BMT baş katibinin xüsusi nümayəndəsi Zeynəb Banqurin münaqişə zonasındakı qadınların vəziyyətinə dair hesabatında İŞİD döyüşçülərinin kölə kimi satdığı qadınlar arasında azərbaycanlıların da olduğunu deyib.
Hesabatda göstərilir ki, Rakka şəhərindəki seks kölələrinin bazarında yezidilər, xristianlar, şiələr, türklər, azərbaycanlılar və türkmənlər var.
Qeyd edək ki, indiyədək İŞİD-ın qadınları kölə kimi satdığını təsdiqləyən onlarla fakt, məlumat və reportajlar yayılıb.
ANS PRESS-in məlumatına görə, “Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının rəhbəri Mehriban Zeynalova virtualaz.org-a bildirib ki, kölə kimi satılan azərbaycanlı qadınlar əsasən ərlərinin təkidi ilə ölkədən gedənlərdir: “Müşahidələr göstərir ki, onlar münaqişə zonasına ərlərinin tələbi ilə gedirlər. BMT-nin də təsdiqlədiyi kimi, qadınların kölə kimi satılmasında insan alverinin elementləri mövcuddur”.
Hüquq müdafiəçisinin fikrincə, qadınların geri - vətənə qayıtmaları üçün ilk növbədə əsas güc yenə BMT-nin, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının üzərinə düşür: “Çünki əvvəlcə BMT bu qadınların vətəndaşlığını dəqiqləşdirməli, bundan sonra məxfilik gözlənilməklə qadınlar haqqında mənsub olduqları ölkələrin dövlət qurumlarına məlumat göndərilməlidir. Beynəlxalq Miqrasiya Təşkilatı isə qadınların öz ölkələrinə qayıtmalarına çalışmalıdır. Bu qadınlar ərləri tərəfindən ideoloji beyinyuma prosesi ilə üzləşmiş şəxslər olduqlarından məsələyə həssas yanaşmaq lazımdır”.
Qeyd edək ki, BMT-nin insan alverinə dair ötənilki hesabatında da transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə və regionlarda rast gəlindiyi göstərilmişdi.
Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il 20 milyondan artıq şəxsin insan alverinin qurbanına çevrildiyi güman edilir. İnsan alveri qurbanları arasında məcburi əməyə cəlb olunanların sayı isə 40 faizədək artıb.
Hesabatda göstərilir ki, insan alveri qurbanlarının 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Qurbanların 21 faizi azyaşlı uşaqlardır.
Azərbaycana gəldikdə isə ötən il həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri nəticəsində insan alveri ilə bağlı 23 cinayət işi üzrə 105 fakt müəyyən edilib. Həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub.
İnsan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 26 şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 54 nəfər (51 qadın, 3 kişi, onlardan 3-ü əcnəbi şəxsdir) müəyyən edilib.
Ötən il insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib, 1 mütəşəkkil dəstə yaxalanıb.
İnsan alverinin qurbanı olan 38 nəfər (35 qadın, 3 kişi, o cümlədən 3 əcnəbi şəxs) təhlükəsiz sığınаcаğа yerləşdirilib. Onlardan iki nəfəri “Təmiz Dünya” təşkilatının sığınacağında məskunlaşıb.