Rusiya iki qardaş ölkəni Avrasiya Birliyinə qoşmaq üçün səylərini intensivləşdirib; Putinin qəyyum etdiyi şəxs: “5 ilə Azərbaycan və Türkiyə qurumun üzvü olacaq”; Rusiya prezidenti qısa zamanda Türkiyəyə də səfər edə bilər
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı Bakı səfərləri siyasi təhlilçilərə əlavə ciddi mövzu verib. Bir çox təhlilçilər regionun iki böyük dövlətinin liderinin Azərbaycanda eyni gündə, həm də prezident İlham Əliyevlə bir araya gəlməsi mümkünlüyünün və qarşıdakı görüşlərin uzaq gedən sonuclarını hesablamağa çalışırlar.
Söhbət təbii ki, Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərindəki əsas əngəlləri aradan qaldırmaqdan gedir. Rəsmi Bakı üçün bu xüsusda həll edilməmiş Dağlıq Qarabağ problemi öndə gəlir. Rusiya üçün isə öz növbəsində Azərbaycan Avrasiya İqtisadi Birliyinə potensial üzv ölkə olaraq çox mühüm, hətta həlledici əhəmiyyət daşıyır. Həmçinin də Ankara-Moskva münasibətlərinin son vaxtlar bəlli səbəblərdən rəvan getmədiyi məlumdur.
Azərbaycan şübhəsiz ki, Qarabağ ixtilafının həllində real irəliləyiş olmayınca və ölkəmizin ərazi bütövlüyünə təminat verilməyincə, Kremlin Avrasiya layihələrini yaxına buraxmayacaq. Bunu Kremldə də yaxşı bilirlər. Hərçənd bəzi rusiyalı analitiklər bir qədər fərqli düşünürlər.
Məsələn, tanınmış rusiyalı politoloq, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, sabiq deputat və Putinin qəyyum etdiyi şəxs Sergey Markova görə, Rusiya çətin ki, yalnız hansısa ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması naminə Dağlıq Qarabağ məsələsi ilə məşğul olsun.
Sitat: “Rusiya Azərbaycan və erməni xalqlarına məsələdə tədrici kompromis əldə olunması üçün kömək edir. Eyni zamanda situasiyanın geniş miqyaslı hərbi əməliyyatlar fazasına keçməməsi üçün çalışır. Bu köməyi Rusiya həm də öz maraqlarından çıxış edərək göstərir ki, sərhədində konflikt olmasın. Biz Azərbaycan və erməni xalqlarına qardaş xalqlar kimi baxırıq və dərin təəssüf hissi keçiririk ki, Qarabağ görə Azərbaycan və Ermənistan arasında münaqişə yaranıb. Dağlıq Qarabağ məsələsinin həlinin öz məntiqi var və heç bir halda o, Avrasiya İqtisadi Birliyi ilə əlaqəli deyil”.
Politoloqa görə, Azərbaycanla müqayisədə Türkiyənin Avropa Birliyinə yaxınlaşmasını daha asan təsəvvür eləmək olar: “Ən real variant Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi Birliyinə birgə üzv olmasıdır. Fikrimcə, təxminən yaxın 5 il ərzində bu iki dövlət Avrasiya Birliyinin üzvü olacaq. Şübhə yox ki, burada Ukrayna böhranından, dəhşətli müharibənin bitməməsindən dolayı da böyük əlaqə mövcuddur. Nə qədər ki, Qərb ölkələri ilə Rusiyanın konflikti davam edir, aydındır ki, bütün ölkələr az-çox ehtiyatlı olmağı üstün tutacaqlar”.
Ekspert bu arada bəzi “tərəfdaş ölkələrin” Avropa Birliyi ilə “qırmızı xətti” keçmədən yaxınlaşmaq istəyinə Moskvanın anlaşıqlı yanaşdığını bildirib: “Bir neçə ölkənin AB ilə əməkdaşlıq çərçivəsində sərbəst və ya sadələşdirilmiş viza rejiminə nail olmaq istəyi Moskvadan ötrü normaldır”.
Politoloq yekunda Vladimir Putinin Bakıya qarşıdakı səfəri ilə bağlı gözləntilərə də toxunub. Onun fikrincə, Putinin 24 aprel İrəvan səfəri Azərbaycan və Türkiyədə olduqca mənfi qarşılandığından, belə bir səfərə zərurət artıb: “Çünki Vladimir Putin üçün Azərbaycana dəstək, Azərbaycanla münasibətlər çox mühümdür. Mən yaxın zamanlarda Rusiya prezidentinin Türkiyəyə gedəcəyini də istisna eləmirəm. Amma bundan ötrü rəsmi Ankara gərək heç olmasa, Moskvaya ünvanlı 24 apreldən sonrakı ifrat neqativ ritorikadan imtina eləsin”.
*****
Əlbəttə ki, Putinin qəyyum etdiyi şəxsin guya Qarabağ məsələsinə görə Kremlin təəssüf keçirdiyini barədə sözlərini səmimi saymaq çətindir. Ən azı ona görə ki, Dağlıq Qarabağ ixtilafını kimin yaratdığını, Ermənistanın işğalının arxasında hansı dövlətin dayandığını, nəhayət, konfliktin nizamlanmasına illərdir kimin mane olduğunu hamı bilir.
Ancaq Markovun Azərbaycan və Türkiyənin 5 ilə Avrasiya Birliyinə qoşulacağı ilə bağlı fikirlərini ciddiyə almaq lazım gəlir. Çünki Kremlin “danışan dilləri”ndən biri kimi, o, faktiki, bununla Rusiya rəhbərliyindəki ovqatı ifadə edib və Moskvanın Azərbaycan və Türkiyəyə yönəlik ən yaxın hədəfinin anonsunu verib.
Rusiyanın iki qardaş ölkə ilə bağlı ən yaxın planının detallarına yəqin ki, Putin və Ərdoğanın Bakıya bu ay edəcəkləri səfərlərdən sonra əhəmiyyətli şəkildə aydınlıq gələcək. Ona da qəti şübhə yox ki, qardaş ölkə də Rusiya ilə əlaqələrin bundan sonrakı inkişafına sırf öz gəlir-çıxarını nəzərə alaraq razılıq verəcək.
Siyasət şöbəsi
//musavat.com/