorluq və məhkəmə orqanlarının hər hansı araşdırması olmadan, əslində mülki iş sayıla bilən bank əməliyyatlarına görə günün birində “Banditizm və terrorizm” idarəsinin şirkətlərdə, ofislərdə, küçlərdə, hava və dəniz limanlarında iş adamlarının “oblavası”na başlaması, onları “optovoy” şəkildə MCQMI-nin zirzəmisinə doluşdurub sorğu- suala başlaması Azərbaycanda hüquqi nihilizmin pik nöqtədə olduğunu bir daha ortaya qoydu. Həm də bu həbslərə siyasi çalar qatdı. Sual yaranır; MCQMI- nin misssiyasına nə zamandan prokurorluq və məhkəmə orqanlarının vəzifəsini yerinə yetirmək daxil edilib?
Yuxarıda sadalanan məqamlar iş adamlarının həbsində hələ məsələnin görünən tərəfləri ilə bağlıdır. Məsələnin görünməyən tərəflərinə işıq tutmaq üçün bir suala cavab tapmaq lazım gəlir; Iş adamları niyə həbs olundu? Heç şübhəsiz oliqarxları həbs etməkdə krizisə doğru yuvarlanan hakimiyyətin məqsəd onların əllərində olan var- dövlətini, pullarını bolşeviksayağı tutub almaqdır. Onları soymaq və müflisləşdirməkdir. Digər tərəfdən ABB-nin sabiq prezidenti Cahangir Hacıyevin vəzifədən götürülməsinin ardınca ona yaxınlığı ilə seçilən və Hacıyev dönəmində adı çəkilən bankdan böyük həcmdə kreditlər götürən iş adamlarının vurulması həm də siyasi gedişdir. Bu gedişin arxasında geniş maliyyə rıçaqlarına malik olan şəxslərin hakimiyyət üçün arzu olunmaz şəxs ətrafında cəmlənməsi və yaxın gələcəkdə bu “cəmlənmə”nin daha təhlükəli istiqamətlərə yön alması dayana bilər. Əslində neftin ucuzlaşması və manatın devalvasiyası ilə böyük krizislərə doğru getməkdə olan hakimiyyət bu addımı ilə iri oliqarxları soyub boşalan büdcələrini qismən də olsa doldurmaq, həm də “gözü çıxan qardaşlar” vasitəsi ilə başqalarına dərs vermək istəyir.
Əgər həbs edilən iş adamlarının başqa cinayətləri sübuta yetirilməzsə onların da adlarının yaxın zamanlarda siyasi məhbus siyahısına daxil edilməsi təşəbbüsünün qaldırılması gözləniləndir. Çünki bu şəxslərin həbsində siyasi motivlər var.
AŞPA-nın siyasi məhbusların müəyyən edilməsi ilə bağlı 03 oktyabr 2012- ci il tarixli 1900 saylı qətnaməsində yer alan kriteriyalara nəzər salsaq görərik ki, iş adamlarının həbsində hazırda qüvvədə olan 5 kriteriyadan 3- ü birbaşa pozulub.
Kriteriyalara uyğun olaraq qeyd edək ki, iş adamlarının saxlanma şərtləri onların təqsirli hesab edildiyi əmələ qeyri- adekvatdır (Kriteriya, bənd c; saxlanma şərtləri fərdin şübhəli və ya təqsirli hesab edildiyi əməllə açıq-aşkar qeyri-mütənasib olduğu durumlarda;). Yəni əgər deyildiyi kimi burda söhbət banklardan götürülən kreditlərin həqiqətən geri qaytarılmasından gedirsə bunun üçün heç şübhəsiz qanunvericiliyə uyğun olaraq başqa prosedurlar tətbiq olunmalı idi. Cavabdehə xəbərdarlıq edilməli, müddət qoyulmalı, bunlar nəticə vermirsə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməlidir. Əgər məhkəmə iddiaçının iddia tələbini müdafiə edərsə cavabdehdən vəsaitin geri alınması üçün müəyyən addımlar atılmalı idi (cavabdehin əmlakına həbs qoyulması, hərraca çıxarılıb satılaraq ziyanın ödənilməsi, dəyən ziyana görə kompensasiya verilməsi və s.). Göründüyü kimi bu addımların heç biri atılmadan iş adamları ilə DIN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinin dili ilə danışılır. Əslində bu “danışma”nın tərcüməsi başqa mətləblərdən xəbər versə də bu addımın özü dövlət səviyyəsində reketçilik də hesab oluna bilər.
Digər tərəfdən hazırda hakimiyyətə yaxın və bağlı olan onlarla iş adamı var ki, banklardan iri həcmdə vəsaitlər götürüb və şübhəli layihələrə sərf edir, təyinatından kənar xərcləyir, geri qaytarmır. Amma hökumət tərəfindən onlara MCQMI səviyyəsində hər hansı hücüm və soyğunçuluq həyata keçirilmir. Həbs zamanı yol verilən ayrı- seçkilik AŞPA- nın yuxarıdakı kriteriyaları əsasında siyasi motivlərin olduğunu deməyə əsas verir (Kriteriya, maddə d; fərd siyasi səbəblərə bağlı olaraq digər şübhəli və ya təqsirlilərdən fərqli həbs edilmişsə, saxlanmışsa;).
Iş adamlarının həbsində yuxarıda qeyd olunan kriteriyaların digər bəndləri də pozulub.
Əlbəttə həbs olunan sahibkarların tam günahsız olduğunu iddia etmək düzgün olmaz. Həmin şəxslərin bir çoxu zamanında bu və ya digər formada rejimin korrupsiya cinayətlərinə bulaşıblar. Ölkədə baş verən haqsızlığa, ədalətsizliyə, sosial bərbarəsizliyə göz yumublar. Öz sərvətlərini bu hakimiyyətin güclənməsinə və “çiçəklənməsinə” sərf ediblər. Hesab ediblər ki, ölkədə baş verən qanunsuz həbslər, mülki hüquqların tapdanması, seçki saxtakarlığı ilə hakimiyyətin qəsb olunmasının onların mallarına və canlarına heç bir qorxusu olmayacaq. “Mənə dəyməyən ilan 100 il yaşasın? deyə düşünb davranıblar... Amma fərqində olmayıblar ki, avtoritar rejimlərdə başqasının əmlakına əl qoymaq, xüsusi mükiyyəti qəsb etmək, şər- böhtanlar, təqiblər, sürgünlər, həbslər bir gün onların da qapılarını döyə bilər. Necə ki, döydü. Özü də gözlənilmədən gecənin birində çox bərk döydü...
Iş adamların kütləvi həbsi Azərbaycanda onsuz da kövrək olan özəl sektora, sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurmaqdadır. Amma “yanlışlıq da bir naxışdır” deyib atalarımız. Bu həbslər ölkədə bütün vətəndaşlar üçün həm də SOS siqnalı çalır. Əslində bu siqnal çoxdan çalınıb. Təkcə 2 şəxsin timsalında bu misal yetərli ola bilər. Zamanında rejimin vuran əli və maliyyə rıçaqlarından olan keçmiş deputat Hüseyn Abdullayev və AMAY Abdulla Abdullayevin hazırki acınacaqlı taleyini göz önünə gətirmək kifayət edər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.