Bakıya ölüm gətirən şirkətlə bağlı yeni faktlar

19-05-2015, 19:23   
Bakıya ölüm gətirən şirkətlə bağlı yeni faktlar

Binəqədi rayonunda baş verən dəhşətli yanğının səbəbləri haqda müxtəlif versiyalar səsləndirilir.

Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. Bu üzlükləri isə Azərbaycana “Global Construction” şirkəti gətirir.

Şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir. Bundan başqa şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb.

“General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur.



Xəqani Bəşirov eyni zamanda Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir. Həmin cəmiyyətlə də əlaqə yaratmağımız alınmadı.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin cəmiyyətlə uzun müddətdir ki, əlaqə yaratmaq mümkün deyil: “Uzun müddətdir ki, həmin cəmiyyətin sədri bizimlə əlaqə saxlamır. Çünki, ya yerini, ya da telefon nömrəsini dəyişib. Bizim hazırda bu təşkilatın hansı ölkədə fəaliyyət göstərməsindən məlumatımız yoxdur. Bütövlükdə cəmiyyətin sədri və fəaliyyətindən xəbərsizik”.

Haqqın.az xəbər verir ki, “Global Construction” şirkətinin adı 2011-ci ildə Beynəlxalq Bankdan yüz milyonlarla dollarlıq vəsaitin kredit şəklində çıxarılması və geri qaytarılmaması ilə bağlı qalmaqalda çəkilmişdi.

X. Bəşirov Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etməsə də Bəşirov həm də Fransa vətəndaşıdır. Ailəlidir, 2 qızı var. Xaqani Bəşirovun diaspor işində də yaxından iştirakı var.

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining plc” şirkətinin səhmdarlarından biridir (16,5 faiz).

X.Bəşirov 1991-ci ildə ilk milli konsaltinq şirkəti olan “VneshExpertService”i yaradıb (2006-cı ildə “V.E.S. Consultancy LLC” şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tiflis, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir.

Həmin il baş prokuror Zakir Qaralovun Xaqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanılmasına dair verdiyi təqdimatda göstərilmişdi ki, o, Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat (təqribən 230 milyon dollar) kredit alıb və qaytarmayıb.

Baş prokurorun imzaladığı təqdimatdan: “Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu “Oceanstream INC” şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış “General Construction” MMC-nin təsisçilik hüququnu əldə edərək, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq alıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib”.

Xətai Rayon Məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov müəmmalı şəkildə azad edilib. Mətbuat onun ölkəni tərk etdiyini yazmışdı. O vaxt Beynəlxalq Bank Xaqani Bəşirovla ortaqlıq və qaytarılmayan yüz milyonlarla manatlıq kredit barədə heç bir izahat vermədi.

Bakıya bina üzlükləri gətirən iş adamının qardaşı, rəqqas Xanlar Bəşirov AzVision.az-a açıqlamasında bildirib ki, uzun müddətdir Xaqani Bəşirov xaricdə yaşayır.

“Uzun illərdir qardaşım xaricdədir. Heç mən də 10-gündən çoxdur ki, onunla əlaqə saxlaya bilmirəm. Nömrəsini dəyişib”.

X.Bəşirov qardaşının “Global Construction” şirkətindən də danışıb. Bildirib ki, Xaqani Bəşirov uzun illərdir ki, sözügedən şirkətə rəhbərlik etmir. Hazırda şirkətin kimə məxsus olması isə məlum deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.