Keçmiş səhiyyə naziri Əli İnsanovu həbsxanada öldürmək istəyirlər. Bu sensasiyalı məlumatı “azerbaycansaati.tv” yayıb. Məlumatı olduğu kimi təqdim edirik:
“Planın adı elə bu şəkildədir: Əli İnsanovun ləğv edilməsi. Bu plan barədə Azərbaycan Saatına dəqiq mənbədən informasiya daxil olub. Biz ehtimalları da hesablayandan sonra tərəddüd etmədən bu planın üstünü açmaq qərarı verdik. Söhbət bir cinayətin qarşısının alınmasından daha çox, bir insanın həyatının xilas edilməsindən gedir. Üstəlik, bu planın həyata keçiriləcəyi halda, onun başqa siyasi məhbuslara qarşı tətbiq edilməsi perspektivlərini də önləmək zəruridir.
Azərbaycan Saatına məlumat verən mənbə bildirir ki, Əli İnsanovun aradan götürülməsi Avropa Oyunlarından sonraya planlaşdırılır. Bu mənbə bu plan haqqında kifayət qədər informasiyalıdır. Onun dedikləri həqiqətə və reallıq dərəcəsinə olduqca uyğundur. Əlbəttə, biz Əli İnsanovun yaxınları ilə əlaqə saxlayıb bu planda nəzərdə tutulan bəzi detalları dəqiqləşdirə bilərdik. Amma açığı, zaman buna imkan vermir.
Məsələn, biz dəqiqləşdirmək istərdik ki, sabiq Səhiyyə naziri bu yaxınlarda, elə lap Avropa Oyunlarından dərhal sonrakı tarixlərdən birində Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasına getmək barədə düşünürmü? Belə bir müraciət edibmi? Ola bilər ki, onun üzərində hər hansı cərrahiyyə əməliyyatına ehtiyac olsun. Deyək ki, lap adi burun əməliyyatı.
Əgər onun belə bir niyyəti varsa, oraya getməməsi məsləhətdir. Çünki bu planın gerçəkləşdirilməsi variantlarından biri elə, həmin ünvanı nəzərdə tutur.
Bəri başdan deyək ki, Əli İnsanovu indi ömürlük cəza verilmiş şəxslərin birinin əli ilə aradan götürmək planlaşdırılır. Bu variant normalda, Əli İnsanovla hər hansı ömürlük dustağın təmaslarını istisna edir. Amma Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsi ömürlük dustaqlarla adi dustaqların görüşməsi üçün yeganə ünvandır. Ömürlük dustaqlar hər hansı cərrahiyyə əməliyyatı üçün oraya gətirilir, adi dustaqlarla bir yerdə, eyni paatalarda qalırlar. Burada onların əli ilə istənilən cinayəti törətmək rahatdır, nəzərə alsaq ki, bir insan bir dəfə ömürlük cəza alıbsa, onun üçün fərqi yoxdur, cəzasının üstünə daha neçə il əlavə edilə bilər.
Nəyin müqabilində?
Dustaq ömürlük də olsa, onun bayırda yaxınları, əzizləri var. Onlardan biri hansısa ailə üzvləri üçün yaradıla biləcək hər hansı təminatın qarşısında bu işi boynuna götürə bilər.
Bu xəbərin yayılması Əli İnsanovun həyatını xilas edirmi?
Biz deyə bilmərik ki, bu hal üçün hansısa «B» planı nəzərdə tutulub, ya yox. Normalda, istənilən «B» planı «A» planının tətbiq edilməsinin mümkünsüzlüyü situasiyası üçün nəzərdə tutulur. Amma bu xəbərin yayılması, ümumiyyətlə, fors-major yaradır.
Başqa tərəfdən, bu informasiyanın yayılmasından sonra Penitensiar Xidmətin, Qobustan qapalı həbsxanasının və Əli İnsanovun özünün cəza cəkdiyi cəzaçəkmə müəssisəsinin əməkdaşları ciddi sorğu-suala çəkiləcəklər və kimlərinsə başı ağrıyacaq. Ona görə yox ki, belə bir plan hazırlanıb. Bu plan həmin çevrələrdə hazırlanmayıb. Baş ağrısı ona görə yaranacaq ki, bu plan barədə məlumat necə və nə üçün sızıb!
Bir insanın həyatının xilas edilməsi bir başqasının başının ağrıması bahasına başa gəlirsə, bu, o qədər də pis nəticə deyil.
Hesab edirik ki, Əli İnsanovun yaxınları, vəkilləri, hətta həbsxanada yaxın münasibətdə olduğu dustaq yoldaşları da onun bütün hərəkətlərini diqqətlə təqib etməlidirlər. Xüsusilə vəkilləri və ailə üzvləri sabiq səhiyyə nazirinin bütün trayektoriyası barədə məlumatları dərhal ictimailəşdirməlidirlər.
Əli İnsanovun aradan götürülməsi planının nəyə görə hazırlandığını şərh etmək isə bizim işimiz deyil. Daha doğrusu, bunu hər kəs edə bilər. Başlıcası budur ki, Əli İnsanov haqqında Avropa İnsan Haqları Məhkəməsinin icra edilməyən qərarı var. Bundan əlavə, hətta bu qərarın icrası tamamilə yerinə yetirilməsə də, o, gələn il azadlığa buraxılmalıdır. İndiki hamimiyyət isə bunu qətiyyən istəmir!”.