Dağlıq Qarabağ məsələsində uzun sürən durğunluqdan sonra bu həftə nizamlama prosesinə müəyyən dinamiklik gələ bilər. Hər halda, Rusiya prezidenti Vladimir Putinin sabah Bakıya başlayacaq iki günlük səfəri buna kövrək ümidlər yaradır.
Xəbər verildiyi kimi, Rusiya prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Putinlə prezident İlham Əliyevin Bakı görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında da geniş müzakirə aparılacaq.
“Qarşıdakı danışıqlar zamanı regional gündəmin mühüm aspektlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması və 2014-cü ilin sentyabrında Həştərxanda keçirilmiş dördüncü Xəzər sammitində qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi müzakirə olunacaq”, - deyə köməkçi qeyd edib.
Onun sözlərinə görə, Əliyevlə Putin arasında iyunun 13-də keçiriləcək danışıqlar öncə məhdud heyətlə keçəcək, daha sonra işgüzar səhər yeməyi formatında geniş tərkibdə davam edəcək. Bu da diqqət mərkəzində olacaq mövzuların ciddiliyinə işarə hesab oluna bilər.
***
İki ölkə başçısının Qarabağ mövzusunda konkret hansı aspektləri müzakirə edəcəyi deyilməsə də, bir şey dəqiqdir ki, Azərbaycanın dövlət başçısı məsələdə status-kvonun uzun müddət davam etməsinin Azərbaycan xalqının maraqlarına cavab vermədiyi ali qonağın nəzərinə bir daha çatdırılacaq. Hər halda bir var, bunu başqa-başqa məkanlarda, təşkilatlarda bəyan edəsən, bir də var ki Rusiyanın prezidenti ilə tet-a-tet görüşdə ona üzbəsurət söyləyəsən.
Rusiya isə problemin həllində istəsək də, istəməsək də hələlik açar ölkə olaraq qalır. Bu xüsusda Bakıdakı görüşlərin yekunu olaraq Kreml rəhbərinin Qarabağ mövzusunda verəcəyi bəyanat və açıqlamalar yetərincə ciddi əhəmiyyət kəsb edir. Söhbət həm də Qarabağ ixtilafına dolayısıyla təsiri olan məsələlərdən gedir.
Bəllidir ki, Moskva Azərbaycanın da Ermənistan kimi Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşmaq üçün ciddi səylər göstərir. Bakının isə bununla bağlı konkret şərti var: Azərbaycan üzvlük haqda yalnız Qarabağ məsələsi nizamlanacağı təqdirdə, yaxud işğal altındakı torpaqların azad edilməsində ciddi irəliləyişin olacağı təqdirdə düşünə bilər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov az öncə Moskvaya son səfəri zamanı Kreml rəsmilərinin diqqətinə bir daha çatdırıb.
***
Maraqlıdır ki, şimala qonşumuzun Qarabağ məsələsində hansısa hərəkətlilik göstərməyə başlaması ərəfəsində ABŞ da sanki paralel hərəkətliliyə keçib. Belə ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvana gəlib. Bu barədə o, özünün twitter səhifəsində yazıb.
“İrəvana qayıtdım və bu gün və sabah Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələri gözləyirəm”, - ABŞ həmsədri yazıb. Lakin cənab Uorlik Bakıya da baş çəkəcəyi haqda heç nə yazmayıb. Onun regiona səfər edəcəyi haqda qabaqcadan məlumat da verilməmişdi.
Bu yerdə yada salaq ki, ötən il atəşkəs rejiminin 20 illiyi ilə bağlı irəli sürülən 6 bənddən ibarət nizamlama təklifi məhz amerikalı həmsədr Ceyms Uorlikə məxsusdur. Daha çox “yenilənmiş Madrid prinsipləri”ni xatırladan həmin təkliflər Bakı və İrəvanda birmənalı qarşılanmamışdı.
***
Uorlikin Ermənistana səfəri həm də Türkiyədə kritik parlament seçkilərindən sonraya təsadüf edir. Bəllidir ki, seçkinin nəticələri Ermənistanda da məmnunluqla qarşılanıb. Çünki Türkiyə ermənilərinin dəstəklədiyi, PKK-nın siyasi qanadı sayılan Xalqların Demokratik Partiyası (HDP) ilk dəfə olaraq 10 faizlik barajı aşaraq (12.9%) yeni parlamentdə xeyli yer - 80 mandat qazanıb. Bu partiya isə uydurma erməni “soyqırımı” tanıyır və həmçinin bu məsələni və Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılması məsələsini Türkiyə parlamentində qaldırmaq niyyətindədir.
Bəs qardaş ölkədəki 7 iyun seçkiləri hansısa formada Dağlıq Qarabağ və sərhəd məsələlərinə təsir edəcəkmi? Bu yöndə Ankaraya xarici təzyiqlər necə, bundan sonra arta bilərmi?
“Türkiyəyə ”soyqırım" məsələsində xaricdən güclü təzyiq əks-effekt verir və verəcək". Musavat.com-un məlumatına görə, bu barədə İstanbuldakı “Kadır Xas” Universitetinin rektoru, beynəlxalq əlaqələr üzrə ekspert Mustafa Aydın erməni portalına müsahibəsində bildirib.
“Türkiyə belə hallara təzyiqlərə neqativ reaksiya verir. ”Soyqırımı" bir çox ölkələrin tanımasından sonra Türkiyənin Ermənistanla ümumi dil tapması daha da mürəkkəbləşib. Mən hesab edirəm ki, Ankara və İrəvan birlikdə irəliyə daha çox gedə bilər, nəinki başqa qüvvələrin iştirakı və ya vasitəçiliyi ilə" - qeyd edib ekspert.
Mustafa Aydın saxta erməni genosidi və Dağlıq Qarabağ məsələləri arasında birbaşa bağlılığın olmadığını da qeyd edib. “Bununla əlaqədar prezident Ərdoğan öz mövqeyini dəfələrlə bildirib: sərhədlər Dağlıq Qarabağ münaqişəsi çözüləndən sonra açıla bilər. Ancaq fikrimcə, Qarabağ məsələsində irəliləyiş olacağı təqdirdə də sərhədlərin açılması mümkündür. Lakin Dağlıq Qarabağ probleminin ”genosid" məsələsinə heç bir aidiyyəti yoxdur. Bu - Ermənistanın, Türkiyənin və erməni diasporunun problemidir" - əlavə edib politoloq.
***
İstisna deyil ki, Vladimir Putinin Bakl səfəri və səfər çərçivəsində onun azərbaycanlı və türkiyəli həmkarı - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla görüşlərində Ermənistanla sərhədlər və işğalçı ölkənin blokadası mövzusuna da hansısa şəkildə toxunulsun. Ümumiyyətlə isə, Qarabağ problemi də daxil, regiona yönəlik böyük bir açılıma artıq çoxdan ehtiyac yaranıb. Rusiya və Türkiyə buna girişməyincə bölgədə daimi sülh və təhlükəsizlik əlçatmaz olaraq qalacaq.
musavat.com