Hakimiyyət offşor zonalarla bağlı yeni qanun hazırlayır

18-05-2015, 22:38   
Hakimiyyət offşor zonalarla bağlı yeni qanun hazırlayır

“Oliqarxgeyt” araşdırmaları davam edir, Hacı İbrahim Nehrəmliyə verilən vaxt bitir...

“Oliqarxgeyt” işinin sərhədləri genişləndikcəölkədən çıxarılan və offşorlarda gizlədilən milyonların geri qaytarılması da müzakirə mövzusuna çevrilir. Bu günə qədər Beynəlxalq Bankdan yüz milyonlarla kredit alan və geri qaytarmayan onlarla sahibkar həbs olunub, onlardan 17 nəfəri krediti qaytardıqlarından sərbəst buraxılıblar. Bəs ölkədən çıxarılan milyonların geri qaytarılması mümkün olacaqmı?

Fineco.az yazır ki, Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsi hazırlanır.Məlumatda deyilir ki, artıq maliyyə offşorlarındayerləşdirilmiş kapitala amnistiya verilməsinin hüquqi əsasları işlənib hazırlanır.Hələlik təfərrüatlar məlum olmasa da hakimiyyətin offşor zonalardan pulların geri qaytarılmasına imkan yaradan qanun layihəsi üzərində işləməsi ciddi iqtisadi hadisədir.Belə ki, son illər dünyada müşahidə edilən offşorlaşma kampaniyasından Azərbaycan da kənarda qalmayıb. Dünyanın vergi cənnətləri kimi tanınan offşor zonalara Azərbaycanda da milyardlarla dollar kapital axıb. Oliqarxlar bizneslərini offşor zonalarda qeydiyyatdan keçiriblər və beləliklə vergidən azaddırlar.Ancaq indi neft gəlirlərinin azaldığı, ölkədə müəyyən iqtisadi çətinliklərin müşahidə edildiyi indiki vaxtda offşor zonalardan kapitalın geri qaytarılmasına imkan yaradan, yəni maliyyə amnistiyasını nəzərdə tutan qanunun qəbulu rasional addım ola bilərdi. “Deoffşorizasiya” termini ilk dəfə Rusiyada yayılıb. Rusiya prezidenti Vladimir Putin Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra offşor zonalarda cəmləşdirilmiş kapitala amnistiya verilməsini nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb. Rusiyada deoffşorizasiya haqda qanun 2015-ci il yanvarın 1-dən qüvvədədir.Lakin ekspertlərin qənaətinə görə, bu qanunun effekti gözlənildiyi kimi olmayacaq. Çünki offşor zonalarda qeydiyyatdan keçmiş şirkətləri Rusiyanın yurisdiksiyası altına keçməyə sövq etmək elə də asan deyil. Şərtlər nə qədər cəlbedici olsa da bunun üçün ciddi struktur islahatları, korrupsiya və mülkiyyət hüquqları məsələsinin həlli lazımdır.Məhz MDB ölkələrinin əksəriyyətində mövcud olan bu vəziyyət kapitalın offşor zonalara axıdılmasının əsas səbəblərindən biridir.Digər tərəfdən, offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər beynəlxalq maliyyə əməliyyatları aparmaq və müqavilələr bağlamaq üçün zəruridir.

Ölkədən çıxarılmış milyonlarla bağlı məlumatlar zaman-zaman mətbuatda yayılıb. Belə məlumatlardan biri də “Yeni Müsavat” 31 mart tarixli sayında “Cahangir Hacıyevi bitirən ilginc səbəb ortaya çıxdı – yeni məlumatlar” sərlövhəli yazıda yer alıb.




Həmin yazıdan sitat:“Cahangir Hacıyev rəhbərlik etdiyi bankdan ayrı-ayrı vətəndaşlara milyonlarla dollar kredit verib, qarşılığında isə heç bir təminat tələb etməyib. Onlardan biri də 45 yaşlı rusiyalı “Dünya gözəli” (zamanında), məşhur və təsirli azərbaycanlı milyarderin sevgilisidir. Ona 50 milyon dollar kredit verilib - lakin həmin məbləğin geri qaytarılması mümkün olmur - rus xanım borcu qaytarmaqdan imtina edir. Bu və bu kimi bir neçə fakt Cahangir Hacıyevin bankir vicdanında qalıb; üstəlik də onun karyerasını bitirib”.

Ölkədən bu şəkildə çıxarılan böyük pulların geri qaytarılacağına isə qəbul ediləcək qanun nə dərəcədə təsiri olacağı bilinmir. Görünən odur ki, hakimiyyət böyük pulların geri qaytarılması üçün həbsdən savayı da yollar axtarır.

***
Kredit borclarını qaytamadığı üçün daha bir iş adamı həbs edilib. “Şəki İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov da saxlanılıb. O, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır.




Bir neçə gün əvvəl tutulan Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbs edilmiş rəhbəri Adil Hüseynovun isə səhhətində problemlər var.Bu barədə "Report"a Adil Hüseynovun vəkili Kamandar Nəsibov məlumat verib.Vəkil bildirib ki, Adil Hüseynov həbs olunmamışdan bir neçə gün əvvəl əməliyyat olunub: “Hazırda Adil Hüseynov xəstədir və o, yenidən əməliyyat olunmalıdır. Ailəsinin göndərdiyi dərmanlar ona çatdırılıb”.

K.Nəsibov A.Hüseynovla görüşlə bağlı artıq rəsmi qaydada order və sənədlər təqdim edildiyini də əlavə edib. Vəkil həbslə bağlı apelyasiya şikayəti vermək fikrində olmadıqlarını da bildirib.Qeyd edək ki, Adil Hüseynov 318 milyon dollar mənimsəməkdə ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan polis zabiti Fətulla Hüseynovun oğludur. Polkovnik Fətulla Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.

Kredit borcuna görə istintaqa cəlb edilən və dəfələrlə ifadə verməyə çağırılan Hacı İbrahimin də saxlanılması xəbəri var.Oliqarx növbəti dəfə istintaqda ifadə verəndən sonra 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi qəbul etdiyini bildirmişdi.

Oliqarxa verilən vaxt bu gün bitir. Bundan sonra onun barəsində qanuni tədbir görüləcəyi də istisna deyil.

Xatırladaq ki, ötən həftədən Azərbaycanda kredit borcu olan bir neçə məşhur iş adamları həbs olunub. Onlardan bəziləri dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qəti-imkan tədbiri seçilib. Həbs olunanlar arasında “GlobusPlaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “İnterGlass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var. Ümumilikdə Beynəlxalq Bankdan sayı ictimaiyyətə açıqlanmayan xeyli sahibkar 6 milyard manata qədər kredit götürüblər. Lakin sonradan həmin kreditlərin qaytarılmasını naməlum səbəbdən həyata keçirməyiblər. Yayılan məlumatlara əsasən istintaqa cəlb edilən və kredit borcunu ödəyən sahibkarlar həbs edilmirlər. Borcu ödəməyənlər isə həbs olunur, əmlakları siyahıya alınır. “Oliqarxgeyt” işinin bir neçə ay davam edəcəyi haqda məlumatlar da var.

E.MƏMMƏDƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.