Baş nazirin müavini bu dəfə “jurnalistin mənim cib telefonuma zəng etməyə ümumiyyətlə haqqı yoxdur" dedi
Mehman Əliyev: “Bu, hökumətin mediaya olan münasibətinin sübutudur”; Arif Əliyev: “Abid Şərifovun öz vəzifəsini başa düşməməsi və hələ də orda oturması qəribədir”
Baş nazirin müavini, yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifovla jurnalistlər arasındakı gərginlik davam edir. A.Şərifovun bir neçə gün öncə jurnalistin “binaların yenidən üzlənməsi işinə hansı firma rəhbərlik edəcək” sualına cavabı ortalığı qarışdırsa da, dövlət rəsmisi sərt tonunu dəyişmək fikrində deyil.
Son olaraq A.Şərifov AzadlıqRadiosuna müsahibəsində bu məsələnin üzərinə yenidən qayıdıb və fikirlərinin doğru olduğunu deyib: “Kim nə istəyir, yazsın. Məni belə şeylər maraqlandırmır. Mən boş-boş suallara cavab vermirəm. Jurnalistin nəyinə lazımdır, məgər jurnalistin başı çıxır ki, hansı şirkət nəyi bacarır? Məndən soruşur ki, hansı şirkətdir. Jurnalistin nəyinə lazımdır hansı şirkətdir?! Bunu hökumət müəyyən edir- hansı şirkət qabiliyyətlidirsə, mərifətlidirsə, inamlıdırsa, keyfiyyətli iş görürsə, ona tapşırır. Yoxsa 20 yaşında bir uşaq soruşur ki, bəs hansı şirkətdir... Nə istəyirsə, yazsın. Deyirlər ki, kobud! Nə etməliyəm? Jurnalist boş-boş sual verirsə, öpüb gözümün üstünə qoymalıyam, ay bala? Yoxsa siz bundan şou düzəldirsinizsə, düzəldin! Mənə istisi-soyuğu yoxdur belə şeylərin. İş söhbəti etmək lazımdır, şou yox”.
A.Şərifov jurnalistin informasiya alma hüququ barədə də qəribə açıqlama verib: “Jurnalistin mənim cib telefonuma zəng etməyə ümumiyyətlə haqqı yoxdur. Var sənin haqqın mənim cib telefonuma zəng etməyə? Sual verirəm. Yoxsa elə yerindən duran bütün günü sual verir, mən də bütün günü sizin zənglərinizə cavab verməliyəm? İşim-gücüm yoxdur? Belə çıxır, eləmi?”
Xatırladaq ki, A.Şərifova ilk etiraz Mətbuat Şurasının sədri Əflatun Amaşovdan gəlib. O, dövlət rəsmisini jurnalistlərlə davranışda həssas olmağa çağırıb.
İndi isə keçək A.Şərifovun açıqlamasının hüquqi şərhinə. Dövlət məmurunun jurnalist qarşısında informasiya vermə öhdəliyinə.
İnformasiya əldə olunmasının təşkili ilə bağlı qanunda informasiya sahibinin vəzifələri ayrıca göstərilir. Bildirilir ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz.
Keçək informasiya sahibinin vəzifələrinə. İnformasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; sənədlərin reyestrini aparmalıdır; ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir; açıqlamalı olduğu ictimai informasiyanı bu qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır; sorğuçuya kömək göstərməlidir; informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir; əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır; həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
İnformasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmənin funksiyalarına gəlincə, qanunda göstərilir ki, o, sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir. Habelə sorğuları bu qanunla nəzərdə tutulmuş qaydada təmin edir; informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir; informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir; informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir; informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində (fikri ifadə etmək azadlığı) dövlət orqanlarından maneəsiz məlumat almaq azadlığı təsbit olunub. Elə həmin maddənin ikinci bəndində bu azadlıqların həyata keçirilməsinin milli təhlükəsizlik və ərazi bütövlüyü naminə, eləcə də iğtişaşın, cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilməsi ilə bağlı göstərişlər nəzərdə tutulub.
Mövzuya münasibət bildirən REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli öz facebook səhifəsində bu haqda yazıb: “Bu sözlərdə nə təhqir var, nə də hörmətsizlik. Belə sözlər yorğunluğun, darıxmağın göstəricisidir. 20 ildən artıq eyni vəzifədə çalışmaq? Adam 5 ildən sonra işini dəyişmək haqqında düşünmürsə, inkişaf etmir, deməli. Bu adamlar yorulublar, darıxırlar. Vəzifədə qalmaqda məna görmürlər. Bizə, topluma, güc gəlmələrinə baxmayın. Özləri ilə bağlı qərarı vermək gücündə deyillər. Bu adamlar istefa verə bilmirlər”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, A.Şərifovun bu davranışı ümumən hökumətin mediaya münasibətini ifadə edir. Onun fikrincə, bunun məntiqli ardıcıllığı ümumən Azərbaycan mətbuatına münasibətdə özünü göstərir: “Niyə Azərbaycanda ən çox jurnalist həbs olunur? Niyə mətbuatın bütün iqtisadi dayaqları çökdürülür? Niyə mətbuatın informasiya əldə etmək hüququ məhdudlaşdırılır? Qanunlar var, amma işləmir. Biz bu informasiyanı Abid Şərifovdan küçədə soruşmamalıyıq. Saytda bu məlumat olmalıdır. Hansı nazirlik bununla bağlı mətbuat konfransı keçirdi? Kim hesabat verib bununla bağlı? Bu, onu göstərir ki, hakimiyyətin informasiya siyasəti iflic vəziyyətdədir. Özləri bunun belə olmasında maraqlıdır. Ona görə də bu məsələdə Abid Şərifov kimi kənar şəxs axtarmaq və günahlandırmaq düzgün deyil. Hakimiyyətin mediaya münasibəti necədirsə, bu da nümunələrdən biridir”.
Müsahibimizin sözlərinə görə, jurnalistlər də bu mövzuda ancaq sakinlərin dedikləri, gördükləri və onlara verilən informasiya əsasında yazılar hazırlayıblar: “Kimsə nəsə tapıb, kimdənsə nəsə eşitmişik. Ümumi sözlərdən başqa bir şey yoxdur. Hesabatlar, mətbuat konfransları yoxdur. Dövlət orqanlarında rəsmi informasiya yoxdur. Ona görə də Abid Şərifovun açıqlaması birbaşa hakimiyyətin mövqeyidir. Bunu uzatmaq lazım deyil”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hesab edir ki, A.Şərifovun jurnalistləri sevməməsində gözlənilməz heç nə yoxdur. Onun sözlərinə görə, dövlətdə çox adam jurnalistləri sevmir: “Amma Abid Şərifovun öz vəzifəsini başa düşməməsi və hələ də orda oturması qəribədir. İnanırdım ki, birinci gün jurnalistə verdiyi qəribə cavabdan sonra onun başını sığallamayacaqlar. Amma görünür, heç bir təzyiq görmədiyi üçün eyni qaydada davam edir”.
A.Əliyev bildirdi ki, jurnalistin günün ən aktual mövzusu ilə bağlı dövlət məmuruna zəng etməyə nəinki hüququ, həm də vəzifəsi var: “İnsanların yarısı əsir kimi qalıblar öz evlərində. Bir hadisə baş versə, o, pəncərədən bayıra çıxa bilməz. Yüksək vəzifəli məmurun ”mənim firmamdır" deməsi də bir ayrı mövzudur. Onun səviyyəsində olan məmur kommersiya ilə məşğul olmamalıdır. Abid Şərifovun nə etdiyini, nə dediyini başa düşməməsi insanı təəccübləndirmir. Təəccüblüsü onun bunu təkrarlaması, bunu etməyə cəsarət tapmasıdır. Onu oraya qoyanda başa salmayıblar ki, belə məsuliyyətli dövrdə şok keçirmiş, faciə yaşamış insanlarla, informasiya almaq hüququ olan jurnalistlərlə belə davrana bilməzsən. Ukraynada bir qubernator jurnalistlərlə bu cür davranmışdı. Onu dərhal vəzifədən çıxardılar. Baxmayaraq ki, Ukraynada demokratiya etalonu var, söz azadlığı problemi də özünü göstərir".
Sevinc TELMANQIZIhttp://musavat.com/