Həbslər “Bank Technique”yə çatdı

26-05-2015, 09:00   
Həbslər “Bank Technique”yə çatdı
İstintaqa cəlb edilən iki oliqarx haqda yeni şok bilgilər; Cahangir Hacıyevin idarəçiliyində olan bankın rəhbərinin saxlandığı deyilir; bu bankdan da iri məbləğli, özü də heç bir girov qoyulmadan kreditlər götürülüb; Mərkəzi Bank rəhbəri Elmar Rüstəmov revanşa hazırlaşır
İri oliqarxların həbsi ilə bağlı başlanmış “Beynəlxalq Bank işi”nin istintaqı “Bank Technique”ya da çatıb ki, əslində bu, gözlənilən idi. Çünki 2012-ci ilin aprelində “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev və bir sıra məsul şəxslər həbs edildikdən sonra bu bank Beynəlxalq Bankın İdarə Heyətinin rəhbəri Cahangir Hacıyevin idarəçiliyinə keçmişdi. O zaman “Texnikabank” ASC-yə nəzarət uğrunda Mərkəzi Bank rəhbəri Elmar Rüstəmov da səy göstərirdi.

Amma hakimiyyətdən ciddi dəstəyi olan C.Hacıyev banka nəzarəti ələ aldı və E.Rüstəmov oyundankənar vəziyyətdə qaldı. Bundan sonra bankın adı dəyişdirilərək “Bank Technique” adlandırıldı, Cahangir Hacıyevin müavini Rövşən İsmayılov Etibar Əliyevin yerinə gətirildi. “Bank Technique” Müşahidə Şurasının yeni tərkibi də (Fuad Mürşüdlü və Rauf Ağayev) C.Hacıyevin işçilərindən təşkil edildi. Məhz bu səbəblərdən “maliyyə xəyanəti” ilə bağlı araşdırmaların tezliklə “Bank Technique” çatacağı gözlənilən idi.

***
Hüquq-mühafizə orqanlarına istinadən verilən məlumata görə, “Bank Technique” sədri Rövşən İsmayılov ötən həftəsonu saxlanılıb. R.İsmayılovun “Beynəlxalq Bank işi”nin istintaqını aparan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı deyilir.




Məlumata görə, Rövşən İsmayılov mayın 22-də həbs olunub. Saxlanılanlar sırasında bankın “Xəzər” filialının rəhbəri olan Fərid Məmmədovun (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı) adı da çəkilib. Onun kabinetindən 4 milyon dollar nağd pul çıxması barədə xəbərlər yayılıb. Məlumatlara görə, “Bank Technique”da ciddi yoxlamalar başlayıb. Yoxlamalar nəticəsində yeni həbslərin olması istisna deyilir.



“Bank Technique” onlarda yoxlama aparılması və həbs edilənlər barədə xəbərləri hələ ki təsdiqləmir. Amma “Oliqarxların işi” ilə bağlı başlamış istintaq çox ciddi məxfiliklə aparılır, həbs edilənlərlə bağlı rəsmi məlumat yayılmır. Bu baxımdan “Bank Technique”da mümkün həbslərin məxfi saxlanması təəccüblü deyil. Redaksiyamıza məlumat verən mənbə deyib ki, “Bank Technique” həbslər qaçılmazdır. Ən azı o səbəbdən ki, C.Hacıyevin paytaxt Bakıda elit yaşayış binalarının - “Azure Park” yaşayış kompleksinin tikintisini “Bank Technique” maliyyələşdirib. Böyük ehtimalla bankdan bu pulların tikintiyə yönəldilməsi araşdırılacaq.




Məlumatlı mənbə deyib ki, “Bank Technique” dən də iri məbləğli, özü də heç bir girov qoyulmadan kreditlər götürülüb. Bu işdə də bəzi oliqarxların və iş adamlarının adı keçir. Aydındır ki, C.Hacıyevin razılığı olmadan iri məbləğlə kredit verilə bilməzdi. “Bank Technique” böyük məbləğdə və həm də girovsuz kredit götürmüş adamlar sırasında vəzifəli məmurların yaxın adamlarının olduğu da deyilir. Daha bir maraqlı məlumat “Bank Technique”yə nəzarət uğrunda yenidən mübarizə başlaması barədədir. İddialara görə, “Bank Technique” rəhbərliyində “əl dəyişmə” tezliklə gerçəkləşəcək. Daha 5 il Mərkəzi Banka rəhbərlik edəcək Elmar Rüstəmov bu dəfə ciddi revanşa hazırlaşır. O, “Bank Technique”də nəzarəti ələ alacaq və yaxın adamlarından ibarət İdarə Heyəti formalaşdıracaq. Amma bütün bunlar yalnız “Bank Technique” ilə bağlı araşdırmalar tam bitdikdən sonra gerçəkləşəcək...

***

“Oliqarxgeyt işi”ilə bağlı da yeni sensasion məlumatlar yayılıb. Son günlər həbsi barədə məlumatlar yayılan tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti ləğv olunub. Bu barədə publika.az-a Hacı İbrahimin köməkçisi məlumat verib.



Məlumatda qeyd olunur ki, iş adamı Beynəlxalq Banka olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə “Avesta Concern”in bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib. Bundan əlavə, şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

İşdən çıxanlar arasında “Avesta Concern”in vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. İşçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifələrini icra etmək üçün şirkətə çağırılacaq. İşdən çıxarılanlar arasında ötən il Hacı İbrahim tərəfindən Azərbaycana dəvət olunmuş və yüksək məvaciblə “Avesta Concern”də işə götürülmüş dünyanın bir sıra populyar modelləri də var.



Futzal üzrə son Azərbaycan çempionu, Hacı İbrahimin sahibi olduğu “Xəzər adaları” da 2015-2016 mövsümü UEFA kubokunda iştirakdan imtina edib. Turnirdən iştirakdan imtinaya səbəbi klubun sahibi Hacı İbrahimin həbs olunması və klubun maddi durumunun acınacaqlı vəziyyətə düşməsidir.

Daha bir sensasion məlumata görə, Hacı İbrahimi Beynəlxalq Bankdan çox ağır şərtlərlə kredit alması bitirib. Bir mənbənin “Yeni Müsavat”a verdiyi xəbərə görə, o, reallaşdırılmasını boynuna götürdüyü böyük proyektə kreditlər almaq üçün Beynəlxalq Bankla müqavilə bağlayıb. Sonradan isə müqavilə şərtləri bank rəhbərliyi tərəfindən qeyri-rəsmi olaraq dəyişdirilib. Hacı İbrahimə bildirilib ki, şərtləri qəbul etməyəcəyi təqdirdə ona maliyyə ayrılması dayandırılacaq.

“Məcburiyyət qarşısında şərtləri qəbul edən iş adamın maliyyə vəziyyəti günü-gündən pisləşib” deyə, mənbə bildirib.

Bank tərəfindən irəli sürülən şərtə görə hər dəfə ayrılan kreditin böyük əksəriyyəti mal-material şəklində Hacı İbrahimə verilib.



***
Həbsdəki daha bir oliqarx Nizami Piriyevin vəkili isə müvəkkilinə işgəncə verilməsi barədə bəyanat yayıb. “Artıq bir neçə gündür ki, mən döyülürəm və qeyri-insani rəftarla üz-üzəyəm. Cümə günündən (mayın 22-dən-red.) etibarən məni hər gün bir neçə dəfə döyürlər. Mən vəkilim Muxtar Mustafayevdən bununla bağlı Baş Prokurorluğa və MTN-ə müraciət etməyi xahiş etmişəm” deyə, vəkil Muxtar Mustafayev virtualaz.org-a göndərdiyi məktubda qeyd edib.

M.Mustafayev deyib ki, ona müvəkkili ilə görüşməyi qadağan edirlər. Bununla belə, vəkil də oliqarx N.Piriyevin üzləşdiyi pis rəftar barədə məlumatlı olduğunu bildirib.

Xatırladaq ki, oliqarx Nizami Piriyev bir müddət əvvəl saxlanılıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Nizami Piriyev “PNN Group” şirkətinin sahibidir. Onun oğlu Nəsib Piriyev isə həmtəsisçilərindən biridir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi sahəsində ixtisaslaşan və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətidir.

***
Xəbərlərə görə, iqtidar Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar “oliqarxqeyt işi” ilə bağlı xəbərləri qismən ikinci plana keçirməkdə maraqlıdır. Amma tapşırığa görə, istintaq işini hərtərəfli davam etdirəcək. İndi əsas diqqət ölkədən qaçdığı deyilən iş adamlarının (onların sırasında Dünyamin Xəlilovdan, Hafiz Məmmədovdan başqaları da var) həbsinə nail olmaqdır. Məlumata görə, banklara borclu olub ölkədən qaçanların siyahısı kifayət qədər genişdir və hələ bu işdə çox adamlar azadlıqlarını itirəcəklər...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.