Açığı belə möhtəşəm gözəllik sərgisinə birbaşa tamaşadan özünü məhrum etmiş Avropa liderlərinin yerinə çox pis oldum. Tutaq ki, soyuqqanlı Almaniya qarısı Merkelin burada olmama səbəblərini başa düşmək olardı. Gözəl, qıvraq, dəlisov gənclərə baxıb bürüşmüş yaşına niyə əsəbiləşsin ki... Amma Avropada axı nisbətən gənc, bəlkə bir az daha da qırışsız liderlər də var idi. Bəs onların yoluna kim çıxmışdı. Hər halda itirən onlar oldu. Karvan öz yoluna davam etdi və edir. Hətta bir sıra it hürüşlərini məharətlə möhtəşəm səs tərtibatının tərkib hissəsinə daxil etməyi bacardıq da. Qəribədir. Azərbaycan Avropa üçün oyunlar keçirir. Avropanın böyük dövlətləri isə öz oyunlarını boykota çağırır. Amma. Bax elə məsələ bu ammadadır.
Bu necə boykotdu? Bu əcayib boykotun məntiqinə görə hər şey belə baş verməlidir: bütün müddət ərzində bir dövləti söyməlisən, təhqir etməlisən, hər şeyi qara görməlisən, dediklərindən belə çıxmalıdır ki, burda hər şey çox pisdir, yaxşı bir zərrə belə yoxdur, amma eyni zamanda da idmançıların gəlir, yeyir, içir, keyf edir.
Qonaqpərvərliyimizin bəhrələrindən dadır, hələ bir gedəndə dəyərli hədiyyələr də aparır. Bununla da hər şey bitmir. İdmançı ölkəyə qayıdır və onun təmsil etdiyi dövlətin sahibləri özünü cilovlaya bilmir, elə bir ucdan söyür, iftira atır, bununla da boykotunu davam etdirir, daha doğrusu psevdoboykotunu....
Amma biz bilən boykot belə olmur axı. Yoxsa biz boykot-zad görməmişik? boykotu da kişi kimi etmək lazımdır. Məsələn, 1980-ci ildə Moskva Olimpiyadasını boykot edən 60-dan artıq ölkə Birləşmiş Ştatların çağırışını dəstəkləmiş və SSRİ-yə gəlməmişdi. O zaman prezident Karter bu addımı Sovet İttifaqının Əfqanıstana girməsinə etiraz əlaməti olaraq atmışdı. Növbəti olimpiya oyunları 1984-cü ildə Birləşmiş Ştatların Los-Angeles şəhərində keçiriləndə də bu boykota Sovet İttifaqının özü və müttəfiqləri qatılmadı. Yenə də kişi kimi dedilər boykot edirik, getmirik və getmədilər.
İndi vəziyyət dəyişib: boykotun yeni növünü icad edənlər oturub düşünüblər, daşınıblar və axırda belə qərara gəliblər ki, bir dayan e.. xeyir ola, niyə o vaxtlarkı kimi eliyək. Yaxşısı budur gedək də, iştirak edək də, medal-zad aparaq da, sonra da qayıdıb sökək-dağıdaq. Bağışlayın məni, bəlkə də ev yiyəsi belə danışmaz. Amma bu mövqelərin elə ən vicdansızıdır... Bəs kişilik, bəs dövləti mərdlik, ədalət, yüksək materiyalar... harda qaldı? Həm idmançı göndər, yesin, içsin, keyf eləsin, oynasın, hələ bir olimpiyadaya lisenziya da qazansın, aparsın və sonra da Gəray bəyin sözü olmasın: "söy atamızın qəbrinə".
Özü də bu boykot növü laaap təzədir. İdmançılarını ayır, amma qeyri-hökumət təşkilatları adından ağzına və ağlına gələni gəlməyəni de... Özünü elə apar ki, biz deyildike o qeyri-hökumət təşkilatıydı.
Vallah bu demokratiya "vot qde sidit u menya"...
Bu əcayib boykot növünü ilk dəfə Pekin olimpiyadası ərəfəsində tətbiq etdilər... Olmaz, Çinə getməyin, orda canilər yaşayır... Canım sizə desin, Pekin 2008-ci il ləğv olunsun! Niyə a bala? Ona görə ki, Tibetdə insan hüquqları pozulur. İkinci sınağın hədəfi Rusiya oldu. Soçi. Eyni manera, eyni ton, eyni iradlar və bəhanələr... Amma onu da deməliyəm, ki, hörmətli əngəllər, bu üsul çox səmərəsizdir. Çin olimpiyadası da tarixə düşdü, Soçi olimpidası da. Şübhəsiz ki, birinci Avropa Oyunları da tarixə düşəcək. Onda bunu niyə edirsiniz? Bizi israfçılıqa günahlandırırsınız, amma özünüz bu qədər pulu və özü də görün nəyə boş şeylərə və boş şeyə sərf edirsiz. Görmürsünüz ki, faydası yoxdur. Onda Sovetlər Əfqanıstana girmişdi, bəs biz hara girmişik? Əksinə bizi işğal ediblər axı... Bilirəm, burada məsum idmançıların heç bir günahı yoxdur. Onlar alətə çevrilməməlidir. boykot idmançıların marağında deyil. Əksinə 6 mindən artıq idmançı dua edir ki, şükür sənə xudaya, gücümüzü imkanlarımızı göstərməyə yer tapdıq... Allah qazananı gətirəni salamat eləsin! boykot siyasi iradə yiyələrinin, dövlətlərarası rəqabətin ən qeyri- sağlam yollarına əl atanların qərarıdır. Onların boykot ideyalarının arxasında isə bircə şey durur.
Onlar istəyirlər ki, turistlər gəlməsin! Ay aman gəlib görərlər və gedib öz evlərində danışarlar ki, bizi aldadıblar... Heç demə Azərbaycanda adam əti-filan yemirlər... Ən qəribəsi həm də budur ki, bir zamanlar Sovet İttifaqı dəmir pərdə yaradırdı, vətəndaşları xaricə getməyə qoymurdu ki, birdən əsl həyatı, çürüyən imperilizmin əslində çiçəklənmələrini görər, birdən yaxşı çıxmaz. Amma indi Azərbaycanla öz arasında dəmir pərdəni Avropanın özü çəkir. Yəni avropalı qonaq birdən gəlib görər və avrobaşıların uydurduğu Azərbaycan obrazı dağılar, sökülər ...Budu e məsələ. Amma artıq uduzdular. Gəldilər, gördülər və uduzdular. Gördülər ki, ay balam gül kimi ölkədir, Rusiyada ayılar, Çində kualalar gəzmədiyi kimi Bakının küçələində də boz qurdlar ulaşmır.
"Sizin insanlarınız çox qayğıkeşdir. Deyəndə ki, problemim var, yaxınlaşıb soruşurlar ki, kömək edə bilərəm. Bu çox gözəl bir şeydir. Burda olmaqdan məmnunam".
"Avropa Oyunları üçün bura gəlmişəm. Bakı çox gözəldir və insanları da olduqca mehribandır".
"Təhlükəsizliklə bağlı burada problemim yoxdur".
Xülasə, bütün bu dediklərimin mustafasına gəlirəm: Bacılar və qardaşlar, bu gün dünyada qaydalar pozulub. Bəşəriyyət "bespredel" qaydaları ilə idarə olunmağa başlayıb. Bunun sonu pis olacaq. Hər bir "bespredel" bəşəriyyət tarixində böyük bir müharibəylə nəticələnib. Bəd gətirmək istəmirəm. Amma müharibəyə də hazır olmalıyıq. Ona görə ki, müharibəsi özünün olmayan dövlətin sülhü də özgənin olur. Təzyiqlər isə olub və belə görünür ki, olacaq... Biz qonağa hörmət edirik, əlbəttə, amma gərək qonaq da ev yiyəsinə hörmətlə yanaşsın. Yoxsa Oyunların açılışı günü ərəfəsində Almaniya Bundestağı və Konqres Azərbaycanla bağlı dinləmələr salmazdı. Adama deyərlər ki, qardaşım, dostum, düşmənim nəyi dinləyəcəksən. Onsuz da dinləyirsən də. Sizin əlinizdən öz halalca Nazirlər Kabinetimizə də ay-fonla girə bilmirik...
Avropa Oyunlarının xətrinə Bakı bütün mümkün xeyirxah adımlarını atdı. Hətta onu İsveçrəyə, daha doğrusu İsveçrənin Azərbaycandakı səfirliyində müvəqqəti sığınacağa dəyişmiş Emin Hüseynovun belə üstündən böyükyana keçdi. Təki Bayramımıza çamır qatılmasın.
Oyunların bir addımlığında avtobusu qonaqların, amma onlardan daha çox millətimizin və dövlətimizin nüfuz və qonaqpərvərliyinin üzərinə sürən sürücünün də, müşahidə kamerasının təsvirlərini Allah bilir hansı məqsədlə yayan polis əməkdaşının azı xain hərəkətini də zor bir soyuqqanlılqla həzm etdi. Ona görə ki, bu xalq böyükdür, səbri kimi.
Azərbaycanı-vətən boyda ərazini sığınacağ boyda yuvaya dəişən Emin Hüseynov isə özünü artıq azərbaycanlı hesab etməyə bilər. Təəssüf... O, ilk Avropa Oyunlarının Bakıda keçirilməsindən söz düşəndə yaşanacaq ümumxalq qürurundan özünü bəri başdan məhrum etdi. Bəlkə də səhv edirəm, amma hər iki halda azərbaycanlı var. Hər iki adda azərbaycanlı. Hər ikisi qəzadır. Hər ikisi təxribata çox oxşadı. Yenə də pisliyi vətənimizə, dövlətimizə etmək istədilər.