Mərkəzi Bankdan kredit açıqlaması - kritik hədd

14-06-2015, 19:01   
Mərkəzi Bankdan kredit açıqlaması - kritik hədd

Problemli kreditlərin həcmi 1 milyard 256,6 milyon manata çatıb, bank sistemi çökə bilər...


Mərkəzi Bank may ayının 1-nə əsasən əhali tərəfindən banklara ödənilməyən vaxtı keçmiş kreditlərə dair növbəti statistikanı açıqlayıb. Nəticəyə əsasən, banklara ödənilməyən kreditin həcmi 1 milyard 256,6 milyon manat (6,1 faiz) təşkil edib. Müqayisə üçün qeyd edək ki, mart ayında bu rəqəm 1 milyard 213,3 milyon manat (5,9 faiz) təşkil edirdi. Bu, o deməkdir ki, ötən bir ay müddətində vaxtı keçmiş kreditlərin ödənilməsində 43,3 milyon manat həcmində gecikmə yaranıb.

Bundan əlavə, ölkənin dövlət banklarının kredit portfeli 7414 milyon manat təşkil edib. Özəl banklar tərəfindən isə istehlakçılara 12 590,9 milyon manat həcmində kredit verilib. Yerdə qalan qalan 2,9 faiz (590,6 milyon manat) bank olmayan kredit təşkilatlarının payına düşüb.

Ekspertlər də vəziyyətin ciddi olduğunu vurğulayırlar. Ekspert Samir Əliyev qeyd edib ki, statistik məlumatlar vəziyyətin çox da kritik olmadığını göstərir: “Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib. Bu gün ölkə üzrə problemli kreditlərin payının ikirəqəmli olmasını çəkinmədən deyə bilərik. Apardığımız müşahidələr və analizlər bu fikri təsdiq edir. Hətta elə banklar var ki, onların kredit portfelinin az qala yarısı problemlidir”.

O, hesab edir ki, ölkə üzrə problemli kreditlərin payı 20 faizdən çoxdur. Bu, artıq kritik həddir: “Mövcud böhranı heç də təkcə devalvasiya ilə əlaqələndirmək düzgün olmazdı. Problem başlanğıcını kredit portfelini sürətlə artıran bankların risk menecmentini düzgün qurmamasından götürüb. Onların ən böyüyü Beynəlxalq Bankdır. Çünki Beynəlxalq Bank illərlə qüsurlu və riskli kredit siyasəti aparıb. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib”.

Mütəxəssisin sözlərinə görə, problemli kreditləri istehlak yox, məhz biznes kreditlərinin hesabına artıb. Yəni burda günahkar sadə vətəndaş yox, iri sahibkarlardır: “Təbii ki bu işdə son nöqtəni devalvasiya qoydu. Manatın dəyərini 35 % itirməsi dollar kreditlərinin ödəniş məbləğini birdən-birə 35 % artırdı. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55 % artdı. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi. Səbəb isə Konstitusiya Məhkəməsinin mayın 7-nə nəzərdə tutulan iclası idi”. Samir Əliyevin fikrincə, bank sektoru neftin ucuzlaşmasından və devalvasiyadan böyük zərbə alıb. İkinci devalvasiya bu sistem üçün öldürücü ola bilər.

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, banklar əhaliyə güzəştə getməlidir, əks halda problemli kreditlər daha da artacaq və banklar tamamilə çökəcək: “Banklar da Konstitusiya Məhkəməsini ona görə tələsdirirdi ki, problemli kreditlər portfeli gündən-günə artır. Bu portfelin real həcmi bəyan etdiklərindən xeyli yüksəkdir. Problemli kreditlərin üç qrupu var. Birinci qrupa bank sahiblərinin özlərinin süni yaratdığı problemli borclar aiddir. Yəni dolayısı ilə özlərinə məxsus olan şirkətlərə verilmiş və qaytarılmayan kreditlərdir. Özləri-özlərindən oğurlayırlar? Əlbəttə, yox. Bu, əmanətçilərin puludur. Onların hesabına bank sahibləri öz şirkətlərinə ucuz kreditlər verirlər. Bununla həm də mənfəət vergisindən yayınırlar. Yəni ilin axırında bank ya heç mənfəətə çıxmır, ya da mənfəəti azaldır. Vergi orqanına deyirlər ki, problemli kreditlərimiz çoxdur, ona görə də mənfəət azdır və ya heç yoxdur. İkinci qrupa bankın idarəçilərinin və hətta işçilərinin “şapka” müqabilində verdikləri kreditlərdir. Lakin maraq təkcə “şapka”da deyil. Bu yolla həmin şəxslər, o cümlədən özlərinin bankdakı iş yerlərini sığortalayırlar. Bank sahibləri onları qovmaqdan çəkinir, çünki əks halda sözügedən problemli kreditlər tamamilə batacaq. Üçüncü qrupa klassik problemli kreditlər aiddir. Yəni bilavasitə borc alanın özü ilə bağlı problemdir. Ola bilər ki, borc alan həqiqətən ağır vəziyyətə düşüb, ya da borc alan banka “atmaq” istəyir”.

Ə.Həsənovun sözlərinə görə, devalvasiyadan əvvəl də bankların problemli kredit portfeli kritik həddə idi. Lakin devalvasiyaya qədər banklar bir təhər bu problemli portfeli idarə edirdilər: “Borc alanlardan aldıqları yüksək sələmçi faizlər, ucuz xarici kreditlər və sair sayəsində idarə edirdilər. Lakin devalvasiyadan sonra eyni zamanda üç proses başladı: borc alanlar dollar kreditlərini ödəməkdən boyun qaçırdılar ki, əvvəlki məzənnə ilə ödəyəcəyik, xarici valyutada kreditlər etibarsızdır və sair. İkincisi, xaricdən ucuz kredit cəlb etmək çətinləşdi. Həmçinin, əmanətçilər əmanətlərini çıxarmağa başladı. Yəni xərclər artdı, gəlirlər isə azaldı. Banklar bu üç prosesin qarşısını almaq istədi. Əmanətlərin çıxarılmasının qarşısını almaq üçün qanunvericiliyə zidd olaraq açıq valyuta mövqeyi limiti ləğv edildi. Sığortalanan əmanətlər üzrə faiz dərəcəsi 12 faizə çatdırıldı. “Vergisiz” əmanət məhsulları işə salındı və sair. Lakin zaman göstərdi ki, xeyri yoxdur, əhali artıq bank sisteminə etibar etmir. Xarici kreditorlar da həmçinin: nəinki yeni kreditlər vermir, əvvəlkiləri də geri tələb edirlər. Buna görə də bankların bir yolu qaldı - nəyin bahasına olursa-olsun, problemli kreditlərin həcminin artmasının qarşısını almaq. Buna görə də dollar kreditləri üzrə müddətlər uzadıldı, bəziləri hətta faiz dərəcələrini cüzi endirdi. Təki yeni problemli kreditlər yaranmasın, kreditlərin ödənişi davam etsin. Axı əvvəlki problemlər onsuz da pik həddə çatmışdı. Lakin borc alanların çoxu inad etdi ki, daha ciddi güzəştlər tətbiq edilsin. Tanınmış hüquqşünaslar, hətta hakimlər də bankların maraqlarına uyğun olmayan bəyanatlar verirdi. Hətta bankların əleyhinə azı bir məhkəmə qərarı da qəbul edildi. Bu şəraitdə borc alanları yola gətirmək xeyli çətinləşdi. Buna görə də banklar qərara aldı ki, məsələni pərakəndə şəkildə və çoxsaylı məhkəmələr vasitəsilə deyil, birlikdə və bir məhkəmə - Konstitusiya Məhkəməsi vasitəsilə birdəfəlik həll etsinlər. Necə deyərlər, ucuz və keyfiyyətli! Axı məhz bu məhkəmənin qərarı qətidir.

Həm də ki, bu halda bankların adı tez-tez mənfi müstəvidə hallanmayacaqdı və əmanətçiləri qorxutmayacaqdı. Beləliklə, tələm-tələsik məsələ Konstitusiya Məhkəməsinə çıxarıldı. Banklar ümid edirdi ki, bu qərardan sonra borc alanlar bankların iradəsinə tabe olacaq və kreditləri qaytarmağa davam edəcəklər.

Lakin gözlədikləri kimi məsələ asan olmadı. Banklar qərarın qısa müddətdə elan olunmasına can atdı və istədiklərinə nail oldular. Amma tələskənlik nəinki qərarın savadsız tərtib edilməsinə, həmçinin 6-cı bənddə qeyri-ixtiyari əhalinin xeyrinə müddəanın daxil edilməsinə səbəb oldu. Banklar artıq başa düşür ki, Konstitusiya Məhkəməsinə zorla qəbul etdirdikləri qərar nəticəsində köklü dönüşə nail ola bilmədilər. Cəmiyyət qərarı qəbul etmir, onu legitim hesab etmir. Qərarın 6-cı bəndi isə bankların xeyrinə deyil. Aydın oldu ki, istənilən halda əhali ilə kompromisə nail olmaq lazımdır. Əks halda, problemli kreditlərin həcmi dəhşətli səviyyəyə çatacaq”.

Röya


/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.