Son günlər Azərbaycanda ölkənin ən iri bankından - Beynəlxalq Bankdan çoxmilyonluq kreditlər alan, sonra onları vaxtında qaytarmağı “unudan” kredit oliqarxlarının “ovu” başlayıb.
Belə maliyyə cinayətinin sxemi eynidir: yaxşıca hazırlanmış layihəni təqdim edən biznesmen milyonlarla dollar kredit alır, ancaq pulları həmin layihənin reallaşmasına yönəltmək əvəzinə əyləncəli həyata başlayır. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) düşənə qədər...
Niyə Piriyev?
Lakin qaydalar istisnasız deyil. Budur, indiki situasiyada virtualaz.org saytı da digər oliqarxların həbsindən fərqlənən əhvalatla qarşılaşıb.
Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamı kimi məşhurlaşmış oliqarx Nizami Piriyevin məhkəmənin qərarı ilə 4 aylıq həbs edildiyi haqda məlumat KİV-lərdə artıq yayılıb. “PNN Group” şirkətinin sahibi dələduzluqda və ictimai əmlakın mənimsənilməsində ittiham edilir.
PNN şirkətinin əsas aktivi metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətidir. “PNN Group”un maliyyə göstəriciləri açıqlanmır, ancaq KİV-lərdə dərc edilən məlumatlara əsasən onun aktivləri 650 milyon dollar qiymətləndirilir. Bura Bakının Qaradağ rayonunda yerləşən metanol zavodu da daxildir.
Ümumi dəyəri 500 milyon dollara yaxın olan zavodu isə Piriyev Azərbaycan Beynəlxalq Bankının ayırdığı kredit hesabına tikib. Borc öhdəliklərinə əsasən Piriyev banka ildə təxminən 50 milyon dollar qaytarmalıdır.
Doğrudur, Piriyevin həbsi hətta “Bandotdel”də ifadə verəndən sonra da haqlı olduğunu sübut etməyə çalışan Hacı İbrahim Nehrəmlinin həbsi kimi gözlənilməz olmadı.
Bəli, metanol istehsal edən zavod hələ bu həbsdən əvvəl öz fəaliyyətini dayandırmışdı. Səbəb isə SOCAR-ın zavoda qaz verilməsini dayandırması idi. Qaz isə metanol əldə etmək üçün əsas xammaldır.
Biz Nizami Piriyevi digər oliqarxlardan niyə ayırmağı qərara aldıq? Çünki o, başqalarından fərqli olaraq 450 milyon dollarlıq krediti “kayf layihələrinə” deyil, birbaşa təyinatı üzrə xərcləyib.
“AzMeCo”nun zavoduna baş çəkəndə, onun avadanlıqları ilə tanış olanda və işçiləri ilə söhbətləşəndə buna bir daha əmin olursan...
Göz önündə Piriyev barədə KİV-lərdə çıxan xəbərlərdən yaranan təəssüratda olduğu kimi, çürük avadanlıqlardan ibarət his-paslı sex mənzərəsi açılmır. Piriyevi günahlandırırdılar ki, o, Texasda sökülmüş köhnə metanol zavodunun avadanlıqlarını alıb gətirib və Qaradağda quraşdırıb.
Virtualaz.org saytının araşdırma qrupu aydınlaşdırıb ki, zavodda köhnə olan ancaq rektifikasiya kalonları və reaktorlardır. Və bu da onunla bağlıdır ki, həmin hissələrin təzəsinin sifariş verilməsi və hazırlanması çox vaxt aparır. Piriyev isə zavodu mümkün qədər tez tikib başa çatdırmaq istəyirdi.
Məşhur audit şirkəti “Deloite”də zavodun avadanlıqlarını yoxlayıb, bütün əsas avadanlıqlar, dinamik qurğular - kompressorlar, nasoslar və s. dünyanın aparıcı şirkətlərinin istehsalı olan yeni avadanlıqlardır.
Zavodda nə gördük?
Zavod özü də göz önündədir. Orada olan qayda-qanunu, təmizliyi başqa yerlərdə çətin taparsan. Təhlükəsizlik sistemləri, yanğın əleyhinə sistemlər, mürəkkəb texnoloji avadanlıqları idarə edən kompüterlərin yerləşdiyi idarəetmə mərkəzi, işçilərin istirahəti üçün yaradılmış şərait...
Ancaq Piriyevin zavoda əslində nə qədər xərclədiyini yəqin ki, heç istintaq da bu tezliklə dəqiq müəyyən edə bilməz (bunun üçün peşəkar mütəxəssislərin iştirakı ilə ciddi təhqiqat aparmaq lazım gələrdi, çünki söhbət mürəkkəb texnoloji avadanlıqlardan ibarət sənaye müəssisəsindən gedir).
Zavodun tikintisi zamanı hansısa xərclərin şişirdildiyi, yaxud mənimsəmələrin olduğu barədə faktlar bizə məlum deyil. Əsas isə budur ki, zavod hazırdır, işləyə və tam gücü ilə məhsul istehsal edə bilər. Daha doğrusu, müəssisənin qazını kəsənə qədər işləyirdi və metanol istehsal edirdi. Tam gücü ilə olmasa da...
Bu ilin mart ayında isə SOCAR “AzMeCo”ya qaz verilişini tamamilə dayandırıb. Xəbər verdiyimiz kimi, SOCAR rəhbərliyi zavoda qaz verilməsinin dayandırılmasını belə əsaslandırmışdı ki, “AzMeCo” qazı ucuz almaq istəyir, bu isə sərfəli deyil. SOCAR-ın “AzMeCo”ya qaz verilməsini dayandırmasının səbəbləri haqda geniş məlumat əldə etmək mümkün olmadı.
Lakin “AzMeCo”dan sorğumuza cavab olaraq bildirdilər ki, 2009-cu ildə bağlanmış müqaviləyə əsasən “Azəriqaz”a ödəmələr Tarif Şurasının müəyyən etdiyi tariflər əsasında aparılıb (Qeyd: hazırda “Azəriqaz” qeyri-əhali qrupundan olan abonentlərə qazın min kubmetrini Tarif Şurasının müəyyən etdiyi kimi 120 manatdan satır).
Məlumdur ki, ötən il və bu il Azərbaycanda qaz hasilatında azalma müşahidə olunur. Bu günlərdə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, SOCAR-dan ötən il istənilən həcmdə qaz almaq mümkün olmayıb.
O zaman sual yaranır: SOCAR-ın “AzMeCo”ya qaz verilməsini dayandırmasının səbəbləri nədir - oliqarxın gündən-günə şişən kredit borcları və onun ödəmə imkanlarının ümidsiz olması, yoxsa hasilatın azalması?
Yaxud SOCAR hesablayıb ki, ildə 650 min kubmetr qazı daxili tariflərlə“AzMeCo”ya verməkdənsə xarici bazara çıxarıb satmaq Azərbaycan büdcəsinə daha artıq mənfəət gətirir? O zaman Azərbaycanda sənayenin inkişafı konsepsiyası və qeyri-neft sektorunun dəstəklənməsi siyasəti necə olsun?
Hər şey nədən başladı?
1958-ci ildə Gəncədə anadan olan Nizami Piriyev 1992-2002-ci illərdə “PNN Arkansas İnc” neft-qaz şirkətinin prezidenti olub, daha sonra Rusiyanın “StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru işləyib.
2006-cı ildə Bakıya dönüb və Azərbaycanda biznesə başlayıb. Biznesə başlayıb deyəndə Bakıda metanol zavodunun tikintisi layihəsini irəli sürüb və bu layihəsinə maliyyə qaynaqları axtarmağa, lazımi inzibati dəstək təmin etməyə başlayıb.
Nəhayət, 2008-ci ildə Piriyevə Bakının Qaradağ rayonu ərazisində metanol zavodunun tikintisi üçün hektarlarla ərazi ayrılıb və işlər başlayıb. O vaxt mətbuata verilən açıqlamalarda deyilirdi ki, Piriyev zavodun tikintisi üçün lazım olan vəsaitdən 120 milyon avronu Avropa Yenidənqurma və İnkişaf Bankından cəlb edib. Vəsaitin qalan hissəsini Beynəlxalq Bank ayırıb.
Lakin Beynəlxalq Bankın Piriyevə nə qədər kredit xətti açdığı haqda dəqiq məlumat yox idi və elə indi də yoxdur. Ancaq “AzMeCo” şirkətindən dəqiqləşdirə bildik ki, şirkətin ümumi kredit portfeli 830 milyon dollara yaxındır.
Avropa Yenidənqurma və İnkişaf Bankı “AzMeCo” zavodunun tikintisi üçün 2009-cu ilin payızında Bakıda Toni Bleyerin də iştirak etdiyi mərasimlə Piriyevə 120 milyon avro kredit ayırmaq barədə müqavilə bağlayıb. O vaxt ata-oğul Nizami və Nəsib Piriyevlər elan etmişdilər ki, AYİB Azərbaycanda dövlət qarantiyası olmadan ilk dəfə özəl şirkətə bu qədər iri həcmdə vəsait ayırır.
Kreditin ayrılmasına dair müqavilənin imzalanması mərasimində iştirak edən Bleyer isə 200 min dollar qonorar almışdı və Britaniya mətbuatı aylarla bu əhvalatdan yazaraq həmin qonorarı keçmiş baş nazirin burnundan gətirməyə nail oldu.
Piriyevlərin AYİB-dən götürdükləri 120 milyon avroluq kreditin taleyi haqda heç nə məlum deyil. Ola bilsin ki, həmin kreditə də Azərbaycan Beynəlxalq Bankı zamin durubmuş və nəticədə 120 milyon avro da faizləri ilə birlikdə Piriyevlərin bu bankdan aldığı kreditlərin üzərinə əlavə olunub.
Beləliklə, Beynəlxalq Bank 2008-ci ildən Piriyevlərə yüz milyonlarla dollarlıq kredit xətti açıb. Və zavodun quraşdırma-tikinti işlərini 2012-ci ildə başa çatdırmaq mümkün olub.
Ancaq zavodu dərhal işə salmaq mümkün olmadı. Metanol istehsalı üçün əsas xammal təbii qazdır və Nizami Piriyev “Azəriqaz”dan zavodun xammal ehtiyacı üçün lazım olan həcmdə qazın alınmasına dair hələ 2009-cu ildə müqavilə bağlayıb. Ancaq “Azəriqaz” zavoda təbii qazı bir neçə ay gecikmə ilə - 2013-cü ilin yazında verə bilib. Və zavodun istehsala başlamasını 2013-cü ilin sonunda təmin etmək mümkün olub.
Lakin zavodun işə düşməsi heç də işlərin rəvan gedəcəyini göstərmirdi. Çünki oliqarxın kredit borcları faiz borcları və cərimə faizləri ilə birlikdə astronomik sürətlə artmağa başlayıb.
Digər tərəfdən, “AzMeCo” illik istehsal gücünün təxminən dörddə biri qədər məhsul istehsal edə bilib. Hərçənd ki, Piriyevin BP ilə imzaladığı 5 illik müqaviləyə əsasən zavodun istehsal etdiyi metanolun hamısını Britaniya şirkəti satmağı öhdəsinə götürüb. Yəni məhsul üçün alıcı tapmaq problemi yoxdur, bazar var və zavod tam gücü ilə işləyib metanol istehsal edə bilərdi...
Cəmi 190 min ton metanol
Qafqazda yeganə və keçmiş sovet respublikaları ərazisində SSRİ-nin dağılmasından sonra inşa edilən ilk zavod olan “AzMeCo”nun illik istehsal gücü 720 min tondur. Bu həcmdə metanol istehsalı üçün zavoda xammal kimi ildə 650 milyon kubmetr qaz lazımdır.
Zavod işə düşəndən sonra fəaliyyət göstərdiyi bir ildən azacıq çox müddət ərzində cəmi 190 min tona yaxın metanol istehsal edib. Bundan əldə edilən vəsait isə cəmi 44,5 milyon manata yaxındır. Yəni daşınma və digər xərcləri nəzərə almasaq, belə indiyədək satılan metanoldan daxil olan vəsait Piriyevin bir illik faiz borcunu qaytarmağa ancaq bəs edərdi.
Məhsul istehsalının az olmasına səbəb zavoda tələb olunan həcmdə qazın verilməməsidir. Zavodun mütəxəssisləri deyirlər ki, lazım olan həcmdə qaz verilsə, “AzMeCo” tam istehsal gücü ilə işləməyə hazırdır.
Beləliklə, Piriyevlərin tamamilə kredit hesabına qurduqları zavod iki aydır işləmir. Zavodun tikintisinə və istismara verilməsinə 492 milyon dollar sərf olunub.
İstintaqın Nizami Piriyevə qarşı 830 milyon dollarlıq mənimsəmə ittihamını irəli sürərkən hansı dəlillərə əsaslandığı haqda məlumat yoxdur. İstintaq sirri olduğundan Piriyevin vəkili də bu barədə məlumat vermədi.
Lakin Piriyevin kredit kimi götürdüyü vəsaitləri tamamilə mənimsədiyi də ağlasığmazdır. Axı oliqarx kredit hesabına da olsa nəhəng zavodu qurub başa çatdırıb və istehsala başlayıb. Aparıcı Qərb şirkətlərinin istehsalı olan mürəkkəb texnoloji avadanlıqlardan ibarət olan zavodu tikib quraşdırmaq axı qəpik-quruşla başa gələn iş deyil. Bunun üçün heç şübhəsiz ki, yüz milyonlarla dollarlıq vəsait tələb olunur.
Məsələn, Rusiyanın “Uralximplast” şirkəti tərəfindən Nijniy Tagil zavodunda 2012-ci ildə tikintisinə başlanılan yeni metanol zavodunun layihə dəyəri 300 milyon avrodur. Söhbət istehsal gücü ildə təxminən 600 min ton olan, 300-ə yaxın işçinin işləyəcəyi zavoddan gedir. Zavod bu il işə başlamalıdır.
Nüfuzlu beynəlxalq audit şirkəti “Deloite”nin apardığı hesablamalara əsasən hazırda “AzMeCo”nun bazar dəyəri 750 milyon dollardır. Yəni Beynəlxalq Bank bu qiymətləndirməni əsas götürüb zavodu Piriyevdən müsadirə etsə, onun borclarının böyük hissəsi bağlanardı.
İşlər qaydasında getsəydi...
Piriyevin layihəsinin texniki-iqtisadi əsaslandırmasına görə əgər zavod tam gücü ilə işləsə, ildə 109 milyon dollar mənfəət əldə edəcək. Bu isə o deməkdir ki, işlər ideal qaydada getsəydi, Piriyev zavodu işlədib həm illik kredit faizlərini qaytara, həm gəlir əldə edə bilərdi.
İşlər isə lap əvvəldən qaydasında getməyib - “Azəriqaz” qaz verməyib və istehsal tam həcmdə getməyib, kredit borcu sürətlə artıb, oliqarx etibardan düşüb və nəhayət, Piriyevlə metanol söhbəti “Bandotdel”də davam edib...
Belə görünür ki, Piriyev Beynəlxalq Banka olan borclarının onu həbsə apara biləcəyini əvvəldən hiss edirdi. Təsadüfi deyildi ki, təxminən bir il əvvəl o, Rusiyanın “Sberbank”ı ilə anlaşma memorandumu imzalamışdı. Bu anlaşmaya görə, bank “AzMeCo”nun 1,5 milyard dollarlıq layihələrini maliyyələşdirməyi, habelə metanol zavodunun refinansə edilməsini üzərinə götürürdü.
Bu isə baş vermədi, eləcə də Piriyevin oğlunun onun həbsindən sonra Londonda “AzMeCo”nun adından 1 milyard dollarlıq bond buraxmaq cəhdi də baş tutmamış kimi görünür.
Və bu dolaşıq məsələdə təəssüf doğuran məqam zavodun fəaliyyətinin dayandırılmasıdır. Zavodun işini dayandırması nəticəsində yüzlərlə işçi isə işsiz qalıb, mürəkkəb texnoloji qurğuların işinə nəzarət edən mütəxəssislər müəssisəni tərk edir. Axı zavodun fəaliyyətini dayandırması Piriyevin onsuz da günbəgün şişən borclarını azaltmağa kömək etməyəcək. Oliqarxla kredit borcları məsələsini istintaqda zavodu dayandırmadan da müzakirə etmək mümkün deyildimi? Əlbəttə, mümkün idi...
Digər məqam: metanol zavodundan başqa Azərbaycanda fast-fud restoranlarına, Moskvada elit butiklərə, Qazaxıstanda, Özbəkistanda bir çox biznes aktivlərinə malik olan Piriyevlər doğrudanmı bu dərəcədə müflis olublar ki, ödəmə qabiliyyətlərini tamamilə itiriblər?
Yaxud bu cür iri layihəni tamamilə kredit, özü də yüksək faizli kredit hesabına reallaşdırmaq əvvəlcədən böyük risk daşımırdımı?
Hər halda ortaya çıxan mənzərə budur ki, Piriyev dövlət bankının kreditləri hesabına olsa da Bakıda yüzlərlə işçinin çalışdığı zavod qura bilib. Ancaq onun planları pozulub, yaxud pozublar. Nəticə isə acınacaqlıdır - həbs-qətimkan tədbiri, bağlanan iş yerləri, şişən borclar...
Virtualaz.org