Riqa sammitində qəbul olunmuş Bəyannamədə Avropa Ittifaqı tərəfdaş ölkələrin üzərinə hansı öhdəlikləri qoyub?
Avropa Ittifaqı «daha çox islahat, daha çox dəstək» formulunu seçdi
«Yalnız islahatlar sahəsində ciddi uğurlar qazanan ölkələr Avropa Birliyinin daha böyük dəstəyinə ümid edə biləcək»
Mayın 21-22-də Riqada Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” sammiti keçirildi. Sammitdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin birgə bəyannaməsi imzalandı. Imzalanan sənəd barədə müəyyən məlumatlar verilsə də, Bəyannamənin tam mətni açıqlanmamışdı. Sənəd nəhayət, dünən açıqlanıb. Bəyannamənin mətnini ixtisarla təqdim edirik:
***
Dövlət və hökumət başçıları, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldovanın, həmçinin Avropa Ittifaqının nümayəndələri, bu quruma üzv ölkələrin dövlət-hökumət başçıları mayın 21-də və 22-də Riqada görüşüb. Görüşdə həmçinin Avropa Parlamentinin prezidenti, Regionlar Komitəsinin, Avropa Iqtisadi və Sosial Komitəsinin, Avropa Investisiya Bankının, Avropa Yenidənqurma və Inkişaf Bankının, “Avronest” Parlament Assambleyasının nümayəndələri də iştirak edib.
Riqa sammitinin iştirakçıları bir daha Şərq Tərəfdaşlığının əhəmiyyətini, bu proqrama yüksək dəyər verdiklərini vurğulayırlar. Onlar strateji tərəfdaşlıq, stabil islahatlar prosesinə dəstək məsələsində həmrəy olduqlarını bildiriblər.
Sammit iştirakçıları bu tərəfdaşlığın mərkəzində dayanan demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyi, insan haqları və əsas azadlıqların qorunması, həmçinin beynəlxalq hüquq norma və prinsiplərinə əməl olunması kimi məsələlərə sadiqliklərini də qeyd edirlər. Onlar xatırladır ki, Şərq Tərəfdaşlığı ümumi məsuliyyətə əsaslanır. Həmçinin bu ümumi baxışın reallığa çevrilməsində bütün cəmiyyətin iştirakının vacibliyini vurğulanır.
Sammit iştirakçıları Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində hər bir partnyorun Avropa Ittifaqı ilə münasibətlərdə azad seçim hüququnu təsdiqləyir. Avropa Ittifaqı və onun tərəfdaşları öz münasibətlərində necə davranmaq məsələsində qərar verməklə bağlı sərbəstdir.
Avropa Ittifaqı bütün tərəfdaşlarının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyinə sadiqliyini bildirir. Helsinki Aktında (1975) və Paris Xartiyasında (1994) öz əksini tapmış bütün prinsip və öhdəliklərə ATƏT üzvü olan ölkələr tərəfindən əməl olunması, eləcə də BMT Nizamnaməsinin müddəa və prinsiplərinə hörmət
Avropanın azad, demokratik, sülhün bərqərar olduğu və bölünməz məkan olması baxımından da həlledici əhəmiyyət kəsb edir.
Sammit iştirakçıları Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi prinsipinə əsaslanaraq, bu ölkədəki gərginliyin siyasi yolla aradan qaldırılması cəhdlərini dəstəkləyir. Onlar tərəfləri Minsk razılaşmasına əməl etməyə çağırır.
Sammit iştirakçıları bir daha bəyan edir ki, “Şərq Tərəfdaşlığı” təşəbbüsünün məqsədi Avropa Ittifaqı ilə onun suveren tərəfdaşları arasında müxtəlif tipli münasibətlərin inkişaf etdirilməsidir. Tərəfdaşlığın miqyası Avropa Birliyi və tərəfdaşların məqsəd və ehtiyaclarına əsasən müəyyən olunur. Eyni zamanda, bu, islahatların sürətindən asılıdır.
Sammit iştirakçıları hesab edir ki, demokratiya, insan hüquqları və əsas azadlıqlara hörmət, qanunun aliliyi siyasi assosiasiya və iqtisadi inteqrasiya proseslərinin əsasını təşkil edir. Onlar həmçinin maraqlı tərəflərin bu dəyərləri yaymaq və həyata keçirmək öhdəliyini qəbul edir. Sammit iştirakçıları eyni zamanda, maraqlı tərəflərin avrointeqrasiya səylərini və Avropa seçimini qəbul edir.
Sammit iştirakçıları 2013-cü ildə keçirilən Vilnüs sammitindən sonra Gürcüstan, Ukrayna və Moldova ilə Assosiasiya müqavilələrinin imzalanmasını “Şərq Tərəfdaşlığı” təşəbbüsü baxımından ciddi uğur hesab edir. Bu, adıçəkilən tərəfdaş ölkələrin Avropaya siyasi və iqtisadi inteqrasiyasının sürətlənməsi baxımından vacib addımdır.
Avropa Ittifaqı indiyədək olduğu kimi, bundan sonra da Ukrayna, Moldova və Gürcüstana dərin və genişmiqyaslı islahatların aparılması üçün zəruri olan tədbirlərin həyata keçirilməsində əhəmiyyətli dəstəyini davam etdirəcək. Avropa Ittifaqının strukturları bu ölkələrdə orta və kiçik biznesin inkişafını təmin etmək üçün mühüm investisiya proqramlarının həyata keçirilməsini təmin edəcək. Islahatlar sahəsində böyük uğurlar qazanmış ölkələr Avropa Birliyinin daha böyük dəstəyinə ümid edə biləcək. Ümumiyyətlə, Avropa Ittifaqının bütün tərəfdaşlarına maliyyə dəstəyi onların islahatların aparılması istiqamətindəki addımlarından asılı olacaq.
Sammit iştirakçıları vurğulayır ki, Assosiasiya və Azad Ticarət Zonası müqavilələrinin islahatlarla paralel olaraq həyata keçirilməsi bu ölkələri Avropa qanunvericiliyinə və standartlarına maksimum yaxınlaşdıracaq. Bu da tərəfdaşların Avropanın daxili bazarına tədricən iqtisadi inteqrasiyası baxımından imkanlar açacaq. Sammit iştirakçıları hesab edir ki, maraqlı tərəflərin uzunmüddətli plan əsasında Avropaya iqtisadi inteqrasiyası birliyin iqtisadi cəhətdən genişlənməsinə və bu prosesə cəlb olunan ölkələrdə maddi həyat şəraitinin ciddi şəkildə yaxşılaşmasına gətirib çıxaracaq.
Sammit iştirakçıları demokratik cəmiyyətlərin qurulmasında mətbuatın çox ciddi rol oynaması amilini xüsusi vurğulayaraq, bundan sonra da media azadlığını dəstəkləyəcəklərini bəyan edir.
Sammit iştirakçıları Avropanın maliyyə təşkilatlarının sərəncamında olan maliyyə vəsaitlərinə asan çıxışın təmin olunmasının vacibliyini bildirir.
Sammit iştirakçıları eyni zamanda, müstəqil məhkəmə sisteminin möhkəmləndirilməsi, korrupsiyaya qarşı ciddi mübarizə, hakimiyyət strukturlarının islahatları, vətəndaşların hökumət institutlarına inamının formalaşdırılması, Avropa Ittifaqı və tərəfdaşları arasında münasibətlərin gücləndirilməsi kimi məsələləri prioritet hesab etdiyini bildirir. Qanunun aliliyinin, hakimiyyət institutlarının səmərəli fəaliyyətinin təmin olunması, investisiyaların cəlb edilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Sammit iştirakçıları Avropa Ittifaqı ilə Azərbaycan arasında ən müxtəlif sahələrdə əlaqələrin bundan sonra da artan xətt üzrə inkişafını dəstəklədiyini bəyan edir.
Sammit iştirakçıları Avropa Ittifaqı və Beynəlxalq Valyuta Fondu ilə Ukrayna arasında razılaşdırılmış proqramlara uyğun olaraq, makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində göstərdiyi dəstəyi alqışlayır.
Sammit iştirakçıları Ukrayna və Gürcüstanla Avropa Ittifaqı arasında viza rejiminin liberallaşdırılması sahəsindəki tərəqqini alqışlayır. Həmçinin bu iki ölkə ilə viza rejiminin tam liberallaşdırılmasını təmin etmək üçün zəruri olan ikinci fazanın bu il ərzində yerinə yetirilməsini gözləyir.
Avropa Ittifaqı Ukrayna, Moldova və Gürcüstanda kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə yeni proqram reallaşdırmağa başlayıb.
***
Onu da qeyd edək ki, Azərbaycan hökuməti bu sənədi çox çətinliklə imzalayıb. Hökumət əvvəlcə Bəyannaməni imzalamağa razılaşmayıb. Yayılan məlumatlara görə, Avropa Komissiyasının prezidenti Donald Tusk iki dəfə telefonla Ilham Əliyevlə danışmalı olub.
Informasiya şöbəsi
azadliq.info