Beynəlxalq Bank rəhbərliyi məşhur iş adamını çox ağır şərtlərdə kreditlərlə “yükləyib”miş
“Oliqarxgeyt” işi davam edir. Hər gün yeni həbs xəbərləri, təfərrüatlar üzə çıxır. İş üzrə istintaqa cəlb olunanlar sırasında məşhur iş adamı, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli də var.
Necə oldu ki, “Xəzər Adaları” kimi nəhəng proyekti həyata keçrirən konserinin rəhbəri kredit qalmaqalı üzrə istintaqa cəlb edildi?
Redaksiyamıza daxil olan məlumata görə Hacı İbrahim çox ağır şərtləri olan kredit müqavilələrinə imza atmalı olub. Məlumatı verən mənbənin iddiasına görə, o, reallaşdırılmasını boynuna götürdüyü böyük proyektə kreditlər almaq üçün Beynəlxalq Bankla müqavilə bağlayıb. Sonradan isə müqavilə şərtləri bank rəhbərliyi tərəfindən qeyri-rəsmi olaraq dəyişdirilib. Hacı İbrahim Nehrəmliyə bildirilib ki, şərtləri qəbul etməyəcəyi təqdirdə ona maliyyə ayrılması dayandırılacaq.
“Məcburiyyət qarşısında şərtləri qəbul edən iş adamın maliyyə vəziyyəti günü-gündən pisləşib” – deyə mənbə bildirib.
Bank tərəfindən irəli sürülən şərtə görə hər dəfə ayrılan kreditin böyük əksəriyyəti mal-material şəklində Hacı İbrahimə verilib.
Haqlı olaraq deyilə bilər ki, Beynəlxalq Bank və onun sabiq rəhbəri Cahangir Hacıyev tikinti materialları istehsal etmir. Məsələ bundadır ki, bank rəhbərinin, konkret olaraq C.Hacıyevin yaxın çevrəsində Rusiyadan və Ukraynadan tikinti materialları gətirən iş adamları olub. Həmin iş adamalrının gətirdiyi tikinti materialları Hacı İbrahimə kreditə almalı olduğu pulun böyük hissəsinin əvəzinə verilib. Məsələn, Hacı İbrahim Beynəlxalq bankla 10 milyon kredit müqaviləsi bağladığı zaman ona bu məbləğin 30 faizini nağd pulla, yerdə qalanını isə armatur və digər tikini materialları şəklində veriblər.
Qaynağımız deyib ki, bağlanan qeyri-rəsmi kredit müqaviləsinin şərtinə görə, Tahir adlı iş adamı Hacı İbrahim Nehrəmliyə Ukraynadan armatur daşıyıb. Azərbaycanda armaturun 1 tonunun qiyməti 750 manatdır. Ukraynada qat-qat ucuz qiymətə alınan armaturun 1 tonu Hacı İbrahim Nehrəmliyə 840-860 manata verilib. Hacı İbrahim isə tikinti aparmaq üçün lazım olan vəsaiti əldə etmək üçün Ukraynadan gətirilən armaturun tonunu 720 manata olmaqla satışa çıxarıb. Beləcə, tikinti materaillarını çox baha qiymətə alıb ucuz qiymətə satmaq məcburiyyətində qalan iş adamı çətin duruma düşüb. O, kreditin faizi ilə birgə geri ödəmək öhdəliyinin öhdəsindən gələ bilməyib.
Ən maraqlı məqam isə kreditin faizlərini geri ödəyə bilməyən iş adamına yenidən və daha böyük məbləğlərdə kreditlərin verilməsidir.
Gələn məlumatlar onu deməyə əsas verir ki, həddən ziyadə “yüklənmiş” iş adamının çöküşü “oliarxgeyt” işi baş tutmasaydı belə labüd idi.
Qeyd edək ki, hazırda Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaqla bağlı öhdəlik götürüb. Bir neçə gün əvvəl “Avesta”dan verilən məlumata görə, həmin kreditlərin qaytarılması üçün nəzərdə tutulan müddət 2019-cu ildə başa çatır: “Buna baxmayaraq, Hacı İbrahim Nehrəmli banka borclu olduğu kreditin yaxın 2-3 ay ərzində qaytarılması üçün öhdəlik götürüb və hazırda bu istiqamətdə çalışır”.
E.HÜSEYNOV/musavat.com/