“Oliqarxqeyt işi”ndə yeni sensasion xəbərlər; Beynəlxalq Banka bir neçə milyon manat borcu olan Hafiz Məmmədov barəsində həbs qərarı verilməmişdən 2 gün əvvəl Azərbaycanı tərk edə bilib; türkiyəli iş adamları reputasiyalarını zərbə altına qoymamaq üçün oliqarxların satışa çıxardığı əmlaklarını almaqdan imtina edirlər...
Xəbər verdiyimiz kimi, Beynəlxalq Banka külli miqdarda kredit borcu olan iş adamlarının həbsinin yeni dalğası başlayıb. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan bir qrup iş adamı barəsində Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Həbs edilən iş adamlarının adları hələ ki açıqlanmayıb.
“AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olan məlumata görə, barəsində həbs-qətimkan tədbiri seçilən iş adamlarından biri də, məşhur oliqarx, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovdur. Saytın iddiasına görə, Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri Nəsimi Rayon Məhkəməsi tərəfindən mayın 18-də seçilib. Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl - mayın 16-da “Hafka” ölkədən qaça bilib.
Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan Hafiz Məmmədovun Azərbaycandan necə və hansı ölkəyə qaçdığı məlum deyil.
Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində “Hafka”nın indiyədək həbsə olunmaması təəccüb doğururdu. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz Hafiz Məmmədovdur. Banka bir neçə 100 milyon manat borcu olan “Hafka”, aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib.
Xatırladaq ki, bir gün əvvəl “Yeni Müsavat” Beynəlxalq Banka ən çox borcu olanlardan biri, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilovun da ölkədən qaçdığı barədə xəbər yayıb.
Xəbərlərə görə, istintaqa cəlb olunan iş adamlarından təkcə bu ilə yaranmış borclarını deyil, ümumiyyətlə Beynəlxalq Banka bütün kreditləri qaytarmaq tələb olunur. Bu faktı istintaq cəlb edilən Qafqaz İnkişaf Bankı Müşahidə Şurasının sədri Eldar İsmayılov da təsdiqləyib. Bankir həbs olunması barədəki xəbəri şərh edərkən bildirib ki, Beynəlxalq Bank yaranmış iqtisadi vəziyyətlə bağlı verdiyi kreditlərin vaxtından əvvəl ödənməsini xahiş edib: “Məni bununla əlaqədar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət etdilər. Orada əsasən onunla maraqlandılar ki, bizim bank götürdüyü krediti necə qaytarmağa hazırlaşır. Mən də orada izahat verdim. Biz razılaşdıq ki, Beynəlxalq Bankdan götürdüyüm krediti vaxtından əvvəl ödəyək”.
E.İsmayılov həbs olunması barədə yayılan məlumatları, habelə Qafqaz İnkişaf Bankı ilə Beynəlxalq Bank arasında hər hansı problemin olması barədəki informasiyaları təkzib edib: “Bizim Beynəlxalq Bankdan götürdüyümüz kreditin məbləği o qədər də böyük deyil. Faizləri nəzərə almasaq, üst-üstə 9 milyon manat kredit borcumuz var. O pulu da bir neçə dəfəyə götürmüşük. O borcdan 2 milyon manatı ödədik. Beynəlxalq Bankdan götürdüyümüz pulları artıq kredit şəklində sahibkarlara vermişik. Onlardan həmin pulları geri qaytarmalarını tələb etmək problem yaradar. Ona görə də alternativ mənbələr axtarırıq ki, Beynəlxalq Bankın xahişinə əməl edə bilək”.(virtualaz.org).
“Kredit işi” ilə bağlı həbs olunan və istintaqa cəlb olunan iş adamlarının bir çoxu onlara məxsus biznes obyektlərini satışa çıxarması ilə müşahidə olunur. Beynəlxalq Bankdan götürdüyü külli miqdarda krediti geri qaytarmayan iş adamı Hacı İbrahim Nehrəmli sahibi olduğu “Avesta” holdinqin binasını satır. Bu barədə azvision.az-a iş adamının yaxın çevrəsindən məlumat verilib.
Adının mətbuatda çəkilməsini istəməyən mənbənin sayta bildirdiyinə görə, Hacı İbrahim Bakıda hamının “milyarderlər məhəlləsi” kimi tanıdığı Teymur Əliyev küçəsindəki villasını və “Avesta” konserninin yerləşdiyi çoxmərtəbəli binanı satışa çıxarıb. sahibi olduğu binanı real alıcılara 45 milyon manata təklif edib. Beynəlxalq Bankdan götürdüyü 78 milyon dolları geri qaytara bilməyən Hacı İbrahim ona qoyulan vaxtda borcunu qaytarmaq üçün binanı real alıcı olarsa, 23 milyona satmağa hazır olduğu bildirib.
Bir neçə iş adamı bina ilə maraqlansa da Hacı İbrahim alıcı tapa bilməyib. Bina 15 mərtəbədən ibarətdir. Alt mərtəbədə sauna və bilyard zalları, ofislər yerləşir.
Bundan başqa, ölkədən qaçdığı deyilən eks-deputat Dünyamin Xəlilov borclarını qaytarmaq üçün sahib olduğu “Globus Plaza” ticarət mərkəzində böyük endirim edib. “Harvey Nichols” mağazası satdığı mallara böyük endirim elan edib. Deyilənlərə görə, obyektin sahibi elit firmanın məhsullarını misilsiz endirimlə satışa çıxarıb. Həmin mallara 60 faiz endirim elan edilib. Rəhbərliyin bu addımı atması onun nağd pula kəskin ehtiyacının yaranması ilə izah olunur. “Park Bulvar” ticarət mərkəzində də həbsdə olan bir neçə biznesmenin mağazalarında mallar “su qiymətinə” endirilib. Yeri gəlmişkən, Dünyamin Xəlilovun ticarət mərkəzində işçilər üç aydır maaş almadıqları üçün etiraz aksiyasına hazırlaşdıqları barədə də məlumatlar yayılıb.
Bundan əlavə, iki həftədən çoxdur ki, plazanın işçilərinə nahar verilməsi də dayandırılıb. Naharın kəsilməsinə səbəb kimi isə maliyyənin olmaması göstərilir. Digər məlumata görə, ticarət mərkəzinin mühafizə xidmətinin işçiləri kütləvi şəkildə işdən çıxarıla bilər.
“Turan”ın həbslərlə bağlı şərhində qeyd edilir ki, borcların tələb edilməsi prosesi hələlik iqtisadi duruma mühüm təsir göstərmir. “Lakin uzunmüddətli perspektivdə bu, həmin oliqarxların müəssisə və obyektlərinin bağlanması, ölkədən kapital axını, investisiya mühitinin pisləşməsi və sahibkarlara inamın itməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə iş yerinin itirilməsi deməkdir” deyə, agentlik bildirir.
“Yeni Müsavat”a daxil olan məlumata görə, əmlakını satışa çıxaran oliqarxlar türkiyəli biznesmenlərə müraciət ediblər. Amma türk biznesmenlər bu işdə maraqlı olmadıqlarını deyiblər. Onlar “indilikdə bu fürsətcillik olardı” desələr də, məlumata görə, əsl səbəb başqadır. Belə ki oliqarxların əmlakının böyük bir qismi “şübhəli maliyyə” ilə əldə edilib. Bu səbəbdən də türkiyəli iş adamları reputasiyalarını zərbə altına qoymaqdan çəkinirlər.
“Yeni Müsavat”