“Diplomat qiyamı”nın pərdəarxası

6-06-2015, 08:37   
“Diplomat qiyamı”nın pərdəarxasıİqbal Ağazadə: “Onlar müxalifətmi olub, yaxud içəridə nə baş verir, buna hakimiyyət aydınlıq gətirə bilər”; Zahid Oruc: “Kəşfiyyat mərkəzləri ilk növbədə səfirləri satın almağa, yaxud onlar üzərində nüfuzetmə əməliyyatlarını qurmağa çalışır”
Elxan Şahinoğlu: “Əgər o, hakimiyyəti tənqid edirsə, aktiv diplomat fəaliyyətinə son qoyub siyasi fəaliyyətə keçməlidir”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial mediada yazdığı statusla bağlı qalmaqal səngimək bilmir. Azərbaycanın xarici siyasət idarəsi hələ ki, A.Məmmədovla bağlı araşdırmalar aparıldığını deməklə kifayətlənib və digər suallara aydınlıq gətirilmir. Ancaq mövzu kifayət qədər aktuallıq kəsb etdiyindən və ictimai rezonans doğurduğundan bir sıra ekspertlərə müraciət etdik.




Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin diplomatlarla bağlı məsələyə mövqeyi fərqlidir: “Bunlar hakimiyyətin təyin etdiyi kadrlardır, hakimiyyətin yeritdiyi xarici siyasətin ifadəçisidirlər. Bu mənada onun niyə elə danışır, niyə başqa cür danışmır məsələsi barədə qərarı da hakimiyyət verəcək. Zatən onların dediklərini bu və ya digər şəkildə Azərbaycan müxalifəti olaraq hər zaman mətbuatda deyirik. İndi onlar müxalifətmi olub, yaxud içəridə nə baş verir, buna hakimiyyət aydınlıq gətirə bilər, bizim aydınlıq gətirə biləcəyimiz bir şey yoxdur”.



Deputat Zahid Oruc isə hesab edir ki, “Arif Məmmədov hadisəsi”ni “səfirin də ürəyi var” yanaşması ilə qiymətləndirənlər hakimiyyət əleyhinə asi çıxa biləcək hər kəsi özlərinə müttəfiq çeçiblər: “Karyerasının 20-ci ilində olan bir diplomatı ötən illər ərzində yada salmayanlar, yaxud keçmişdə onun təmsil olunduğu qurumlarda Azərbaycanın yürütdüyü siyasəti qətiyyətlə pisləyənlər indi bütün ittiham bəyanatlarından səfirin adını çıxarmaqla məşğuldular. Gerçəkdən də çox böyük səriştəyə malik olduğu iddia edilən, onlarla ölkənin rəhbər şəxslərindən yüksək mükafatlar aldığı söylənən və ölkəsinin məxfi işlərinə öz ranqında qatılmaq səlahiyyəti əldə edən adamı hazırkı iqtidar öz komandasının ön cəbhəsinə çıxarıbsa, onda nədən dünənə qədər bunu obyektiv qiymətləndirənlərin şahidi olmamışıq? Yoxsa kadrların elitar keyfiyyətləri və professionalizmi yalnız onların antihakimiyyət cinahına keçməsi, yaxud yer aldığı hökumətin əleyhinə mövqe tutduğu zaman görünməyə başlayır?”

Z.Oruc deyir ki, Avropa məkanından Azərbaycan dövlətinin quruculuğunu qiymətləndirmək, yaşadığımız sosial-siyasi transformasiyanı dəyərləndirmək heç də həmişə düzgün qənaətlərə aparıb çıxarmır: “Çünki oturuşmuş demokratiyaların içərisində və yüksək təhlükəsizlik şəraitində çalışaraq, yaşayaraq, yaxud hər hansı vəzifə tutaraq ölkəmizi hər bir paraleldə müqayisə müstəvisinə gətirmək ekranlardan izlənən müharibələrlə gerçək silahlı toqquşmaları eyni tutmaq qədər uğursuz bir işdir. Hətta ən dahiyanə sənət əsəri belə qəhrəmanlıq və xəyanətlərlə dolu olan savaş reallığını çox cüzi bir şəkildə özündə əks elətdirə bilər. Unutmamalıyıq ki, hər bir xalqın keçdiyi yolu, milli psixologiyanı, kök salmış mənfi ənənələri aradan qaldırarkən dünyada tətbiq olunmuş təcrübəni təkrarlamaq yüz faizli uğura təminat vermir. Ona görə Azərbaycan diplomatlarının biganə qalmaq istəmədiyi daxili məsələlərin hər birinin ayrılıqda izahı var və son hadisə göstərir ki, ölkəmizi xaricdə təmsil edən komanda ilə hökumət strukturları və parlament arasında dərin rabitəni qurmaq, onların fəaliyyətini koordinasiya etmək və qarşılıqlı anlaşmaya, birgə hərəkətə nail olmaq mümkün olmayıb. Düzdür, on minlərlə nomenklatura təmsilçisi içərisində hər kəsin başqasının daşıdığı insani və idarəetmə keyfiyyətlərini bəyənməyə məcbur etmək mümkün deyil, lakin səfirin məsuliyyət daşıdığı faəliyyət məkanını buraxıb daxili siyasət aktyoru kimi hərəkət eləməsi absurddur və yolverilməzdir".

Deputat bildirdi ki, A.Məmmədəvun son açıqlamaları onun hazırki statusundan dolayı narazılığının, həmçinin mənən avropalı naturasında özünə qapılma və doğma torpağını aşağı görmə kompleksinin birbaşa nəticəsidir: “Onun meydanlara çağırdığı xalqın həyatında keçmişdə də müxtəlif fövqəladə vəziyyətlər baş verib. Onları dəf edərkən indi onun pislədiyi və ironik jarqonda simvollaşadırmaq istədiyi insanlar savaşın ön cəbhəsində, təhlükənin mərkəzində olublar. Lakin heç kəs diplomatlardan səngərdə döyüşçü, qiyamlara və dövlət çevrilişlərinə qarşı mübarizədə əlinə silah götürməyi tələb etmir. Hər kəsin fərqli bir missiyası var. Bununla belə, diplomatın oturub Züqanov və Jirinovskinin şəxsiyyətləri üzərindən Azərbaycanın siyasətini təftiş etməsi onun peşəkarlığına və uzaqgörənliyinə çox əsaslı şübhələr yaradır. Sözügedən şəxslərə bizim münasibətimiz tamam ayrıdır, lakin rus siyasətçilərinə bəlli bir dairələrin kanonlaşmış münasibətlərinə inansaq, onda sual olunur: məgər dünyada, o cümlədən, Arif Məmmədovu əhatə edən avroparlamentarilər sırasında yüzlərlə mənəviyyat dəllalı, siyasi avanturüsütlər yoxdurmu? Səfir müxalifətçiyə çevriləndə Əkrəm Əylislinin gününə düşür.

Bir tərəfdən dövlətin verdiyi bütün imtiyazları qəbul edirsən, övladına və özünə misilsiz qayğıları, ənamları və mükafatları həzm-rabedən keçirirsən, o bir yandan da istəyirsən ki, sənə ”Soljenitsın" desinlər. Yaşadığın zənginlik nə, özünü dissidentliyə, basqı və sıxıntıya məruz qalan bir obrazda göstərmək nə? Arif Məmmədovun virtual məkandakı fikir cərəyanlarına uyaraq guya insanlığını diplomatiyadan yüksək tutduğunu söyləyənlər, ondan yeni hərəkat lideri düzəldənlər isə onun həm də Azərbaycan əleyhinə planın bir parçası olduğunu, belələri vasitəsilə hakimiyyətin siyasətinə zərbə vurmağa çalışan xarici dairələrin ssenarisini biləndə növbəti dəfə xəyal krizinə uğrayacaqlar. Unutmayın ki, kəşfiyyat mərkəzləri ilk növbədə səfirləri satın almağa, yaxud onlar üzərində nüfuzetmə əməliyyatlarını qurmağa çalışır və çox zaman buna nail olurlar".



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirdədir ki, müxalifətin A.Məmmədov kimi təcrübəli diplomatlara ehtiyacı var. Əgər o, hakimiyyətin siyasətini tənqid edirsə, aktiv diplomat fəaliyyətinə son qoyub siyasi fəaliyyətə keçməlidir: “Bu normal qaydadır. Eyni zamanda həm hökumətin direktivlərini yerinə yetirmək, digər tərəfdən də direktivini yerinə yetirdiyin hakimiyyətin siyasətini bəyənməmək bir araya sığmır. Diplomat bunlardan birini seçməlidir. Ancaq onun facebookda yazdığı statuslardan artıq bu qənaətə gəlmək olar ki, indiki hakimiyyətin dövründə onun diplomatik fəaliyyətini davam etdirmək şansı artıq qalmayıb. Onun bu halda da iki seçimi var: Arif Məmmədov 3 gün qalmağı belə özü üçün ağır gördüyü vətənə qayıdaraq iztirablı həyat yolunu seçməlidir, ya da heyran olduğu Avropada sığınacaq alıb köhnə qitədə həyatına davam etməlidir. Ancaq bu halda onu da bilməlidir ki, artıq dövlət maaşı ala bilməyəcək, Avropada iş tapıb ancaq öz imkanlarına arxalanmalıdır. Bu isə əvvəlki lüks həyata bənzəməyəcək. Bu adam bir əldə iki qarpız tutmaq istəyir”.

E.Şahinoğlu bir məqamı da xatırladıb: “Fərhad Əliyev və Əli İnsanov həbs olunduqdan sonra İlham Əliyev müşavirə keçirərək nazirlərə dedi ki, kim mənim siyasətimi qəbul etmirsə, istefa verib ya müxalifətə qoşulsun, ya da özü üçün yeni siyasi partiya yaratsın. Bu deyilənlər Arif Məmmədova da aiddir. Hökumətin siyasətini bəyənmirsə, seçim et, yoxsa həm səfir qalacaqsan, bəyənmədiyin hökumətdən yüksək maaş alıb, lüks həyat sürəcəksən, həm də çalışdığın hökumətin əleyhinə açıqlama verəcəksən. Bu, etik deyil”.

Arif Məmmədovun virtual məkandakı fikir cərəyanlarına uyaraq guya insanlığını diplomatiyadan yüksək tutduğunu söyləyənlər, ondan yeni hərəkat lideri düzəldənlər isə onun həm də Azərbaycan əleyhinə planın bir parçası olduğunu, belələri vasitəsilə hakimiyyətin siyasətinə zərbə vurmağa çalışan xarici dairələrin, həmçinin daxildə maraqları zərbə almış kredit milyonçuları və mənafeləri toqquşan dairələrin ssenarisini biləndə növbəti dəfə xəyal krizinə uğrayacaqlar.

E.PAŞASOYhttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.