ABŞ və Qərbin Azərbaycan hakimiyyətinə “yay sürprizləri”

11-06-2015, 07:55   
ABŞ və Qərbin Azərbaycan hakimiyyətinə “yay sürprizləri”


ABŞ Konqresi, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi məhbus məsələsini çözməyən rəsmi Bakını müzakirəyə çıxarır
Azərbaycanda insan haqlarının və demokratiyanın durumu Avropa Şurasının yay sessiyasının gündəliyinə salınıb. “Yeni Müsavat” xəbəri Avropa Şurasındakı qaynaqlardan alıb. Xəbərdə bildirilir ki, qərar ötən həftə Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən yığıncağında qəbul edilib. Avropa Şurası Parlament Assambleyasının hər sessiyasından öncə Fransa paytaxtında sessiyanın plenar toplantısının gündəliyinə salınacaq məsələlərin müəyyən edilməsi üçün toplantı keçirilir.

Azərbaycanla bağlı məsələnin gündəliyə salınmasını AŞPA-nın İnsan Haqları Komitəsi tövsiyə edib. Komitə təmsilçiləri bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, insan haqları ilə bağlı problemlərin aradan qaldırılması üzrə verdiyi vədlərə əməl etmir, görülən tədbirlər isə formal xarakter daşıyır və demokratik durumun yaxşılaşmasında müsbət tendensiya yaratmır.

Paris müzakirələrində siyasi məhbuslar üzrə Azərbaycanda yeni yaradılan üçtərəfli işçi qrupun fəaliyyəti də müzakirə edilib. AŞPA təmsilçiləri bildirib ki, qurumdaxili müzakirələrdə rəsmi Bakını təmsil edən şəxslər insan haqları müdafiəçilərinin, eləcə də Avropa Şurası təmsilçilərinin qaldırdıqları məsələlərə diqqət ayrılacağına söz versələr də nəticələr gözlənilən olmayıb, siyasi məhbus elan edilən şəxslər azadlığa çıxması prosesi yubanıb.



Azərbaycanın sərt tənqid olunduğu toplantıda Azərbaycanı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edib. Toplantıya qatılan qaynağın sözlərinə görə, Səməd Seyidov kəskin suallarla “küncə sıxışdırılıb”. AŞPA təmsilçiləri Azərbaycan hakimiyyətinin siyasi məhbuslarla bağlı problemi hansı səbəbdən çözmədiyi, vətəndaş cəmiyyəti fəallarının təqibini dayandırmadığı haqqında çoxsaylı suallar versələr də Səməd Seyidovdan arqumentli cavab ala bilməyiblər.

Azərbaycanla bağlı Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında səslənəcək hesabat da artıq hazırdır. Hesabatı qurumun Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramund və Tadeus İvinski hazırlayıb. Sənəddə Azərbaycanda insan haqlarının durumu və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan məhdudiyyətlər ayrı-ayrı bölmələrdə toplanıb.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti dəfələrlə yüksək beynəlxalq kürsülərdən ölkədə insan haqları və demokratiya ilə bağlı problemlərin olmadığını bildirsə də, reallıq tamamilə fərqlidir. Sənəddə siyasi fəaliyyətin görə həbs edilən bir çox şəxsin adı çəkilir və onların hər birinin taleyi ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət edildiyi, buna baxmayaraq həmin şəxslər üzərindən saxta məhkəmə iddiaları və həbs qərarları götürülmədiyi vurğulanır.

Sənəddə vətəndaş cəmiyyəti institutları ilə bağlı problem insan haqları məsələsi ilə uzlaşdırılıb. Həmməruzəçilər qeyd edir ki, Azərbaycanda siyasi məhbus statusu alan şəxslərin bir çoxu uzun illərdir vətəndaş cəmiyyətinin inkişafı üçün böyük əmək sərf edən şəxslərdir. Sənəddə Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq edən şəxslərin saxta iddialarla uzun müddətə azadlıqdan məhrum edilməsi demokratik prosesə ağır zərbə, Azərbaycanın sivil dünyanın bir parçası olmaqdan imtina etməsi kimi dəyərləndirilir.



Hesabatda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ayrıca bölüm var. Həmsədrlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmasını, torpaqlarını işğal etməsini, bu səbəbdən 1 milyon insanın daimi yaşayış yerindən məhrum olmasını, sivil şəxslərin əsir götürülməsini ölkədə insan haqları ilə bağlı prosesə ciddi ziyan vurduğunu xüsusi qeyd edib.

Hesabatda İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun qanunsuz həbsinə xüsusi vurğu var. Həmsədrlər onun həbsini beynəlxalq insan haqları institutları ilə əməkdaşlıq etməsinin qarşılığı kimi qiymətləndirir.

“Sülh və Demokratiya” İnstitutunun sədri Leyla Yunusun adı isə sənəddə bir dəfə çəkilir. Müşahidəçilər bunu Leyla Yunusla Pedro Aqramund arasında bir neçə il öncədən başlayan soyuq münasibətlərə bağlayır. Məsələ burasındadır ki, Leyla Yunus Pedro Aqramund və o zamankı digər həmsədr Josef Debano Qrexi Azərbaycanla bağlı 2012-cü il hesabatında son dərəcə yumşaq mövqe tutduqlarına görə kəskin tənqid etmişdi. Leyla Yunus həmməruzəçiləri Azərbaycan hakimiyyəti ilə əlbir olaraq ölkədəki ciddi problemlərə göz yummaqda ittiham etmişdi.



Həmin “yumşaq” hesabat sonucu Avropa Şurası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi postu ləğv edilmişdi. Bu durum Azərbaycanda insan haqlarının durumuna mənfi təsir edən faktor kimi qiymətləndirilir. Aradan keçən 2 il bu qənaətin yersiz olmadığını göstərdi və durumun pisləşməsini nəzərə alan Avropa Şurası rəhbərliyi ötən ilki yay sessiyasında Pedro Aqramunta həm də siyasi məhbuslarla bağlı hesabat hazırlamaq yetkisi verdi.

Azərbaycan məsələsi yay sessiyasının iyunun 22-də keçiriləcək ilk yığıncağında müzakirə ediləcək. Müzakirələrə müşahidəçi qismində Azərbaycandan olan bir çox siyasi mühacirlər də qatılacaq. Ölkədə siyasi baxışlarına görə həbs edildikləri, təqiblərlə üzləşdikləri üçün Avropa ölkələrinə sığınan şəxslər AŞPA-nın İnsan Haqları Komitəsində keçiriləcək müzakirələrdə çıxış edəcəklər. Komitənin yığıncağında Azərbaycana beynəlxalq institutlar vasitəsilə basqı göstərilməsinin yolları aranacaq, gəlinən nəticələr AŞPA-nın plenar sessiyasının gündəliyinə tövsiyyə ediləcək.

Siyasi mühacirlərin Avropa Şurasının və Avropa Şurası Parlament Assambleyasının rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub.

Həmsədrlərin hazırladığı hesabatın plenar iclasda müzakirəsi zamanı Azərbaycanın ciddi sürprizlərlə üzləşəcəyi ehtimalı yüksəkdir. Hər sessiyada Azərbaycan hakimiyyətini demokratiyaya basqılara görə tənqid edən AŞPA deputatlarının ölkənin qurumdan çıxarılması təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir.

İyunun 10-da isə Avropa Parlamenti və Amerika Birləşmiş Ştatlarının Konqresində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilib. Avropa Parlamentindəki qaynaqlardan əldə etdiyimiz informasiyaya görə, Avropa parlamentarları Azərbaycanın mövqeyini kəskin pisləyib, üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməsə Azərbaycanın Avropa institutlarında təmsilçiliyi məsələsinə yenidən baxılması haqqında fikirlər səsləndiriblər. Hər iki qurumda eynizamanlı tədbirləri Qərbin və ABŞ-ın Azərbaycan iqtidarına durumdan çox ciddi rahatsızlıq mesajı kimi dəyərləndirilir.

Rəsmi Bakını sərt tənqidlərdən yalnız sessiya keçirilənə qədər siyasi məhbusları azad edilməsi xilas edə bilər. Bir neçə gün öncə prezident yanında Əfv Komissiyasının təmsilçiləri və insan haqları müdafiəçiləri Heydər Əliyevin hakimiyyətə qayıdışı günü olan 15 iyunda bir neçə siyasi məhbusun azad edilə biləcəyi haqqında fikir səsləndirib. İnsan haqları müdafiəçiləri siyasi məhbus siyahılarını quruma təqdim edib. Sıra hakimiyyətdədir.

Aygün Muradxanlı, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.