Mayın 19-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğının əks-sədası bir andaca bütün ölkəyə yayıldı. Həyatını itirənlər, yaralananlar oldu, neçə-neçə vətəndaşa maddi və mənəvi ziyan dəydi.
Olaya dövlətin də reaksiyası gecikmədi. Hadisə ən yüksək səviyyədə diqqətdə saxlanıldı. Prezident xüsusi komissiya yaratdı, nazirlər digər işlərini, səfərlərini yarımçıq qoyub hadisə yerinə baş çəkdilər. Yaralananlara, xəsarət alanlara yardım və qayğı göstərildi.
Lakin bütün bunların fonunda beyinləri narahat edən bir sual var idi: bina nə üçün yandı?
Söz-söhbət genişləndi, müxtəlif versiyalar səsləndi. Ancaq səslənən versiyaların heç biri “tez alışan üzlüklərlə binaların fasadlanmasına görə kim məsuliyyət daşıyır” sualını gündəmdən çıxara bilmədi.
Ölkəmizdə insanların həyatının və sağlamlığının, milli sərvətlərin, mülkiyyətin bütün növlərinin yanğından qorunmasının hüquqi əsasını və prinsiplərini müəyyən edən “Yanğın Təhlükəsizliyi haqqında” qanun mövcuddur. Həmin qanunun 24-cü maddəsinə görə, binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə, yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.
Qanunun 22-ci maddəsi isə məhz tikinti və təmir işlərində istifadə edilən qurğuların sertifikatlaşdırılmasına həsr edilib. Həmin maddədə qeyd olunub ki, Sertifikatlaşdırma- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhsulun, xidmətlərin, binaların və qurğuların müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun təsdiq edilməsi sahəsində göstərilən fəaliyyətdir. Qısacası, məhsulun və xidmətin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir.
İstər bu qanundan, istərsə də tikinti və təmir işlərinin aparılmasını tənzimləyən digər hüquqi aktlardan çıxış edəndə məlum olur ki, binaların poliuretan materialla üzlənməsi ilə bağlı məsələdə bir neçə dövlət qurumunun rolu, yaxud rəyi olmalıdır. Ancaq bu rol və rəy arasındakı münasibətlər son zamanlar Azərbaycan mətbuatında heç də düzgün təhlil edilmir, yaxud bilərəkdən rəylərlə bağlı məsələ şişirdilir. O cümlədən bəzi maraqlı tərəflər, məsələyə görə birbaşa hüquqi və mənəvi məsuliyyət daşıyan Binəqədi rayon icra hakimiyyəti öz rolunu nəinki qəbul etmir, hətta problemi başqalarının üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır. Amma gerçəyi danmaq mümkün deyildi.
Elə Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov da əraziyə gələndə vətəndaşların ona qarşı münasibətindən günahkarın hər kəsə bəlli olması görünürdü. Lakin icra hakimiyyəti ittihamları qəbul etməsə də, reallıq göstərir ki, köhnə binaların təhlükəli materialla üzlənməsinə Binəqədi rayonu liderlik edib. “Təmiz Binəqədi” adı altında aparılan layihə isə görüntü yaratmaqdan başqa bir şey olmayıb. Bu nüansı Prezidentin tapşırığından sonra məhz bu rayon ərazisində üzü sökülən və yenidən rənglənən binaların daha çox olması da bir daha təsdiq edir.
Layihə çərçivəsində əsas işi küçələrə plakat yapışdırmaq, qələm, bloknot paylamaq olan icra başçısının binaların tərkibində yanğın gecikdirici maddə qatılmadan poliuretanlarla üzlənməsindən xəbərsiz olmasına, daha doğrusu, materialı ucuz başa gətirənlərlə əlbir olmamasına hər halda Azərbaycanda kimsə inanmır. Axı hər kəsə bəllidir ki, binanın üzlənməsini həyata keçirən şirkət bununla bağlı sifariş almalı, müqavilə bağlamalı, sonra müvafiq tərəfə gördüyü işləri təhvil verməlidir. Bu məqam “Dövlət satınalmaları haqqında” Qanunda da açıq şəkildə göstərilib.
Qanuna əsasən, sifarişçi dövlət qurumudursa, binaların üzlənməsi üçün şirkətlər tender yolu ilə seçilməlidir.
Bəs, Azadlıq prospektindəki yanan binanın, ümumiyyətlə Bakı şəhərindəki poliuretanlarla üzlənmiş digər yaşayış evlərinin həmin materiallarla üzlənməsi üçün haçan və kim tender keçirib?
Heç şübhəsiz, tenderi təşkil edən və materialı sifariş verən ya Bakı şəhər İcra Hakimiyyəti, ya da Binəqədi rayon İcra Hakimiyyəti ola bilər. Əks halda, dövlət büdcəsindən ayrılmış vəsait hesabına müqaviləsiz təmir aparılması daha böyük cinayətdir ki, bunun da məsuliyyətini yenə həmin qurumlar daşıyır.
İndi gələk başqa bir məsələyə - binanın üzünə vurulan poliuretan materialına.
Binaya poliuretan üzlüyün yararlı olması barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti rəy verir. Həmin xidmətin verdiyi sənəddə poliuretanın çətin yanan material olduğu göstərilir. Bəlli olduğu kimi, Avropa ölkələrində tikinti materiallarının oda davamlılıq dərəcəsinin müəyyənləşdirilməsi 7 müxtəlif kateqoriya - “A1”, A2” “B“, “C”, “D”, “E” və çeşidlənməyən digər materiallar - üzrə aparılır. “A1”, “A2” qrupuna yanmayan materiallar, məsələn, daş, dəmir və s. daxildir. Tərkibinə yanma gecikdirici maddə qatılmış poliuretan isə “B-1” qrupuna daxil olmaqla çətin yanan materiallar sırasında yer alır. Ancaq həmin maddə qatılmadığı və ya az qatıldığı təqdirdə materialın oda davamlılıq əmsalı aşağı düşür, daha çox tüstü buraxır. Bəs necə oldu ki, çətin yanan, daha dəqiqi çətin yanmalı olan maddə dəhşətli bir yanğına səbəb oldu?
Bunun cavabı çox sadədir və məsələyə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Prezidentin yanında keçirilən müşavirədə aydınlıq gətirildi. Onlarla, yüzlərlə binanı üzləmək üçün sifariş almış şirkət, qısa zamanda daha çox gəlir əldə etmək üçün EKSPERTİZADAN SONRA öz istehsal etdiyi materiala həmin yanğın gecikdirici maddələrdən qatmayıb. Belə ki, zavod sertifikat almaq üçün laboratoriyaya göndərdiyi materiallara tələb olunan xüsusi maddəni qatıb. Nəticədə Dövlət Yanğın Nəzarəti Xidməti laboratoriya müayinələri nəticəsində, təqdim olunmuş materialın çətin yandığına rəy verib.
Amma “Global Stone” MMC məhz müvafiq ekspertizalardan keçdikdən sonra istehsal etdiyi materialın tərkibinə yanğının qarşısını alan maddələr daxil etməyi “daha lazım bilməyib”. Axı Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi binaya vurulan bütün üzlüklərə deyil, təqdim olunan nümunələrə rəy verir. Bu yalnız FHN və tikinti sektoru ilə bağlı deyil. Bir az məlumatı olan hər kəs bilir ki, laboratoriyalarda bütün məhsullar yox, onlardan seçilmiş nümunələr yoxlanılır. Ancaq xatırlayırsınızsa, Azadlıq prospektindəki yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərov başqa bir mətləbə də toxundu. Nazir bildirdi ki, ekspertizadan sonrakı dövrdə də FHN bir çox binalara vurulmuş üzlüklərlə bağlı araşdırma aparıb, onların oda davamlılıq dərəcəsinin aşağı olduğunu təsbit edərək çox sayda xəbərdarlıq məktubları göndərib. Lakin icra hakimiyyətləri və şirkətlər, yəni sifarişçi və icraçılar həmin xəbərdarlıq məktublarını sadəcə olaraq nəzərə almayıblar.
T. Aslanov
/musavat.com/