Məmmədovların dəbdəbəli yelkən-hoteli açılmadı - şok iddialar var

10-06-2015, 09:15   
Məmmədovların dəbdəbəli yelkən-hoteli açılmadı - şok iddialar var
Açılış üçün hər şey hazır, amma...; Anar Məmmədovun amerikalı milyarderlə şərikli “Trump Towers”in açılışı niyə ləngidi? Avropa Oyunları hotelin həm tanınması, həm də qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı, fəqət...
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hotelinin açılışı ləngiyir. Məlumatlara görə, Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospektinin üstündə tikilmiş mehmanxana hələ bir ay əvvəldən açılış üçün tam hazırlanıb.

Amma bu mehmanxanaya qədər Bakıda 4-dək hotelin açılışı gerçəkləşsə də, nazir oğlunun hoteli nədənsə, yada düşməyib. Qeyd edək ki, əvvəl “Baku Towers” adlanan mehmanxana sonradan Məmmədovların amerikalı milyarder şəriki Donald Trumpun istəyi ilə "Trump Towers" olaraq dəyişib.

Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub.

Hotelin 189 otağından ən kiçiyinin sahəsi 60 kvadrat metrdir. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və tikilini onun şirkəti həyata keçirib.



“Biz dünyada lüks sinifli tikinti işlərini həyata keçirən «Trump Organization» şirkəti ilə əməkdaşlıqdan son dərəcə şadıq. Bu, bizə Bakını ziyarət edən şəxslər və şəhər sakinlərinə yeni üslub nəslini, eksklüzivlik və nüfuzu simvolizə edən dünya dərəcəli apartament və hotel təqdim etməyə imkan verir” deyə, Anar Məmmədov müsahibələrinin birində deyib. Bu hotel istifadəyə verildikdən bir il sonra “Trump Hotel Collection”a məxsus hotellər şəbəkəsinə qoşulacaq. Vaşinqton və Vankuverdə, eyni zamanda Rio de-Janerio-da bu şəbəkədən olan hotellərdə hazırda tikinti işləri tamamlanmaq üzrədir.



Yeni tikilən hotelin iyunda istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yayılmışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Bakı Avropa Oyunlarınadək istifadəyə veriləcək. Çünki yarışlarda Bakıya Avropa və dünyanın bir çox ölkələrindən minlərlə adam gəlir və bir sıra mehmanxanalarda artıq boş yer belə yoxdur. Məhz bu səbəbdən də hotel mayın ortasından açılış üçün tam hazır vəziyyətə gətirilmişdi. Avropa Oyunları “Trump Towers”in həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Artıq oyunların startına cəmi iki sutka qalıb və hotelin məhz bu günlərdə açılışı inandırıcı deyil. Xatırladaq ki, bir neçə ay əvvəl milyarderin qızı, “The Trump Organization”in vitse-prezidenti İvanka Trump da Bakıda olub və tikinti meydançasına şəxsən baş çəkmişdi.



Ziya Məmmədovun oğlunun şərikli hotelinin açılışının hansı səbəbdən ləngiməsi barədə müxtəlif versiyalar var. Son aylar nəqliyyat nazirinin hakimiyyətdə mövqelərinin zəifləməsi barədə məlumatlar çoxalıb. Avropa Oyunlarından sonra mümkün kadr dəyişikliyi barədə iddialarda nəqliyyat nazirinin adı ilk üçlükdə çəkilir. İqtidarın Amerika-Azərbaycan Alyansının rəhbəri olan Anar Məmmədovun fəaliyyətindən narazı olduğu da gələn xəbərlər sırasındadır. Bugünlərdə isə məlum olub ki, nazir oğlu Makedoniyanın Azərbaycandakı fəxri konsulu təyin olunub.



A.Məmmədovun konsul təyin edilməsi ilə bağlı bu ölkənin xarici işlər naziri Nikola Poposki Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubda bildirib. Nikola Poposki xahiş edib ki, Anar Məmmədova Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaradılsın, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim edilsin. Bu isə diplomatik anlamda faktiki toxunulmazlıq statusu anlamına gəlir... (Yeri gəlmişkən, Ziya Məmmədovun keçmiş şəriki, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun oğlu da vaxtilə Xorvatiyanın Azərbaycandakı fəxri konsulu təyin olunmuşdu).

Lakin bu məsələ ilə bağlı ortaya ciddi bir skandal da çıxıb. Belə ki, Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim iddia edir ki, Anar Məmmədov bu adı rüşvətlə satın alıb. Bu barədə artıq Makedoniya qəzetləri də yazırlar.

Daha bir maraqlı fakt. Vergilər Nazirliyinin vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə yaydığı son “qara siyahı” da Anar Məmmədova məxsus “Transqeyt” MMC-nin adı da vardı.
Nəhayət, hotelin açılışının ləngiməsi amerikalı milyarder Donald Trumpla da bağlı ola bilər. Hazırda rəsmi Vaşinqtonla Bakı arasında münasibətlər soyuqdur. Doğrudur, Trump Obamaya müxalifətdə olan Respublikaçılar Partiyasının üzvüdür və 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini vermək niyyətindədir. Mümkündür ki, indi rəsmi Bakı amerikalı milyarderin mütləq iştirak edəcəyi mehmanxananın açılışını məqsədəuyğun hesab etmir...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.