Beynəlxalq Bankın Dubay gizlinləri; Tutulan oliqarxlar və onların hamiləri Cahangir Hacıyevin həbsini istəyirlər; Beynəlxalq Bankın sabiq rəhbəri ilə bağlı iqtidarın qərarsızlığı bütün əmlakını satışa qoyan biznesmenlərin narazılığına səbəb olub; sabiq bankirin Tiflis aeroportunda dəyəri bir neçə milyon olan təyyarəsi və Dubaydakı zavod-fabriki niyə toxunulmaz saxlanılır?
Beynəlxalq Bankdan təxminən 6,5 milyard dollar kreditin mənimsənilməsinə görə başlanmış həbslər son bir neçə gündə səngiyib, üstəlik qeyri-rəsmi məlumata görə, saxlanılan 43 nəfər də borcunu ödədiyi üçün azadlığa buraxılıb. Avropa Oyunlarına son hazırlıqlar səbəbindən iqtidar gündəmi bu idman yarışına kökləmək istəyir və bu səbəbdən də “oliqarxqeyt işi” sanki səngimiş kimi görünür.
Amma bu, yalnız media üçün görünən tərəfdir və mötəbər mənbələr bu qalmaqalla bağlı hakimiyyət içərisində gərginliyin sənginmədiyini, əksinə, artığını iddia edir. Gərginliyə ən əsas səbəb kimi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı hakimiyyətin qərarsızlığıdır. Bankı çıxılmaz duruma salmış bir rəhbər şəxsin hələ də məsuliyyətə cəlb edilməməsi bu işdə mənafeyinə toxunulan məmur-oliqarxların narazılığına səbəb olub.
Məhz bu səbəbdən də son günlər C.Hacıyevlə bağlı “informasiya müharibəsi” başlayıb. Bəzi mənbələr mediaya belə bir informasiya ötürürlər ki, Cahangir Hacıyev bu işlə bağlı araşdırma başlayandan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Ancaq hələlik onun haqqında həbs-qətimkan tədbiri seçilməyib. İddia olunur ki, bankir Beynəlxalq Banka borcu olan iş adamları ilə üzləşdirilir, bir növ ondan şahid kimi faydalanırlar: “Ona hələ ki rəsmi ittiham elan edilməyib. Borclu iş adamlarının dindirilməsi başa çatandan sonra ona qarşı rəsmi ittiham irəli sürüləcək. Burada məqsəd kreditlərdən nə qədər ”şapka" alınmasını müəyyənləşdirmək və Cahangir Hacıyevin dövlətə vurduğu real zərəri hesablamaqdır. Proses başa çatandan sonra onun haqqında cinayət işi açılacaq" deyə, yayılan məlumatlarda bildirilir. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə həbs edilənlərlə bağlı monitorinq keçirib və bəyan edib ki, Cahangir Hacıyev Azərbaycandan qaçmayıb, həbs olunmayıb.
Beynəlxalq Bank işi ilə bağlı həbs edilən bir neçə nəfərin vəkili Kamandar Nəsibovun dedikləri də C.Hacıyevin həbs edilmədiyi barədə xəbərləri təsdiqləyir. O deyib ki, borclularla bağlı siyahı hazırda banka rəhbərlik edən Emil Mustafayev tərəfindən verilir: “Siyahılarda göstərilir ki, filankəs filan şirkətdən filan qədər məbləğ alıb”.
Beynəlxalq Bank işinə görə milyonlarla hesablanan əmlaklarını bazar qiymətindən bir neçə dəfə aşağı satışa çıxarmağa məcbur olunanlar (əslində məcbur edilənlər) C.Hacıyevin toxunulmaz statusundan çox narahat olurlar və bəziləri dindirmələr zamanı buna açıq etiraz da bildiriblər. Çünki Cahangir Hacıyev ölkə rəhbərliyinin etibarından sui-istifadə edərək dövlətin pullarını təkcə biznesmenlərə deyil, özünün qurduğu iri şirkətlərə yönəldib, həmçinin özünə yaxın müxtəlif adamlara verib. Mətbuata sızdırılan xəbərə görə, Cahangir Hacıyevə yaxın 30 şirkət Beynəlxalq Bankdan toplam olaraq 3.5 milyard manat kredit götürüb. Maraqlıdır ki, C.Hacıyevin əsasən son üç ildə maliyyə maxinasiyalarını hədsiz dərəcədə artırdığı üzə çıxıb. Bundan əlavə, sabiq bankirin yüksək məbləğdə kredit buraxdığı iş adamlarından böyük həcmdə “şapka” aldığına dair məlumatlar da var.
C.Hacıyevlə bağlı daha bir sensasion iddia onun Dubayda qurduğu şirkət və zavodlarla bağlıdır. Məlumdur ki, bu iş üzrə Beynəlxalq Bankın Dubay nümayəndəsi “Qara polkovnik” Fətulla Hüseynovun oğlu Adil Hüseynov həbs edilib. Hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanılır. Məlumata görə, “Dubay işi”ndə söhbət nə az-nə çox, 319 milyon dollara yaxın məbləğin mənimsənilməsindən gedir. Yalnız bir şirkətə 20 milyondan bir az artıq buraxılan məbləğə Adil Hüseynovun birbaşa aidiyyəti var. Üzə çıxıb ki, C.Hacıyev Dubayda tektsil fabriki və metaltökmə zavodu tikib ki, həmin məbləğ də o obyektlərə xərclənib. Amma indi o vəsaiti geri qaytarmaq üçün zavod və tekstil fabriki satışa çıxarılmalıdır. Amma onlara da hələ ki toxunan yoxdur. Deyilənə görə, Dubaydakı fabrikin qurulmasına cəmi 20-25 milyon dollar sərf olunub, amma maxinasiya nəticəsində bu rəqəm 319 milyona qədər artırılıb. Adil Hüseynovun həbsi isə absurd hesab edilir. Bu mövzuda əlimizə çatan bir başqa məlumatda deyilir ki, “Qara polkovnik”in oğlu Cahangir Hacıyevdən “paket maaş” alan bir işçi olub. Onun 20 milyon manat vəsaiti hansısa biznes layihəsinə buraxmasına nə səlahiyyəti çatardı, nə də ixtiyarı...
Qeyd edək ki, hər iki müəssisə Beynəlxalq Bankda girovdadır və onu satışa çıxarmaqla borcu qaytarmaq da mümkündür. Borcluların bir çoxunun hətta bahalı maşınlarını satıb borcunu ödəyib azadlığa çıxdığı, bəziləri isə əmlaklarına alıcı tapmaq üçün şərtlə buraxıldıqları halda, C.Hacıyevin rahat qalması həqiqətən də maraqlı görünür. C.Hacıyevin ölkədəki bir neçə irili-xırdalı istehsal müəssisələri də var ki, onlara da hələ “əl qoyulmayıb”. Xəbərə görə, C.Hacıyevin hazırda Tiflis aeroportunda da dəyəri bir neçə milyon olan təyyarəsi anqarda toxunulmaz saxlanılır.
Hakimiyyətə yaxın deputat Fəzail Ağamalı bir neçə gün əvvəl mediaya açıqlamasında “Cahangir Hacıyev indi həbs olunmayıbsa, nə vaxtsa həbs edilməlidir. Cahangir Hacıyev ən ciddi şəkildə cavab verməlidir. Ona bu səlahiyyəti heç kim verməyib. Bu cəsarət onda hardandır? İndi siz jurnalistlər araşdırın və görün ki, Hacıyevin nələri var...” deyə, bildirib.
C.Hacıyevlə bağlı iqtidarın tərəddüdünün bir neçə versiyası var. Əsas versiya isə budur ki, hakimiyyət C.Hacıyevlə bağlı araşdırmaların sonunu gözləyir ki, onun nə qədər borclu olduğu konkret rəqəmlərlə ortaya qoyulsun. Təsadüfi deyil ki, prezidentin yanğınla bağlı son müşavirədə iş adamlarının həbsinə də toxunaraq “bir adam, xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək” deyə, bildirib. 28 mayla bağlı törəndə isə prezident dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılacağı ilə bağlı anons edib. Məlumatlar var ki, Avropa Oyunlarından sonra hakim komandada ciddi “təmizləmə” olacaq, hətta üç yüksək rütbəli məmurlar həbs ediləcək. Bu həbslərin fonunda Cahangir Hacıyevin də “içəri” salınması bəlkə də gözə görünməyəcək...
“Yeni Müsavat”