Sabir Rüstəmxanlı: “Əgər Rəsulzadə düşmən elan edilibsə, deyilsin, biz də bilək”; Musa Quliyev: “Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri də onun qudasıdır, gedib ondan xahiş etsin, əl-ələ verib o parkı təmir etsinlər”
Mayın 29-da Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilib. İclas başlayan kimi spiker Oqtay Əsədov mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın haqda məlumat verib. O qeyd edib ki, prezident İlham Əliyev baş verən hadisənin araşdırılması ilə bağlı sərəncam verib və məsələni diqqətdə saxlayır: “Bu iş araşdırılır və günahkarlar cəzalandırılacaq. Bununla bağlı xüsusi komissiya da yaradılıb”. Spikerin çıxışından sonra deputatlar onun təklifi ilə yanğın zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sabir Rüstəmxanlı cari məsələlərə vaxt ayrılmamasına və Binəqədidə baş verən faciənin müzakirə olunmamasına etiraz edib: “Binaların üzlənməsinə bu qədər vəsait xərclənib. Nəticədə binalar yararsız materialla üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır. Niyə biz bunu müzakirə etməyək?"
S.Rüstəmxanlı bir gün öncə Respublika gününün qeyd olunduğunu, ancaq Cümhuriyyət qurucularına aşağılayıcı münasibətin davam etdiyini diqqətə çatdırıb: “Dünən Respublika günü qeyd edildi. Neçə vaxtdı deyilir, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirməsi deməkdir. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Əgər Məhəmməd Əmin Rəsulzadə düşmən elan edilibsə, deyilsin, biz də bilək. Əslində Rəsulzadənin orda böyük heykəli olmalıydı. Yoxdur, bir köhnə büst var, onun da başına illərdir çuval keçiriblər. İcra başçısı zəhmət çəkib öz əlləri ilə onun başındakı çuvalı çıxartsın”. O.Əsədov isə onun iclası aparmasına yönəlik iradları qəbul etmədiyi üçün mübahisə baş verib.
O.Əsədov S.Rüstəmxanlının iradına reaksiya verib: “Siz hər dəfə Məclis başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var? Amma heç kim təkid etmədi”.
S.Rüstəmxanlı spikerə yerindən cavab verib: “Mən danışmaq üçün təkid etdim. Yalan danışmayın”.
Bu sözlər spikerlə millət vəkili arasında gərginliyin artmasına səbəb olub: “Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”.
Gəncənin deputatı Musa Quliyev isə həmkarının Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib. O bildirib ki, S.Rüstəmxanlının burada M.Ə. Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur: “Ümumiyyətlə, Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının Məhəmməd Əminə ürəyi yanırsa, nəqliyyat naziri də onun qudasıdır, gedib ondan xahiş etsin, əl-ələ verib o parkı təmir etsinlər. Gəncə İcra Hakimiyyətinin balansında ”İstiqlal" parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gözəl istirahət edir". M.Quliyev əlavə edib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayırlar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə: “Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı, dəqiqləşmiş fikir söyləyərdi. Belə yarımçıq fikirlərin yeri yoxdur”.
M.Quliyevin fikirlərini dəstəkləyən spiker eyni zamanda ona məsləhət görüb ki, bəzi fikirlərində ehtiyatlı olsun: “Sən özün də hərdən səhvə yol verirsən. Kim kimin nəyidir, bunun nə aidiyyəti var?” M.Quliyev isə yerindən “daş atmasınlar, kəsək atmayaq” reaksiyasını verdi.
Qeyd edək ki, bu zaman S.Rüstəmxanlı zalda yox idi.
Daha sonra plenar iclasda ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunub. İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 mlrd. manat təşkil edib: “2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək. Həmçinin Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 400 565,2 min manat, xərclərin 18 709 000,0 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib”.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və maliyyə naziri Samir Şərifov büdcənin icra vəziyyəti barədə hesabatını təqdim edib. V.Gülməmmədov nəzərə çatdırıb ki, ötən il yol vergisi və torpaq vergisi ilə bağlı proqnozlar aşağı səviyyədə icra olunub: “Dövlət borcunun ilbəil artmasını nəzərə alaraq, uzun müddətli perspektivdə dövlət borcunun aşağı salınması üçün müvafiq strategiyanın hazırlanmasını məqsədəuyğun sayırıq. 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası müsbət rəy verib”.
S.Şərifov isə deyib ki, hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında 1 728 622 300 manat məbləğində qalıq yaranıb.
Vahid Əhmədov 2014-cü ildə dövlət büdcəsinin yüksək səviyyədə icra olunduğunu qeyd edib və qanun layihəsinin müzakirəsiz qəbul olunmasını təklif edib. Təkid edənləri nəzərə alan spiker müzakirələrə şərait yaradıb.
Fazil Mustafa dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı Cənubi Qafqaz respublikaları ilə bağlı müqayisələrin verilməsini istəyib: “Bank kreditləri ilə bağlı məsələnin büdcənin icrasına təsirinin də açıqlanması yaxşı olardı. Çünki bu kreditlər indi verilməyib”. Deputat digər ciddi bir problemə də toxunub: “Müxtəlif səbəblərdən Türkiyəyə gedən və orada qeydiyyata düşmədən yaşayan Azərbaycan vətəndaşları var. Həmin Azərbaycan vətəndaşlarının 2500 nəfərədək məktəbyaşlı uşağı təhsil almır. Çünki valideynləri orada rəsmi qeydiyyata düşmürlər, bunda maraqlı deyillər”. F.Mustafa deyib ki, işləmək üçün Türkiyəyə getmiş həmin Azərbaycan vətəndaşları qeydiyyata düşsə, Azərbaycana geri qayıtmalıdırlar: “O valideynlər də orada işlərini itirməmək üçün qeydiyyata düşmürlər. Hansısa formada bu uşaqların təhsil məsələsi həll olunmalıdır. Məktəb açılması da Türkiyə tərəfi ilə müzakirə oluna bilər. O uşaqların yalnız hansı xəstəxanada olduğu barədə sənəd var, başqa sənədləri yoxdur. Bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılmasının nəzərdən keçirilməsini təklif edirəm”.
Fərəc Quliyev Neft Fondunun vəsaitlərinin bir hissəsini hələ də rus rublu ilə saxlamasını tənqid edib.
Azay Quliyev Şirvan şəhərində mənzil probleminin aradan qaldırılması üçün sosial evlərin tikilməsini təklif edib: “Ümumiyyətlə, sənaye şəhərlərinə xüsusi yanaşmanın olması vacibdir. Unutmayaq ki, Şirvan şəhəri mərkəzdən dotasiya almır”.
Qüdrət Həsənquliyev blokada şəraitində olan Naxçıvanın problemlərindən bəhs etdi və Muxtar Respublikaya diqqətin artırılmasını istədi. Deputat eyni zamanda Milli Şuranı və onun sədri Cəmil Həsənlini tənqid edib: “Cəmil Həsənli deputat olan vaxtlarda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib, onun haqqında xoş fikirlər söyləsə də, hazırda qatı müxalifət mövqeyində dayanır. O, dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla da tanışıq. Ona görə də deputat seçilmədikdən sonra başlayıb ağlına və ağzına gələni danışmağa”.
Zahid Oruc Binəqədidə yaşayış binasında baş verən yanğına toxunub: “Müxalifət əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazırdır. O binalar tək xarici görkəm üçün üzlənməmişdi. Bu, həm də binalara qoyulan investisiya idi, vətəndaşların mənzillərinin dəyəri də artırdı. Bu, artıq başqa məsələdir ki, o üzlüklər necə vurulub”.
“Ölkə xaricində olduğu kimi, ölkə daxilində də Azərbaycanın inkişafını gözü götürməyənlər var. Son vaxtlar şahidi oluruq ki, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə bəyanatlar verirlər, Avropa Parlamentində Azərbaycan əleyhinə qərarlar qəbul edilir”.
Bunu isə Siyavuş Novruzov söyləyib. Onun sözlərinə görə, Avropa Parlamentinin sədri Marin Şults spiker Oqtay Əsədovla görüşlərdə deyib ki, Avropa Parlamentinin deputatlarının söylədiklərinə fikir verməyin: “İndi Martin Şultsun maskası cırılıb. Martin Şults iyunun 10-da ”İdman və insan hüquqları" mövzusunda tədbir təşkil edəcək. Azərbaycandan da müəyyən insanları dəvət edib. Bu, nə deməkdir?"
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Tahir Rzayev söz alaraq bildirib ki, bəzi imkanlı adamlar Filippindən, İngiltərədən və digər ölkələrdən dayələr gətirirlər: “Hətta xaricdən gətirilən dayələr uşaqlara Azərbaycan dilində danışmağa qadağa qoyurlar. Bütün bunlar milli-mədəni dəyərlərimizə ziddir, təhlükəli tendensiyadır. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir”.
Fuad Muradov “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamanı deyib ki, Bakıda şəhərinin sərnişin nəqliyyatında olan problemlərlə bağlı bizim qanunvericilikdə xüsusi avadanlığın quraşdırılması nəzərdə tutulub: “Yəni həmin sürücülərin vaxtlı-vaxtında istirahət etməsi və s. məsələlər var. Çox xahiş edirəm ki, bu məsələdə qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı addımlar atılsın. Bu, insanın həyatı, fəaliyyəti ilə bağlı olan məsələdir”.
Gündəlikdəki digər məsələlərin müzakirəsi və qəbulundan sonra yaz sessiyası işini başa çatdırıb. Spiker Oqtay Əsədov deyib ki, yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun qəbul olunub: “Bu müddət ərzində 70-ə qədər nümayəndə heyəti 30-a yaxın ölkədə səfərdə olub. Hesab edirəm ki, yaz sessiyası uğurlu keçib”.
İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə bağlı elan olunub. Qeyd edək ki, bu il üçün növbədənkənar sessiya çağırılmayacaq.
Elşad PAŞASOYhttp://musavat.com/