Beynəlxalq ictimaiyyətin gözündə Ermənistan təcavüzkar dövlət kimi tanınır.
ANS PRESS-in məlumatına görə, bu barədə müxalifətçi Erməni Milli Konqressi partiyasının parlament fraksiyasının başçısı Levon Zurabyan bildirib. Onun fikrincə, Ermənistanın bu uğursuzluğu ölkə hakimiyyətinin səriştəsiz siyasəti və gələcəyi görə bilməməsi ilə bağlıdır.
Levon Zurabyanı bu cür danışmağa Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) monitorinq komissiyasında qəbul edilmiş “Azərbaycanda demokratik institutların fəaliyyəti” sənədi məcbur edib. Sənəddə deyilir: “Ermənistan Dağlıq Qarabağı işğal edib”. Sənəd 22-26 iyunda AŞPA-nın yay sessiyasında səsverməyə çıxarılacaq və qətnaməyə çevriləcək.
Bu, Ermənistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı indiyə kimi apardığı riyakar siyasəti darmadağın edəcək. Rəsmi İrəvan hər yerdə bəyan edir ki, guya Dağlıq Qarabağı və ətraf rayonları Ermənistan ordusu deyil, yerli erməni hərbi birləşmələri işğal edib. Halbuki, bunu təkzib edən faktlar yetərincədir: Dağlıq Qarabağdakı işğalçı ordunun komandiri müdafiə nazirindən sonra Ermənistan ordusunda ikinci adam sayılır, Ermənistan vətəndaşları işğal edilmiş ərazilərdə hərbi xidmət keçir və s.
AŞPA-nın yay sessiyasında səsverməyə çıxarılacaq qətnamə Azərbaycana öz ərazilərini işğalçı Ermənistan ordusundan azad etməyə imkan verəcək.