Pirverdiyevin azadlıq “işığı”na ciddi təhlükə!

27-05-2015, 08:34   
Pirverdiyevin azadlıq “işığı”na ciddi təhlükə!

Daha bir şirkət rəhbəri qandallandı; Beynəlxalq Bank işi ilə bağlı istintaq çağırılan “Azərenerji” rəhbərinə növbəti zərbə - həbsdəki şəriki ona qarşı ifadə verib; “City Devoloper” MMC-nin baş direktoru da bank borcuna görə təcridxanaya göndərildi; dövlət başçısının “bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru” sözləri daha kimlərin sonunu gətirəcək?

Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb qaytarmayan iş adamları ilə bağlı başlanmış istintaqda yeni mərhələ başlayıb. Həbs edilənlərlə bağlı rəsmi məlumatlar çox azdır və bu da bu işlə bağlı müəmmanı daha da artırır. Amma bu işdə çətinlik çəkən təkcə media deyil, hətta istintaqa cəlb olunanlar belə nə vaxt DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılacağını, barəsində məhkəmə qərarı verilib-verilməyəcəyini dəqiq bilmirlər.

Təsadüfi deyil ki, prezident İlham Əliyev yanğınla bağlı müşavirədə iş adamlarının həbsindən danışarkən “Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Cinayət törətmisənsə, get, cəzasını çək” deyə, sərt mövqe ortaya qoyub.

Son günlər “Azərenerji” prezidenti Etibar Pirverdiyevin istintaqa cəlb edilməsi ilə bağlı xəbərlər intensivləşib. İlk olaraq “Yeni Müsavat” E.Pirverdiyevin mayın 19-da BMCMİ-yə çağırılması barədə xəbər yayıb. Xəbərdə bildirilirdi ki, E.Pirverdiyev idarədə bir neçə saat dindirilib. Məlumatda o da bildirilirdi ki, E.Pirverdiyevin rəhbərlik etdiyi qurum Beynəlxalq Banka olan 104 milyon manat məbləğində krediti qaytarmayıb. E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılsa da, onun Bayraq Meydanı İdarəsinin sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun korrupsiya əməllərinə görə də başının ağrıya biləcəyi qeyd olunurdu. Çünki Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Virtualaz.org saytı mötəbər qaynaqlardan məlumat əldə edib ki, Rəşad Məmmədov Etibar Pirverdiyevə qarşı ifadə verib. Söhbət on milyonlarla dollarlıq yeyinti faktından gedir. Mənbə bildirib ki, Rəşad Məmmədovun istintaqa verdiyi ifadə əsasında “Azərenerji” rəhbərinin də istintaqa çağırılacağı gözlənilir.



Saytın iddiasına görə, Etibar Pirverdiyev Rəşad Məmmədovla biznes ortağı olub. Dövlət Bayrağı Meydanı kompleksinin tikintisi layihəsini baş podratçı qismində Pirverdiyevin nəzarətində olan “Azenco” şirkəti həyata keçirib. “Azİmport” şirkəti isə bu layihədə əsas podratçıdır.

Dövlət Bayrağı Meydanı kompleksinin yerləşdiyi ərazidəki obyektlərin, yaşayış binalarının söküntüsünü də “Azenco”nun sifarişi əsasında “Azİmport” həyata keçirib. Yəni sökülən obyektlərə və evlərə görə dövlət büdcəsindən ayrılan kompensasiyalar bu iki şirkətin əli ilə mənimsənilib.



E.Pirverdiyevin nəzarətində olan, “Azərenerji” ASC-nin əsas podratçısı “Azenco” şirkətində də (ASC-nin bütün iri infrastruktur layihələrini bu şirkət həyata keçirib) vəziyyətin acınacaqlı olduğu haqda məlumat var. Şirkət milyardlarla manatlıq tikinti layihələrini həyata keçirsə də ötən il onun işçilərinin əmək haqqı ala bilmədiyi və bu üzdən aksiyaya hazırlaşdıqları məlum olmuşdu.

Və Rəşad Məmmədovun həbsindən az sonra elan edildi ki, “Azenco” şirkətinin bütün menecmenti - idarə heyətinin üzvləri, icraçı direktor və digərləri dəyişdiriləcək, şirkətin strukturu yenilənəcək. Bu barədə qərarlar mayın 30-da şirkətin səhmdarlarının ümumi yığıncağında qəbul edilməlidir. Ehtimal olunur ki, bu dəyişiklik şirkətin Pirverdiyevdən alınması məqsədi daşıyır.

Etibar Pirverdiyevin hakimiyyətdə nüfuzunu itirdiyini bu il fevral ayının 10-da prezidentin sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və ölkə ərazisində elektrik enerjisini satışının “Azərenerji”dən alınaraq bu quruma həvalə olunması da təsdiqləyirdi. Xəbərlərə görə, E.Pirverdiyev son günlər barəsində yayılan və yazılan məlumatlardan da çox narahatdır. Mümkündür ki, bu narahatlığa əsas səbəb hakimiyyət rəhbərinin həm Beynəlxalq Bank, həm də Rəşad Məmmədovun korrupsiya əməlləri ilə bağlı tutduğu sərt mövqedən qaynaqlanır. Çünki “Azərenerji” prezidentinin korrupsiya əməlləri ilə bağlı ittihamlar mediada yeni deyil və E.Pirverdiyev heç vaxt bu kimi xəbərlərə reaksiya verməyib. İndi belə görünür ki, onunla bağlı məsələ kifayət qədər ciddidir və onun “işığı” bu “qasırğada” sönə bilər.
***



Bu arada məlum olub ki, “Bank Technique” Müşahidə Şurasının sədri Rövşən İsmayılov mayın 25-də axşam sərbəst buraxılıb. Redaksiyamıza məlumat verən mənbə deyib ki, “Bank Technique”də araşdırmalarla bərabər həm də təhvil-təslim başlayıb. Cahangir Hacıyevin yaxın adamları, o cümlədən vaxtilə onun müavini olmuş, 2012-ci ildən isə “Bank Technique” Müşahidə Şurasının sədri olan Rövşən İsmayılov və digərləri idarəetmədən uzaqlaşdırılacaqlar. Bu prosesin gedişində həbslərin olacağı da qaçılmazdır, çünki “Bank Technique” böyük məbləğdə və həm də girovsuz kredit verilib.

Kredit borcları qalmaqalı ilə bağlı daha bir nəfər həbs edilib. “City Devoloper” MMC-nin baş direktoru Ratmir Ələşrəf oğlu Bəkirov saxlanılıb.

Bu barədə iş adamının vəkili Kamandar Nəsibov APA-ya məlumat verib. K.Nəsibov bildirib ki, R.Bəkirov barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Şirkət rəhbəri Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Ona bu maddə ilə cinayət işi açılıb. Məlumata görə, məhkəmə qərarı ilə həbs edilənlərin əksəriyyəti borcunu qaytarmaq iqtidarında olmayanlardır. Borcunu vermək iqtidarında olmayanların bəziləri isə ölkədən qaça bilib. Bu sırada “Hafka” ləqəbli Hafiz Məmmədov və eks-deputat Dünyamin Xəlilov da var. İddialara görə, qaçanların hansı ölkədə gizləndikləri müəyyən edilir.
***



Həbsdə olan iş adamı Nizami Piriyevin döyülməsi ilə bağlı vəkilinin yaydığı xəbərə isə DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib. E.Zahidov deyib ki, N.Piriyevin döyülməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. “Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə qaldırılmış cinayət işi üzrə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Nizami Piriyevin Müvəqqəti Saxlama Yerində (MSY) guya döyülməsi və işgəncəyə məruz qalması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Məqsədli şəkildə uydurularaq mətbuata göndərilən bu məlumatı qətiyyətlə təkzib edərək bildirmək istəyirəm ki, DİN-in tabeliyində olan bütün MSY-də, o cümlədən BMCMİ-in nəzdində olan MSY-də saxlanılan şəxslər üçün müasir dünya standartlarına tam cavab verən şərait mövcuddur.

Rəhbərliyin birbaşa nəzarətində olan saxlama yerlərində hər hansı qanunsuz hərəkətin törədilməsi mümkünsüzdür. Orada saxlanılan hər bir təqsirləndirilən şəxs, o cümlədən Nizami Piriyev qanunauyğun olaraq vəkillə təmin olunur. Bundan başqa, istər yerli, istərsə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri mütəmadi olaraq müvəqqəti saxlama yerlərində monitorinqlər keçirirlər və hər dəfə də onlar öz hesabatlarında müsbət rəylərini qeyd ediblər” deyə, DİN rəsmisinin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, N.Piriyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi açılan N.Piriyev 3 ay 24 gün müddətinə həbs edilib.

Beynəlxalq Bankdan götürdüyü külli miqdarda kredit borcunu geri qaytarmadığı üçün həbs edilib.

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.