İki qardaş ölkə ziddiyyətli bir dönəmə girir; bu gün Türkiyədə təzə parlament öz işinə başlayır; millət vəkilləri and içəcək, ancaq hamı ona sonadək sadiq qalacaqmı? HDP Azərbaycana görə qapadıla da bilər, əgər...
Qardaş Türkiyədə 7 iyun parlament seçkilərindən sonra yaranan yeni və yetərincə mürəkkəb situasiya bu gün növbəti fazasına adlayacaq. Yeni parlamentin ilk toplantısı olacaq, bundan öncə isə millət vəkilləri and içəcək.
Təbii ki, Türkiyə gündəminin əsas müzakirə mövzusu koalision hökumətin necə və hansı prinsiplər əsasında formalaşması ilə bağlıdır. Seçkilərdə ən çox səs qazanan AKP-nin rəhbərliyi, prezident Rəcəb Tayyib Ərdoğan bu xüsusda artıq öz mövqeyini açıqlayıb: koalisiya qurmaq istəyən qüvvə şərtsiz gəlməlidir.
Bir çox müşahidəçilərə görə, yaranmış durumda ən çox mümkün sayılan AKP-MHP ittifaqı ola bilər. Lakin az ehtimal edilsə də, AKP ilə PKK-nın siyasi qanadı sayılan, ilk dəfə olaraq Türkiyə parlamentinə düşən, faktiki, MHP ilə eyni saya (80 yer) almış HDP-nin ortaq hökumət qura biləcəyindən söz edənlər də var. Bəzi təhlilçilərə görə, HDP birbaşa yox, kənardan AKP-ni müdafiə eləməklə də yeni hökumətin təşkilinə yardımçı ola bilər - təbii ki, öz şərtləri qarşılığında.
***
Bu şərtlərin isə ağır olacağı gözlənilir - Abdulla Öcalanın azad edilməsindən tutmuş, Türkiyəni federativ dövlətə çevirmək tələblərinədək. Nəzərə alsaq ki, Türkiyəni sözəbaxan eləmək üçün Avropanın müəyyən dairələri HDP və onun lideri Səlahəddin Dəmirdaşı ciddi müdafiə edir, o zaman qardaş ölkənin qat-qat ağır bir təhdid və imtahanla üz-üzə qalacağı şübhə doğurmur. O üzdən qəti şübhə yox ki, HDP koalision hökumətdə təmsil olunsa da, olunmasa da, hədəflərinə doğru yürüyəcək - anda-filana baxmadan.
“Dəmirdaş və onun partiyası parlamentdə yer aldıqdan sonra Türkiyəyə Öcalanın rəhbəri olduğu PKK-nın yaşatdığı dövrdən daha acı bir zaman yaşadacaq”. Bu sözləri axar.az-a şərhində politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, HDP tezliklə Türkiyədən federasiya tələb edəcək, parlamenti bir növ döyüş meydanına çevirəcək.
Əlbəttə ki, bizi düşündürən həm də HDP-nin nə dərəcədə iki qardaş ölkənin arasını vura biləcəyidir. Bacaracaqmı? Qabil Hüseynli: “Bu partiya Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığı dəyərləndirə bilmir. Azlıqda olan bir xalqın nümayəndəsi olsa da, Dəmirdaş Türkiyə vətəndaşıdır. O, Türkiyə əvəzinə Ermənistanı müdafiə etməli deyil. Belə hesab edirəm ki, onun Qarabağın Türkiyənin məsələsi olmaması, ermənilərdən və Ermənistandan ”soyqırım"a görə üzr istənilməsi ilə bağlı çıxışlarına görə partiyanın bağlanması haqqında məsələ qaldırılmalıdır. Çünki bu, konstitusiyaya ziddir və Türkiyənin milli, strateji maraqlarına qarşı yönəlib. Yəqin ki, iqtidarın içindən bir nəfər çıxıb, Dəmirdaşın cavabını verəcək. Əks halda o, daha uzağa gedəcək və Ankaradan federasiya, kürd dilinə dövlət dili statusu istəyəcək. Bu tələb partiyanın proqramında da var. Onun qarşısının alınması üçün indidən tədbir görülməlidir".
Q.Hüseynli Qərbin indiyə qədər kürdlərdən Türkiyəyə qarşı istifadə etməyə çalışdığını yada salaraq deyib: “Bu günədək ermənilərlə bərabər, hər zaman bu coğrafiyada kürdlərin hislərindən yararlanaraq onlardan istifadə etməyə çalışıblar. Qərbin çox ölkəsi bundan istifadə etməkdədir”.
***
HDP isə indi üstəlik, parlament partiyasıdır, böyük bir tribuna qazanıb. Doğrudur, onun sıralarında mandat almış kökəncə azərbaycanlılar da var. Şərqi Anadoludan millət vəkili seçilmiş, Güney Azərbaycan əsilli Kıznaz Türkel kimi. Fəqət çox sevinməyə dəymir, çünki həmin azərbaycanlı deputatların Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə, Dağlıq Qarabağ, Ermənistanla sərhədlər və saxta soyqırım məsələlərinə baxışları, yumşaq desək, ziddiyyətlidir.
Bunu Türkelin BBC-yə müsahibəsindən görmək olar. Diqqət edin, xanım azərbaycanlı ola-ola yuxarıdakı abzasda qoyulan məsələlərlə bağlı kifayət qədər yayğın ifadələr işlədir, tutaq ki, Azərbaycan kökənli MHP-li deputat Atilla Kaya kimi dərhal və birmənalı mövqe sərgiləmir, “işğala son verilməmiş sərhədlər açıla bilməz”, “saxta soyqırım tanına bilməz”, “Azərbaycan-Türkiyə əlaqələri bütün hökumətlərin və siyasi maraqların fövqündədir” söyləmir, israrla suallardan yayınır; “Azərbaycan kökənli millət vəkili kimi İqdırın maraqlarını müdafiə edəcəksiz, yoxsa HDP-nin” sualına isə belə cavab verir: “Yeri və zamanı gələndə oturub baxacağam, ona uyğun qərar verəcəyəm”.
***
Bu, hələ HDP-dən olan azərbaycanı deputatın ürkək mövqeyidir, gör indi həmin partiyanın qeyri-azərbaycanlı millət vəkilləri, erməni deputatlar hansı düşüncə sahibidir. Yeri gəlmişkən, bu gün - andiçmədən öncə Səlahəddin Dəmirdaş İmralıya gedəcəyini bildirib. Yəqin ki, böyük siyasi savaş öncəsi ondan xeyir-dua almaq üçün.
Demək, Türkiyə-Azərbaycan strateji müttəfiqliyini doğrudan da ciddi sınaq gözləyir. Onu yeni İmralı təhlükəsi də adlandırmaq olar. Bu sınağın, yaxud əngəlin aşılması zamanı çox “başlar gedə”, andlarını pozanlar mandatını itirə, HDP isə hətta qapadıla da bilər. Çünki əlahəzrət TÜRK toplumunun iradəsi məsələsi var.
Siyasət şöbəsi