Rusiya sərhədlərimiz yaxınlığına ordu cəmləyir

15-05-2014, 14:14   

Moskva Qafqazda iqtisadi cəhətdən də fəallaşmağa başlayıb

Şimal qonşumuzun maraq dairəsində Qafqazın da xüsusi yer aldığı heç kimə sirr deyil. O da məlumdur ki, Rusiya bu regionda maraqlarını qorumaq üçün lazım gələndə hərbi gücdən də istifadəyə hazırdır. Hər halda, 6 il əvvəl Gürcüstanda baş verən olaylar bunun ən real təsdiqi oldu. İstisna deyil ki, maraqları tələb edəcəyi halda Kreml yenidən analoji addımlar atacaq.
Digər tərəfdən, Rusiyanın qeyd olunanlar fonunda Qafqaza yeni hərbi texnika cəmləşdirməsi də təhlükəli hal sayılır. Xüsusən də Ukraynadakı məlum hadisələr bunun nə qədər təhlükəli olduğunu göstərir. Maraqlıdır ki, heç bir zərurət olmadığı halda Rusiya yenidən Şimali Qafqazda yerləşən Xəzər Dəniz Donanması, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının sayının artırılması haqqında qərar qəbul edib. Ümumiyyətlə, məlumdur ki, Rusiya 2014-cü ildə Şimali və Cənubi Qafqaz, Qara dəniz sahili ərazilərə cavabdeh olan Cənub Hərbi Dairəsi qoşunlarının arsenalına 1500-dən artıq müasir silah və hərbi texnika daxil etməyi planlaşdırır. Cari ildə Qara dəniz donanması və Xəzər flotiliyasının döyüş sıralarına təxminən 20 yeni gəmi, həmçinin 636 layihəli "Novorossiysk" və "Rostov Don" dənizaltıları, 11356 layihəli "Admiral Qriqor" və "Admiral Essen" gözətçi gəmiləri, 21 631 layihəli "Velikiy Ustyuq" kiçik raket gəmisi, patrul, antidiversiya katerləri və köməkçi gəmilər daxil ediləcək. Dairənin Hərbi Hava Qüvvələri 60-dan artıq uçuş vasitəsi alacaq. Bura təxminən 40 ədəd Su-27SM döyüş təyyarəsi, Su-30SM, Su-34, Su-30M2, Su-35S döyüş təyyarələri, 10 ədəd Mi-26T və Mi-8MTVV- 5-1 hərbi nəqliyyat helikopterləri daxil olacaq. Quru Qoşunlarının silahlanmasına isə 1400-dən artıq müxtəlif döyüş və artilleriya texnikalarının daxil edilməsi nəzərdə tutulur. Qeyd edək ki, Cənub Hərbi Dairəsinə Qara dəniz donanması və Xəzər Flotiliyası, Şimali Qafqazdakı, o cümlədən Gürcüstan və Azərbaycanla sərhəddəki hərbi birləşmələr, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarındakı hərbi hissələr və Ermənistanda yerləşən 102-ci hərbi baza daxildir.
Ekspertlər isə Moskvanı bölgəyə əlavə hərbi texnika jəmləməsini təhlükəli hal sayırlar. Məsələn, politoloq Ərəstun Oruclu qeyd edir ki, Rusiyanın Azərbaycan siyasətinin ümumi konteksti ilə müqayisədə onun Şimali Qafqazdakı ordularındakı texnikasının sayını artırmasını yaxşı hal kimi dəyərləndirmək olmaz. O, Rusiyanın Şimali Qafqazda texnikasının sayının artırılmasının Azərbaycana qarşı təhdid xarakteri daşıyacağını bildirib: "İstənilən halda, qonşu dövlət tərəfindən sərhəd yaxınlığında ordu hissələrinin, hərbi texnikanın sayı artırılırsa, bunu təhlükə kimi qəbul etmək olar. Qonşu dövlətlər belə şeyləri nəzərə almalıdır. Bunun təhdid olub-olmadığına hələlik qəti qərar vermək çətindir. Hər halda, Rusiyanın Azərbaycan siyasətinin ümumi konteksti ilə müqayisədə bunu yaxşı hal kimi dəyərləndirmək olmaz. Təbii olaraq dövlətlərə yaxın ərazidə texnika yerləşdirmək həmin dövlətlərə təhdid xarakteri daşıyır. Düzdür, ola bilər ki, Rusiya Şimali Qafqazda baş verə biləcək teraktlardan ehtiyatlanıb burada texnikanı artırıb. Amma onu da nəzərə almaq lazımdır ki, daxili problemlər üçün ordu istifadə olunmur". Politoloq mətbuata açıqlamasında deyib ki, istər Rusiya, istərsə də hər hansı başqası digər dövlətin ərazisinə heç vaxt birbaşa müdaxilə etmir. Əsas daxili faktorlar işə salınır. Bu isə "beşinci kolon" deməkdir.
Rusiya isə sərhədlərimiz yaxınlığında təkcə hərbi texnikasını artırmır. Moskva Qafqazda iqtisadi cəhətdən də fəallaşmağa başlayıb. Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Şimali Qafqazla iş üzrə nazirliyin yaradılması barədə sərəncam imzalayıb. Bu vəzifəyə Krasnoyarsk qubernatoru Lev Kuznetsovu təyin edən Putin həmin nazirliyin Şimali Qafqaz regionunu daha da inkişaf etdirmək üçün yarandığını bildirib. Təhlilçilər isə qeyd edir ki, atılan son addımlar Rusiyanın iqtisadi sferada da Qafqazda möhkəmlənmək istəyinin göstəricisidir. Lakin yenə əsas diqqət hərbi müstəviyə yönəldilir və bu səbəbdən regionda rus ordusunun sayı artırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.