Başçı müavinini həbsdən buraxırlar?

4-06-2015, 08:50   
Başçı müavinini həbsdən buraxırlar?

Nəqliyyat naziri poliuretanın tez alışdığını bilirmiş; Maliyyə Nazirliyi yanan binaya ayırdığı pulla bağlı sorğumuza cavab vermir
15 nəfərin ölümünə, 56 nəfərin xəsarət almasına gətirib çıxaran yanğından 2 həftə ötür. Amma yanğının hansı səbəbdən baş verməsi haqda rəy ortada yoxdur. Bu gün də bilinmir ki, bina təsadüfi qığılcımdan alışıb, yoxsa bilərəkdən yandırılıb? Yanğının ortaya çıxardığı suallar çoxdur, cavablar isə suallara adekvat deyil.

Həbsdən dərhal sonra yanğınla əlaqədar binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutuldu. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Məlum oldu ki, Q.Novruzov sıradan biri deyil. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsi, muxtar respublikanın daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır.

Onun hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzovla da qohumluq əlaqələri var. Q.Novruzovun qardaşı Vaqif Novruzov da Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzov isə Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışıb.



Belə məlumat var ki, Q.Novruzovun vəzifəli qohum-qardaşları Vasif Talıbov başda olmaqla, onun azad olunması üçün çaba göstərirlər. Q.Novruzovun həbsdən əvvəl Almaniyaya müalicəyə getməyə hazırlaşması haqda sənədlər toplanır. Belə məlumatlar var ki, həqiqətən də onun səhhətində ciddi problem olub və daim müalicə olunub. Bunu əsas gətirməklə istintaqın qarşısında həbsdən azad edilməsi üçün məsələ qaldırılacaq və Q.Novruzov azad olunacaq. Beləliklə də Binəqədidəki binada baş verən dəhşətli yanğına görə həbs olunan yeganə vəzifəli şəxs də azad olunacaq.

Həbsdə qalan şəxslər isə Xətai rayonunda baş verən yanğınla əlaqəli tutulanlar “TNH” şirkətinin səlahiyyətliləri olacaq. Yada salaq ki, Xətaidəki yanğınla bağlı “TNH” səlahiyyətlisi Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov da saxlanaraq barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Binəqədidə və Xətaidə binalarda baş verən yanğınlarla bağlı işlər eyni icraatda birləşdirilərək Baş Prokurorluğun Ağlır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.



Binəqədidəki yanğından sonra məlum oldu ki, bir çox rayonlarda da poliuretandan geninə-boluna istifadə olunub. Ölkə başçısının tapşırığı ilə bütün ölkə boyu yanğına davamsız materialla üzlənmiş binaların üzlüyü sürətlə söküldü. Yevlax, Gəncə, Şəmkir, Gədəbəy, Binəqədi rayonlarında poliuretan üzlüyə geniş yer verildiyi üzə çıxdı. Ölkənin ən çox abadlaşdırılmış rayonları Quba və Qəbələdə isə bu üzlüklərdən ümumiyyətlə istifadə edilmədiyi də məlum oldu. Görəsən, bunun səbəbi nədir? Qaynağımız deyib ki, Qubanın qeyri-rəsmi qubernatoru olan nəqliyyat naziri Ziya Məmmədov bu üzlüklərin istifadəsinin təhlükəli olduğunu bilirmiş və qeyri-rəsmi cavabdeh olduğu rayonda həmin üzlüklərin istifadəsinə icazə verməyib. Sadə vətəndaşdan tutmuş iri tikinti şirkətinə qədər hər bir kəs yol kənarında tikinti aparmaq istəyərkən bu nazirliyin varlığını öz üzərində bütün ağırlığı ilə hiss edir. Bəs onda necə olur ki, nazir təhlükəli üzlüklərlə bağlı susub?



Görünür, üzləmə işi hər bir rayonun icra başçısının və ya təhkimçisinin öz ixtiyarına buraxılıb və bütün müvafiq qurumlara görülən işlərə müdaxilə etməmək tapşırılıb.

Binəqədidə binadakı yanğından sonra əcaib mənzərə ortaya çıxıb. Binanı üzləyən şirkətə müvafiq qurumların bu fəaliyyətlə məşğul olmasına icazə vermədiyi aydınlaşıb. Bəs binanın üzlənməsinə dövlət büdcəsindən vəsait ayrılıbmı?

“Yeni Müsavat” bu və digər suallara aydınlıq gətirilməsi üçün mayın 23-də Maliyyə Nazirliyinə informasiya sorğusu yollayıb.

Həmin sorğuda aşağıdakı suallara aydınlıq gətirilməsi istənilib:

1. Binəqədi rayonunda binaların üzlənməsinə dövlət büdcəsindən 2015-ci ilə qədər hər il nə qədər vəsait ayrılıb?

2. Vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi hansı nəticələr verib?

3. Ayrılmış vəsaitdən bilavasitə yanmış binanın üzlənməsinə nə qədər vəsait xərclənib?

4. Həmin binaya ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi həyata keçirilibmi?

5. Keçirilibsə, nəticəsi necə olub?

Maliyyə Nazirliyinin mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Mais Piriyev müvafiq araşdırmalardan sonra sorğumuza mayın 29-da cavab verəcəklərini bildirmişdi. Lakin naməlum səbəbdən sorğumuz cavabsız qalıb. Maliyyə Nazirliyinin sorğumuzu cavabsız buraxması qanunlara sayğısızlıqdır. Bununla yanaşı binanın üzlənməsinə ümumiyyətlə vəsait ayrılmaması haqda iddiaların doğru olmasına da ciddi əsaslar verir. Belə çıxır ki, binanın üzlənməsinə büdcədən pul ayırmayıblar. Bəs pul haradandır?

E.MƏMMƏDƏLİYEV/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.