Hafiz Məmmədov yerini gizlədir

25-05-2015, 09:04   
Hafiz Məmmədov yerini gizlədir

Beynəlxalq Banka borca görə ölkədən qaçdığı deyilən iş adamı Londonda, yoxsa Almaniyadadır?

Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işində adı keçən iş adamı Hafiz Məmmədovun (“Hafka”) ölkədən qaçması barədə xəbər ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Xəbərlərə görə, Hafiz Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsi mayın 18-də həbs qərarı versə də, iş adamını həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl - mayın 16-da “Hafka” ölkədən qaça bilib. Bu xəbər ictimailəşəndən sonra “Hafka” ilə bağlı müəmma daha da artıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ölkə.az saytına açıqlamasında bildirib ki, bu işlə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq lazımdır.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bu məsələdən məlumatsız olduğunu vurğulayıb: “Məndə bu barədə nə yazılı, nə də şifahi heç bir məlumat yoxdur”. “Hafka”nın ölkədən qaçması xəbəri yayıldıqdan sonra onun prezidenti olduğu klubun saytında “Hafiz Məmmədov ”Neftçi" ilə baş tutan Premyer Liqa matçından sonra komanda üzvlərini təbrik edib" başlıqlı xəbər yerləşdirilib. Bununla da o, guya ölkədə olduğu, oyunçuları təbrik etdiyi rəyini yaratmağa cəhd edib. Halbuki “Neftçi” ilə “Bakı”nın oyunu mayın 22-də keçirildiyi halda, “Hafka” mayın 16-dan ölkədən çıxıb. Onun təbrik mətnini oyundan sonra deyil, qaçması barədə məlumatından sonra yayması da “Hafka”nın məqsədinin məhz ictimaiyyəti çaşdırmaq olduğunu göstərib. Maraqlıdır ki, bir neçə saat sonra bu təbrik mətni klubun rəsmi saytından çıxarılıb.

H.Məmmədov virtualaz.org saytına qısa açıqlamasında yayılmış xəbərlərin doğruluğunu təsdiqləyib.



“Hafka” ölkədə olmadığını, ancaq qaçmadığını deyib:"Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm".

“Hafka” onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda məlumatları da təkzib edib: “”Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram".

Barəsində həbs qətimkan tədbirinin seçildiyi və ölkədən qaçdığına dair məlumatlar yayılan bir dövrdə “Hafka”nın “xəstələnərək” Londona getməsi təsadüfə oxşamır. İkinci bir tərəfdən, “Hafka” müalicəyə niyə Londonu seçməsi maraq doğurur. Çünki Avropada ən yaxşı müalicə İngiltərədə yox, Almaniyadadır. Üstəlik, London rütubətli şəhər kimi ayaq xəstəlikləri olanlar üçün uyğun məkan deyil. “Yeni Müsavat”a verilən məlumata görə, “Hafka” Londonda olmasını deməsi şübhəlidir. Onun Almaniyada olduğu iddia edilir. Qeyd edək ki, “Hafka”nın qardaşı Zeynal Məmmədov da xaricdə yaşayır. Məlumata görə, Zeynal Məmmədov qardaşından ayrılaraq Latviyada trikotaj fabriki alıb.

Hələ halda, bu həftə “Hafka” ilə bağlı müəmmaya aydınlıq gələcəyi gözlənilir.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.