Sökülən villalar kimindir? FOTOLAR

27-05-2015, 09:22   


Abutalıbov: «Onların arxasında elə-belə adamlar durmayıb, tikintiyə mane ola bilməmişik»

Villalardan birinin Lerikin icra başçısına məxsus olduğu barədə iddialar var

I Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, “Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların ölkə başçısı Ilham Əliyevin göstərişindən sonra söküntüsünə start verilsə də, onların sahiblərinin kimliyi barədə məlumat verilmir. Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir neçə gün öncə deyib ki, qanunsuz tikilən və söküləcək villaların sayı 42-dir. Bunlar 5-10 milyonluq böyük tiklilərdir.



Modern.az saytı aidiyyəti qurumlara məsələyə aydınlıq gətirilməsi üçün müraciət edib. Səbail rayon Icra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Israfil Kərimov bildirib ki, villaların söküntüsü barədə məlumatlı olsalar da, məsələ sırf Bakı Şəhər Icra Hakimiyyətinin nəzarətindədir: “səbail ərazisində yerləşən villaların sökülməsi Bakı Şəhər Icra Hakimiyyətinə tapşırılıb. Biz Icra Hakimiyyəti olaraq öz araşdırmamızı aparmışıq. Ancaq bütün məsələlərlə əlaqədar rəhbər quruma müraciət edə bilərsiniz”.




Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məsələ ilə bağlı Modern.az-a açıqlama verib: “Prezidentin göstərişi ilə villaların söküntüsünə qərar verilib, indi də proses davam edir. Sənədlərdə villaların sahibi olaraq ayrı-ayrı adamların adları qeyd olunub. Amma bu günə qədər nə sənəd sahibləri, nə də onların arxasında duran şəxslər üzə çıxır. Ona görə də biz söküb yerə qoyuruq ki, hamısına dərs olsun. Sənədlərdə adı olan şəxsləri çağırtdırmışıq, amma onlar gəlmək istəmirlər, bildirirlər ki, nə edirsiz edin?”.



Mer bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini də açıqlayıb: “Biz müraciət etmişik, araşdırmalar aparılır, lazımi ölçü götürüləcək”.

Bakı şəhərinin icra başçısı onu da bildirib ki, villalar bir neçə şəxsin adına sənədləşib, onlar azərbaycanlıdır, adlar içərisində yüksək çinli məmurlar yoxdur. “Heç olmasa, bir neçəsinin adını çəkin” deyə təkid edəndə mer bildirib ki, onlar elə adamlardır ki, özləri üzə çıxmaq istəmir:



“Ikincisi də Bakı Şəhər Icra Hakimiyyəti həmin ərazinin layihəsini təsdiq etməyib, nə razılaşdırma olub, nə də sərəncam var. Müəmmalısı da odur ki, adi adamların bu qədər vəsaiti ola bilməz. Deməli, onların arxasında müəyyən güclər dayanıb”.
Hacıbala Abutalıbov “Tikinti işləri aparılan zaman hansı səbəbdən onlara mane olmayıblar?” sualına cavabda etiraf edib ki, həmin şəxslərə mane ola bilməyiblər: “Çünki onların arxasında elə-belə adamlar durmayıb. Sözsüz ki, məsələ dəqiq surətdə araşdırılacaq və onlar layiqli cəzalarını alacaqlar. Biz sökürük, qabağa çıxıb ”dayanın!" demirlərsə, deməli, həddindən artıq imkanlı olan şəxslərdir".



Azfakt.com-a saytı isə məlumat yayıb ki, “Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan biri Lerik rayon icra başçısı Rövşən Bağırova məxsus olub. Icra başçısının həmin villanın tikintisi üçün 2 milyon dollara yaxın xərc çəkdiyi bildirilir. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib.

Rövşən Bağırov uzun illər Səbail rayonu ƏSSM-də baş mühasib işləyib. Ona məxsus olan “Sənaye Tikinti Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisi də bu rayondadır.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.