Borclulardan kreditin ödənilməsinin dərhal istənilməsi nə dərəcədə qanunidir?
Beynəlxalq Bankdan alınan kreditlərlə bağlı başlanılan həbs prosesi bir sıra maraqlı detalları üzə çıxardı. Qafqaz Inkişaf Bankı Müşahidə Şurasının sədri Eldar Ismayılovun açıqladığı bir sıra məqamlar məsələyə aydınlıq gətirməklə yanaşı bir sıra haqlı suallar yaradır. E.Ismayılov bildirib ki, digər banklar kimi onların da bankı Beynəlxalq Bankdan kredit götürüb. Kreditin ödənilməsi müddəti 2017-ci ildə başa çatır. Amma hazırda bu işlə məşğul olan müvafiq təşkilatlar kreditin ödənilməsini nəzərdə tutulan zamanda deyil, daha tez ödənilməsini istəyirlər:
“Beynəlxalq Bank yaranmış iqtisadi vəziyyətlə bağlı verdiyi kreditlərin vaxtından əvvəl ödənməsini xahiş edib. Məni bununla əlaqədar DIN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə dəvət etdilər. Orada əsasən onunla maraqlandılar ki, bizim bank götürdüyü krediti necə qaytarmağa hazırlaşır. Mən də orada izahat verdim. Biz razılaşdıq ki, Beynəlxalq Bankdan götürdüyüm krediti vaxtından əvvəl ödəyək. Bizim Beynəlxalq Bankdan götürdüyümüz kreditin məbləği o qədər də böyük deyil. Faizləri nəzərə almasaq, üst-üstə 9 milyon manat kredit borcumuz var. O pulu da bir neçə dəfəyə götürmüşük. Bu gün o borcdan 2 milyon manatı ödədik. Beynəlxalq Bankdan götürdüyümüz pulları artıq kredit şəklində sahibkarlara vermişik. Onlardan həmin pulları geri qaytarmalarını tələb etmək problem yaradar. Ona görə də alternativ mənbələr axtarırıq ki, Beynəlxalq Bankın xahişinə əməl edə bilək”.
E.Ismayılovun sözlərinə görə, o, Beynəlxalq Bankın kredit borclarını vaxtından əvvəl bağlamaq istəyinə anlayışla yanaşır: “Əgər bank rəhbərliyi öz borcunu tələb edirsə, bütün borcluların bunu başa düşməsi lazımdır. Indi ağır iqtisadi vəziyyət yaranıb. Bu vəziyyətdə içində olduğumuz gəmini yırğalamaq olmaz. Bizim bank o qədər də böyük deyil. Kredit borclarımızı bağlamağa hər cür imkanımız var. Bizim bank bu vəziyyətdən alnıaçıq çıxacaq və digər banklara nümunə olacaq”.
Bununla belə bankir etiraf edir ki, Beynəlxalq Bankın bu tələbi Qafqaz Inkişaf Bankının işinə təsirsiz ötüşməyəcək: “Təbii ki, bunun bizim işimizə təsiri olacaq. Bu məbləğ bizdən ötrü böyük məbləğdir. Bu da bizim gələcək planlarımıza öz təsirini göstərəcək”.
Açıqlamadan göründüyü bankir açıq şəkildə etiraf edir ki, ondan götürülmüş kreditin vaxtından əvvəl qaytarılmasını istəyirlər. Bu isə bankın fəaliyyətinə təsirsiz ötüşməyəcək. Amma bu addım nə dərəcədə qanunidir?
Samir Əliyev: “Məsələ məhkəməyə qədər gedib çıxmayıbsa, prosesə hüquq-mühafizə orqanlarının qarışmaq hüququ yoxdur”
Iqtisadçı Samir Əliyev bildirdi ki, konkret olaraq bankirin açıqlamasına qiymət vermək çətindir. Çünki ekspert hesab edir ki, bu fikirləri söyləyən adamın nə dərəcədə səmimi olduğu bilinmir. Amma bununla belə bir reallıq var. O da odan ibarətdir ki, Beynəlxalq Banka geri qaytarılmayan kreditlər həddindən artıq şişib və onların həcmi artıq milyardlarla ölçülür: “Ölkədə problemli kreditlərin böyük hissəsi Beynəlxalq Bankın payına düşür. Müvvəqəti olaraq saxlanılan, sorğu-suala cəlb olunan şəxslərin bu proseslərdə hansı rolu oynadığı bilinmir. Əgər problemli kreditlər varsa, cərimələr tətbiq olunur, bank məhkəməyə müraciət edir və məhkəmə qərar verir. Məhkəmə qərarı da icra olunmalıdır. Əgər məsələ məhkəmə həddinə qədər gedib çatıbsa və vəsaitlər ödənilmirsə, artıq onların barəsində ölçü götürülə bilər. Yox əgər məsələ məhkəməyə qədər gedib çıxmayıbsa, o zaman bu prosesə hüquq-mühafizə orqanlarının qarışmaq hüququ yoxdur. Insanlardan pulun bu cür tələb olunması qanuna ziddir”.
Müzəffər Baxışov: “Borc götürən kredit müqaviləsinin şərtlərinə əməl edirsə, borcun vaxtından əvvəl istənilməsi qanuna ziddir”
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, kredit müqaviləsi bir borc müqaviləsidir. Və Mülkü Məcəlləyə görə, borc verən borc müqaviləsini o zaman ləğv edə bilər ki, ödəyənin vəziyyətinin ağır olduğunu görsün və həmin məbləğin qaytarıla bilməyəcəyi barədə onda ciddi şübhələr olsun: “Əgər Beynəlxalq Bank müəyyən etsəydi ki, Qafqaz Inkişaf Bankı iflas ərəfəsindədir və götürdüyü krediti ödəyə bilmir, o zaman Beynəlxalq Bank borcun dərhal ödənilməsini tələb edə bilər. Digər hallarda isə əgər kredit müqaviləsi varsa və onun şərtlərinə borc götürən əməl edirsə, o zaman həmin müqavilənin vaxtından əvvəl ləğv edilməsinə qanun icazə vermir”.
M.Baxışovun sözlərinə görə, Insan Hüquqları Haqqında Avropa Konvensiyasına görə, kimisə borcu ödəmədiyinə görə cinayət məsuliyyətinə cəlb etmək özü qanunsuzdur. Azərbaycan da həmin konvensiyaya tərəfdaş çıxıb. Amma bura Azərbaycandır. Insanları borc müqaviləsinə və digər hərəkətlərə görə, qanun icazə verməsə də cinayət məsuliyyətinə cəlb edib, cəzalandırırlar".
M.Baxışov onu da bildirdi ki, bütün bunlar Azərbaycanın hüquq sisteminin düzgün işləməməsi ilə bağlıdır. “26 aprel 2000-ci ildə Zakir Qaralov baş prokuror təyin edilməklə Azərbaycanın hüquq sistemi məhv edildi”, deyə M.Baxışov bildirdi.
Hikmət