“Atletlər kəndi”ndəki qəzaya görə iki məmur hədəfdə

15-06-2015, 09:29   
“Atletlər kəndi”ndəki qəzaya görə iki məmur hədəfdə
Nəqliyyat naziri özünü sığortalamaq üçün 10-a yaxın işçisini cəzalandırdı

Hadisəyə görə sürücü həbs olundu; DIN və Baş Prokurorluq növbəti həbslərin olacağının anonsunu verdi



I Avropa Oyunlarının “Atletlər kəndi”ndə baş verən qəza ilə bağlı bir nəfər həbs edilib. Daxili Işlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd olunur ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.
Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilmiş, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib.
Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.
Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Prosessual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır. Iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Bu arada “Azadlıq”a olayla bağlı ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, hadisəyə görə nəqliyyat naziri Ziya Məmmədovla, Bakı meri Hacıbala Abutalıbov hədəfə gəlib. Məlumat üçün deyək ki, “Bakubus” Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyindədir. Nəqliyyat Nazirliyi isə prosesə ümumi nəzarəti həyata keçirən qurum kimi məsuliyyət daşıyır. Məlumatda bildirilir ki, hadisədən bərk qəzəblənən Ziya Məmmədov 10-a yaxın işçini cəzalandırıb. Onlardan bəzilərinə şiddətli töhmət verilib, bəziləri isə işdən çıxarılıb. Lakin bu addımın onun xilas edəcəyi sual altındadır. Iddialara görə, hər iki məmur bərk danlanıb və ehtimal olunur ki, Avropa Oyunlarından sonra onlar vəzifələrinə “əlvida” desinlər. Ziya Məmmədov və Hacıbala Abutalıbovun olayı özlərinə qarşı təxribat saymaları barədə də məlumatlar var. Bildirilir ki, onlar arqument kimi hadisənin dərhal ictimailəşdirilməsini, bir gün sonra videogörüntülərinin sosial şəbəkələrdə yayılmasını göstərirlər. Amma maraqlıdır ki, həmin videogörüntülər ilk olaraq “Youtube”da “Azerbaycan News” kanalı vasitəsilə yayılıb. Bu “Youtube” kanalının isə Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşı, Ziya Məmmədovun oğlunun dostu Elnur Baimova məxsus olması barədə iddialar var. Məlumatlarda bildirilir ki, hüquq-mühafizə orqanları sürücünün həbsilə kifayətlənməyəcək. “Bakubus”dan və Nəqliyyat Nazirliyindən bir neçə nəfərin həbs olunacağı iddia edilir. DIN və Baş Prokurorluğun birgə məlumatında “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır" fikri növbəti həbslərin anonsu kimi qiymətləndirilir.
Sonda qeyd edək ki, qəzanın törədən sürücünün oğlu “Azadlıq”a açıqlamasında olayın texniki nasazlıq üzündən baş verdiyini bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.