Zakir Qaralova neçə siqnal lazımdır?

23-05-2015, 08:28   
Zakir Qaralova neçə siqnal lazımdır?
Hakimiyyət xalqdan gələn siqnaldan nəticə çıxaracaqmı?


Mayın 19-da Bakının binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ölkənin gündəmini dəyişdi. Mətbuat, sosial şəbəkələr, sadə vətəndaşlar yalnız bu hadisə ətrafında müzakirə apardılar. Insanlar bu dəfə daha aqressiv idi. Hamı günahkarların cəzalandırılmasını tələb edirdi. Ölkə başçısınıdan tutmuş, şəhər merinə qədər hər kəs ittiham edilirdi. Israrla matəm elan olunması tələb olunurdu və bu gün də yanğın hadisəsi əsas mövzudur. Əslində, bütün bu reaksiyalar təbii və haqlıdır. Çünki, xəbərdarlıqlara məhəl qoyulmamışdı və hakimiyyətin yarıtmaz əməlləri nəticəsində 15 insan həlak olmuş, 60-a yaxın şəxs xəsarət almışdı.
Hadisənin bu qədər ictimai rezonans doğurması hakimiyyəti də təlaşlandırdı və prezident bununla bağlı müşavirə keçirmək zərurəti hiss etdi. Müşavirədə baş prokuror Z.Qaralov dedi ki, bu hadisənin olacağı ilə bağlı 2 siqnal verilmişdi: “Bir hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində olub. Düzdür, orada tələfat olmayıb, amma artıq bir siqnal olub ki, bu materiallar keyfiyyətsizdir. Ikinci hadisə isə 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində olub. Orada da bu material artıq yanıb. Yəni iki siqnal var idi ki, bu materiallar tam keyfiyyətsizdir və bunların istifadəsi tam yararsızdır” - deyə Zakir Qaralov bildirdi.
Bəli, bu hadisənin baş vermək ehtimalı böyük idi. Çünki, acı təcrübələrə şahidlik etmişdik. Amma bu üzləmə işi ən yüksək səviyyədə himayə olunduğuna görə bütün aidiyyatı qurumlar susmaq qərarına gəlmişdi. Əgər doğurdan da hansısa JEK müdiri, icra hakimiyyətinin məsul işçisi təqsirkar olsaydı, birinci siqnaldan sonra prosesin qarşısı alınardı. Sonrakı araşdırmalar da göstərdi ki, materialın istifadəsinə FHN-dən tutmuş, yanğından mühafizəyə qədər bütün qurumlar müsbət rəy verib və BŞIH-nin birbaşa nəzarətində olub. Yəni, işin mahiyyəti aydındı.
Amma Zakir Qaralovun “2 siqnal verilmişdi” ifadəsini bu qədər adi şəkildə səsləndirməsi insanlarda ikiqat qəzəb yaradır. Görəsən, Zakir Qaralova və digərlərinə neçə siqnal lazımdır? Necə olur ki, hansısa müxalifətçini həbs etmək lazım olanda, QHT rəhbərinin ofisində araşdırma aparmaq məsələsi ortaya çıxanda yarım siqnal da bəs edir, amma insanları təhlükədən xilas etmək üçün 2 siqnal bəs etmir? Bu məntiqlə yanaşsaq, bir nəfəri qətlə yetirmiş cinayətkarı tutmaq lazım deyil. Ikinci qətldən sonra hərəkətə keçmək lazımdır. Bu nə yanaşmadır, bu necə izahatdır? Belə çıxır ki, aidiyyatı qurumlar müstəqil deyil və yalnız PA-dan gələn siqnalı yerinə yetirirlər.
Baş prokurora xatırladırıq ki, bu yanğın olayından sonra daha bir siqnal gəldi və bu siqnalı xalq verdi. Necə? Məsələn, hökumət matəm elan etməsə də, sadə vətəndaşlar neçə gündür hadisə yerini ziyarətə çeviriblər, binanın önünə qərənfillər, şamlar düzürlər. Insanlar hadisə yerinə axın edirlər. Yəni, hakimiyyət qəbul etməsə də, xalq bu hadisəni matəm kimi qeyd edir. Və ya hakimiyyət sintetik üzlüklərin sökülməsinə start verməmişdən öncə, insanlar yaşadıqları binanın üzlüklərini sökməyə başladılar. Bəli, insanlar artıq əməlləri ilə etriaz etdilər və hakimiyyətə daha bir siqnal verdilər. Bugünə qədər baş verən hadisələrdən fərqli olaraq, bu yanğın insanları şəxsi təşəbbüslərini həyata keçirməyə məcbur etdi.
Yaxşı olar ki, hakimiyyət bu nüansları da siqnal kimi qəbul etsin. JEK müdirini, hansısa 5-ci dərəcəli adamları həbs etmək çıxış yolu deyil. Əgər xalqın verdiyi siqnallara adekvat reaksiya verilməsə, bu gün siqnala biganə qalan adamların özləri də yanacaqlar. O zaman isə bu səlahiyyət sahiblərini yanğından xilas etmək mümkün olmayacaq.
Cənablar, siqnallardan dərs çıxardın. Siqnalları saymaqla yox, effektli iş görməklə məşğul olun.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.