Ötən gün Türkiyədə parlament seçkiləri keçirildi. Seçkilərin əsas nəticəsi 13 ilə yaxındır hakimiyyəti təkbaşına əlində saxlayan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təkhakimiyyətliyi itirməsi oldu. Bu isə 63-cü Türkiyə hökumətinin qurulması üçün koalisiya danışıqlarına başlanması və çoxpartiyalı hökumətin formalaşdırılması deməkdir. Amma 92 illik cümhuriyyət tarixi Türkiyədə koalisiya hökumətlərinin qısa müddətə və siyasi ziddiyətlər şəraitində mövcud olduğunu göstərir. Hazırki baş nazir Əhməd Davudoğlunun təbirincə desək, Türkiyədə heç bir koalisyon hökumət uğur qazanmayıb.
Modern.az saytı 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra qurulmuş tək və koalisiya hökumətləri və onların aqibəti barədə tarixi bilgiləri təqdim edir.
1923-1950. Bu illər Türkiyədə təkpartiyalı sistem mövcud olub. 1923-cü il sentyabrın 9-da Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan Cümhuriyyət Xalq Partiyası (CHP) 1946-cı ilə kimi ölkədə yeganə siyasi partiya, 1950-ci ilə qədər isə hakmiyyətdə təmsil olunan tək partiya olub.
1950-1960. Bu dövr isə CHP iqtidarının yeni siyasi güclə - Demokratik Partiya (DP) ilə əvəzləndiyi illərdi. 1946-cı il yanvarın 7-də yaradılan Demokratik Partiya CHP-nin siyasi partiya inhisarına son qoymuş olub. CHP-dən istefa vermiş millət vəkili Cəlal Bayarın qurucusu olduğu yeni partiya 1950-ci il 14 may seçkilərində inamlı (52,7%) qələbə qazanaraq CHP-nin 27 illik siyasi hakimiyyətinə son qoydu. 1954 və 1957-ci il seçkilərində də qələbə qazanan DP 1960-cı ilə kimi təkbaşına iqtidarda qaldı. Lakin siyasi narazılıqlar 1960-cı il mayın 27-də Türkiyə ordusunun hərbi çeviriliş etməsinə səbəb oldu. Demokratik Partiya bağlandı və 10 il sərasər baş nazir səlahiyyətlərini icra etmiş Adnan Menderes edam olundu.
1960-1961. Hərbi çevirilişdən sonra 38 hərbçidən ibarət Milli Birlik Komitəsi yaradıldı. Bu hərbi xunta 1,5 il müddətində ölkədə hərbi generallar Camal Gürsel və Emin Fəxrəddin Özdiləyin prezidentliyi şəraitində ölkəni idarə edib.
1961-1965. Yeni Konstitusiya qəbul edildikdən sonra ölkədə yeni parlament seçkiləri keçirilib. 1961-ci il 15 oktaybr seçkilərində CHP 11 illik fasilədən sonra qələbə qazanaraq, yenidən iqtidara gəlib. Amma bu dəfə Türkiyə siyasi tarixində ilk dəfə olaraq koalisiya hökuməti qurulub. Ləğv olunmuş Demokrat Partiyanın davamçısı olan Ədalət Partiyası CHP ilə koalisiyaya girib. Baş nazir isə hələ Atatürkün dönəmində baş nazir (1923-1937), sonralar isə prezident (1938-1950) səlahiyyətlərini icra etmiş İsmət İnönü seçilib.
1962-ci il seçkilərində CHP Yeni Türkiyə Partiyası və Cümhuriyyətçi Kəndli Millət Partiyası ilə koalisiya qurub. Bir il sonra koalisiyanın dağılması səbəbi ilə keçirilən növbədənkənar seçkilərdə iqtidar partiyası müstəqil namizədlərlə ittifaqa daxil olub.
1965-1971. CHP 3 seçkidə qalib gəlsə də, koalisiyaya girdiyi partiyalarla stabil münasibətlər qura bilmir. Bu səbəbdən baş nazir İsmət İnönünün istefasından sonra yeni seçkilər keçirilir. 1965-ci il fevralın 20-də keçirilən seçkilərdə CHP keçmiş müttəfiqi Ədalət Partiyasına məğlub olur. Ədalət Partiyasından olan Suat Ürgüplünün müvəqqəti baş nazirliyindən sonra post Süleyman Dəmirələ təhvil verilir. 1965-ci ilin 27 oktyabrından 1971-ci ilin 26 martına kimi Süleyman Dəmirəl baş nazir səlahiyyətlərini icra edir. Ədalət Partiyasının təkhakimiyyətliliyi 6 il davam edib.
1971-1974. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məmduh Tağmaçın rəhbərliyi altında 2-ci dəfə hərbi çeviriliş gerçəkləşdirilib. 1974-cü il yanvarın 26-da yeni parlament seçkiləri keçirilənə kimi ölkədə Milli Birlik hökuməti idarəedici funksiyanı yerinə yetirib.
1974-1980. Bu dövr Türkiyə tarixində heç bir partiyanın mütləq üstünlük qazana bilmədiyi və tez-tez koalisiya razılaşmalarının əldə olunduğu zamandı. 1974-cü il yanvarın 26-da keçirilən seçkilərdə Bülənt Ecevitin sədri olduğu CHP qələbə qazanaraq, Milli Səlamət Partiyası ilə koalisiya hökuməti formaşadırır. Lakin Kipr böhranı və dünyəvi-dini qarşıdurma CHP-MSP ittifaqının 10 aydan sonra dağılmasına səbəb olur. Ədalət Partiyasının sədri, keçmiş baş nazir Süleyman Dəmirəl bundan istifadə edərək, CHP-yə qarşı Milli Səlamət Partiyası, Milliyətçi Hərəkat Partiyası və Cümhuriyətçi Güvən Partiyasından ibarət 4 partiyalı koalisiya yaradır. Lakin çoxpartiyalı koalisiya çox davam gətirmir. 1975-ci ilin iyununda 2 illik mövcudluqdan sonra dağılır. Sonrakı 2 il ərzində Bülənt Ecevit və Süleyman Dəmirəl qısa müddət ərzində iki dəfə bir-birini baş nazir kürsüsündə əvəzləyirlər. Nəhayət, 1979-cu il noyabrın 12-də növbədənkənar parlament seçkilərində Süleyman Dəmirəl Ədalət Partiyasının sədri kimi seçkiləri udur. Lakin onun iqtidarı 10 ay davam edir.
1980-1983. 1980-ci il sentyabrın 12-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kənan Evrənin başçılığı ilə demokratik hökumət yenidən devrilir. Hərbçi Bülənt Ulus dövlət başçısı səlahiyyətlərini icra etməyə başlayır. 1983-cü ilin 13 dekbarında isə ölkədə yenidən demokratik seçkilərin keçirilməsinə icazə verilir.
1983–1991. Çevirilişdən sonra keçirilən ilk seçkiləri Turqut Özalın başçılıq etdiyi Ana Vətən Partiyası qazanır. Partiya 1991-ci il noyabrın 20-nə kimi tam 4 dəfə təkbaşına hökumət qurur. Sonuncu seçkilərdə partiyanın sədri Məsud Yılmaz Süleyman Dəmirəlin başçılıq etdiyi koalisiyaya uduzur.
1991-2002. 6 il hakimiyyətdə olan Ədalət Partiyası 1980-ci il hərbi çevirilişndən sonra ləğv olunur. Uzun illər partiyaya sədrlik etmiş Süleyman Dəmirəl 1983-cü ildə yeni partiya – Doğru Yol Partiyası (DYP) təsis edir. 1991-ci il seçkilərində partiyası Sosial Demokrat Xalq Partiyası (SDXP) ilə koalisiya hökuməti qurur. 1993-cü il aprelin 17-də prezident Turqut Özalın qəfil ölümü ilə Dəmirəl boş qalan prezident kürsüsünə iddalı olur. O, DYP və SDXP-nin səyi ilə prezident seçilir və 2000-ci ilə qədər dövlət başçısı səlahiyyətlərini icra edir. Sosial Demokratik Xalq Partiyasının sədri, eks-baş nazir İsmət İnönünün oğlu Erdal İnönü 1,5 ay müddətinə baş nazir olur. Bundan sonra 1993-cü il iyunun 25-də növbəti parlament seçkiləri baş tutur. Dəmirəlin yerinə Doğru Yol Partiyasına sədr gələn xanım siyasətçi Tansu Çillər Sosial Demokrat Xalq Partiyasının dəstəyi ilə sayca 50-ci Türkiyə hökumətinin qurulması hüququnu əldə edir. O həm də Türkiyə tarixinin ilk qadın baş naziri olur. Tansu Çillərin koalision iqtidarı 3 il davam edir.
1996-cı il martın 6-da Ana Vətən partiyasının sədri Məsud Yılmazın qısamüddətli baş nazirliyindən sonra Rifah Partiyasının sədri Nəcməddin Ərbakan Doğru Yol Partiyası ilə birlikdə yeni hökumət formalaşdırırlar. 1997-ci il iyunun 30-da hökumət yenidən dağılır. Qısa müddətə Məsud Yılmaz baş nazir kürsüsünə geri qayıtsa da, bu illərdə qeyri-sabit siyasi şərait hökumətlərin tez-tez dəyişməsinə yol açır. Nəhayət, 1985-ci ildə Rahşan Ecevit tərəfindən əsası qoyulan Demokratik Sol Partiyası onun həyat yoldaşı Bülent Ecevitin rəhbərliyi altında hakimiyytə gəlir. 3 illik Ecevit hakimiyyəti MHP (Milliyətçi Hərəkat Partiyası) və Ana Vətən Partiyaları ilə koalisiyaya əsaslanırdı. Lakin 2002-ci ildə bu koalisiya dağıldı və Türkiyə növbəti növbədənkənar seçkilərə getdi.
2002-ci ildən sonra. 2002-ci il 3 noyabr seçkiləri sürpriz nəticələrlə yaddaşlarda qaldı. Cəmi 1 il əvvəl yaradılan Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 34,3%-ni toplayaraq təkpartiyalı hökumət qurdu. AKP ilə yanaşı, yalnız bir partiyanın – Cümhuriyət Xalq Partiyasının parlamentə keçməsi də bu işdə onlara yardımçı oldu. Partiyanın sədri Rəcəb Tayyip Ərdoğanın keçmişdə 1 aylıq həbs olunması ona baş nazir seçilməyə imkan vermədiyi üçün ilk vaxtlar bu funksiyanı Abdulla Gül icra etdi. Türkiyə Böyük Millət Məclisinin müvafiq qanun dəyişikliklərindən sonra 2003-cü il martın 14-də Rəcəb Tayyip Ərdoğan baş nazir seçildi. Türkiyədə sabit hökumət formalaşdıran AKP son13 ildə iqtidarı əldən vermir.
Hazırda Rəcəb Tayyip Ərdoğan Türkiyə Cümhuriyyətinin prezidenti, Əhməd Davudoğlu isə baş nazir postlarını icra edir. Sonuncu – 7 iyun 2015-ci il seçkilərində 40% səs toplayaraq təkbaşına hökumət formalaşdırmaq hüququnu itirib.