Elmar Məmmədyarov yenidən hədəfdə-iki şok səbəb...

5-06-2015, 09:30   
Elmar Məmmədyarov yenidən hədəfdə-iki şok səbəb...

Yalnız prezidentə bağlı naziri niyə vururlar?; Avropa Oyunlarının açılışına sayılı günlər qalmış Azərbaycan XİN-də “ciddi qalmaqal” kimlərə və niyə lazımdır? Məmmədyarovu “arzuedilməz” edən onun həm də sərt anti-Qərb siyasəti tərəfdarı olmamasıdır

I Avropa Oyunlarının açılışına sayılı günlər qalmış Azərbaycan XİN-də ciddi qalmaqal yaranıb. İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədovun yanan bina ilə bağlı facebook statusunda məmurları tənqid etməsi gündəmin əsas mövzusuna çevrilib. A.Məmmədov statusu hadisə baş verən günün səhəri-mayın 20-də yazıb, amma nədənsə, o status indi gündəmə gətirilib ki, bu da maraq doğurur.

Azərbaycan XİN-in yüksək rütbəli əməkdaşı statusuna “heç bir xalq bu qədər zülmə və haqsızlığa dözməz” sözlərini də əlavə edib. Bu xəbər yayıldıqdan sonra prezident İlham Əliyevin sərəncamı ilə Eynulla Mədətli Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Səfirin geri çağırılmasının səbəbləri haqqında heç nə deyilməsə də, bu statusu “layk” edənlər arasında geri çağırılmış səfirin oğlu, Azərbaycanın Brüsseldəki diplomatik missiyasının əməkdaşı Anar Mədətlinin olması müəmmaları artırıb. Bundan sonra bəzi elektron media “XİN-dəki gizli antiəliyevçilər” arasında Belçikadakı səfirliyin daha iki əməkdaşı-Fərəh Gözəlova və Ramiz Vəliyevin yer aldığı, o cümlədən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin barəsində də xidməti təhqiqat başladığı xəbərini yayıb.



Saytlardan biri “müxalifətin yeni lideri” kimi təqdim edilən Arif Məmmədovun daha bir statusunu yayıb: “Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxslərin, məsələn, Siyavuş Novruzovun (idmançı və millət vəkili), Əhəd Abıyevin (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyevin (nəhəng partiyanın rəhbəri) adları niyə əlavə olunmasın? Ölkənin parlaq ”dostları"nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar". Məsələyə reaksiya verən S.Novruzov diplomatı erməni adlandırıb, başqa bir deputat Qüdrət Həsənquliyev onun psixoloji problemlərinə şahidlik etdiyini söyləyib: “Bu hadisələrdə xaricin barmağını mütləq görmək lazımdır. Gec-tez bu sübuta yetiriləcək” deyə, politoloq Qabil Hüseynli bildirib.

A.Məmmədov isə ittihamlara belə cavab verib: “Ölkənin Xarici İşlər Nazirliyini dövlətə xəyanətdə ittiham etmək yalnız xəstə təxəyyülü olan insanın beyninə gələ bilərdi. Bəs bu paskvilin Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə, ölkənin imicinə və digər məsələlərə təsirinin nəticələri barədə düşünübmü? ”Dostlar"ın məyus olacağını bilsəm də, deməliyəm ki, mən təmiz azərbaycanlıyam və qan qarışıqlığım yoxdur".



“15 illik fəaliyyətim dövründə həmişə dövlətimizə, prezidentimizə və xalqımıza sadiq olmuşam və əməllərimlə bunu sübut etməyə çalışmışam. Hər birimiz ölkə rəhbəri ətrafında sıx birləşməliyik” deyə, Hikmət Hacıyev də bəyan edib.

Qeyd edək ki, Arif Məmmədov kifayət qədər imkanlı şəxs sayılır, onun Brüsseldə şəxsi mənzili var, ailəsi və yeganə övladı da Azərbaycanda deyil. Bu məsələlərdən sonra onun Azərbaycana dönməyəcəyi də əsas iddialar arasındadır.

***
Bu qalmaqalın Azərbaycanın mötəbər bir yarışa hazırlaşdığı və xüsusilə iqtidarın siyasətinə qarşı son günlər daha da güclənmiş kampaniya ilə bir vaxtda təsadüf etməsi haqlı suallar yaradır. Əlbəttə, diplomat nə qədər vətənpərvər olsa da, hər sözü harada və necə danışmağı da bilməlidir. Azərbaycanın diplomatik korpusu peşəkarlığı ilə öyünə bilməz. Bir çox hallarda Azərbaycanın xarici siyasəti keçmiş məmura, polis generalına, MTN sefinə, hətta yazıçı-şairə də həvalə olunur. Azərbaycanda son illər peşəkar diplomat yetişdirmək üçün XİN nəzdində Diplomatik Akademiya yaradılıb ki, bu təhsil müəssisəsində peşəkar diplomatların yetişməsi üçün illər lazımdır.



***
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun yerində olmaması barədə rəylər də yeni deyil. Bu barədə rəyi xüsusən hakimiyyətdaxili prosesləri dərindən bilən deputat Qüdrət Həsənquliyev tez-tez gündəmə gətirir. Bu qalmaqaldan sonra da Q.Həsənquliyev "Elmar Məmmədyarov yerində olmayan adamdır və nazirliyin işini qura, əməkdaşlarına nəzarət edə bilmir. Təəssüflər olsun ki, çoxları mənim bu fikirlərimi qəbul eləmək istəmir” deyə, münasibət bildirib. Deputat deyib ki, Xarici İşlər Nazirliyi Milli Məclis kimi bir orqanı saymır, deputatların səfərləri zamanı səfirlər onlara diqqət belə ayırmır.

Hakimiyyət düşərgəsinə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, bu skandal Prezident Administrasiyasında ciddi müzakirə mövzusuna çevrilib. Xəbərlərə görə, Elmar Məmmədyarovdan ən çox narazılar da məhz Prezident Administrasiyasında cəmləşiblər ki, bunun iki mühüm səbəb var. Əsas səbəb odur ki, E.Məmmədyarov əvvəldən heç bir qruplaşmaya daxil olmayıb, hətta hakimiyyətdəki şərti olaraq “Bakı qrupu” adlandırılanlar belə nazir üçün cəlbedici görünməyib. O, hakimiyyətdə barmaqla sayılacaq nazirlərdəndir ki, birbaşa bağlılığı prezident İlham Əliyevədir. Məmmədyarov yalnız prezident qarşısında hesabat verdiyindən onun bu müstəqilliyi hakimiyyət daxilində isti qarşılanmır. Halbuki o bəzi məsələlərdə, xüsusən səfir təyinatları üçün seçimləri PA ilə razılaşdırmalıdır ki, bunu da çox vaxt etmir.

E.Məmmədyarovu “arzuedilməz” edən ikinci mühüm səbəb isə onun sərt anti-Qərb siyasəti tərəfdarı olmamasıdır. Onun başçılıq etdiyi idarə bir çox hallarda xaricdən gələn hakimiyyətə yönəlik ittihamlara sərt cavab üslubundan istifadə etmir. Yalnız son aylar görünür ki, yenə də məhz prezidentin göstərişi ilə XİN xarici faktorlarla bağlı bəyanatlarda sərtliyi artırıb.

Prezidentə bağlılığı səbəbindən Məmmədyarovu rəqibləri açıq vurmaqdan həmişə çəkinib və bu, son qalmaqalda da təsdiqləndi. Amma XİN-də “xəyanət çetesi” mövzusunu gündəmə gətirməklə əsas məqsəd də E.Məmmədyarovu hədəfə çıxarmaqdır. Hakimiyyət üçün indi o qədər həssas məqamdır ki, hər hansı bir ehtiyatsız söz belə kimlərinsə karyerasına son qoya bilər.

Məlumata görə, Avropa Oyunlarından sonra gözlənilən kadr dəyişikliyi XİN rəhbərinə də toxuna bilər. Belə ki, prezident ABŞ və Avropa istiqamətində daha çevik xarici siyasət görmək istəyir. Bildirilir ki, hazırda xarici işlər naziri postuna bir neçə namizəd nəzərdən keçirilir. Onların sırasında uzun müddətdir nazir olmaq istəyən Novruz Məmmədovun da adı çəkilir. Namizədlər sırasında Səməd Seyidov da var, ABŞ-dakı səfir Elin Süleymanov da...

Məmmədyarov isə xarici işlər naziri postundan azad edilərək başqa diplomatik vəzifəyə təyin edilə bilər ki, iddialara görə, özü də bunu çox arzu edir...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.