Ölkədə "Cahangir Hacıyevin işi" üzrə proseslərin şiddətləndiyi ərəfədə, bu ilin fevral ayında manatın məzənnəsi ilə bağlı gözlənilməz qərar verən, aprel ayının 3-də isə Milli Məclis tərəfindən yenidən Mərkəzi Bankın sədri vəzifəsinə təsdiq olunan Elman Rüstəmovla Maliyyə naziri Samir Şərifovun haqqında ilginc məlumatlar ortaya çıxmağa başlayıb.
Mia.az-a verilən məlumata görə, Elman Rüstəmov növbəti 5 il üçün Mərkəzi Banka rəhbərlik səlahiyyətinə sahiblənsə də, 21 fevraldakı devalvasiya qərarı və bu qərardan sonra Azərbaycan Beynəlxalq Bankında yaşanan şok hadisələrin etkisi hər iki şəxsi hələ də "təhlükəli zolaq”dan xilas edə bilməyib:
«Elə buna görə də adıçəkilən məmurların iqtidardakı tərəfdarları Azərbaycan Beynəlxalq Bankından oğurlanan vəsaitlər hesabına dövlətin sobataj edilməsini qabartmağa başlayıblar. Onlar bununla həm Elman Rüstəmovu, həm də maliyyə naziri Samir Şərifovun hədəfdən yayındırmağa çalışırlar. Guya milyonçular Cahangir Hacıyev və digər nüfuzlu şəxslərlə işbirliyinə gedərək, ölkənin maliyyə sektorunun "kilid nöqtə”ləri hesab olunan Samir Şərifovla Elman Rüstəmovun «vurulması»na çalışıblar. Əlbəttə, bu, sadə oxucular üçün məntiqli görünə bilər. Amma bilgili dairələr üçün bunun praktik və nəzəri mümkünlüyü gülünc görünür.
Ən əvvəla, bank sektorunun mahir bilicilərindən olan Cahangir Hacıyev adıçəkilən iki məmura qarşı istəsəydi belə, ABB vasitəsiylə "tələ” qura bilməzdi. Çünki hazırda cinayət tərkibi yaradan kreditlərin tam əksinə, gec-tez elə özünü "dalana sıxıacağı”nın fərqində olmamış olmazdı.
Digər yandan, C.Hacıyevin girovsuz verilən kreditlər hesabına Elman Rüstəmova və ya Samir Şərifova "torpa tikmək” niyyəti vardısa, o zaman niyə adıçəkilən şəxslər vaxtında milyonlarla vəsaitin dövriyyədən çıxarılaraq naməlum istiqamətlərə yönləndirilməsinə səlahiyyəti çərçivəsində müdaxilə etməyiblər?!
Bunu Elman Rüstəmov nə o zaman, nə də 21 fevral qərarı ərəfəsində etməyib. Demək ki, yaxın ətrafının nə deməsindən aslı olmayaraq, burada Elman Rüstəmovun və ya Samir Şərifovun oyundan çıxmaq cəhdləri əbəsdir.
O ki qaldı Maliyyə naziri Samir Şərifova, o, bu məsələdə iki faktora görə Cahangir Hacıyevin özündən də çox məsuliyyət daşıyır:
Birincisi, ölkənin maliyyə-kredit siyasətini tənzimləyən, həm də Azərbaycan dövlətinin Beynəlxalq Bankdakı 51,07 faizlik payının məsul şəxsi kimi, Samir Şərifov niyə dövlətin marağını zamanında qorumayıb?
İkincisi, səhmlərinin əsas hissəsi Maliyyə Nazirliyində olan Beynəlxalq Bankın Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavini Azər Bayramovdur. O, Samir Şərifovun ABB-də təmsil olan yeganə adamı da deyil. Müşahidə Şurasının üzvləri arasında Maliyyə Nazirliyinin hüquq şöbəsinin direktoru Xaliq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin direktoru müavini Müşfiq İsrafilov və başqaları var. Müşahidə Şurasının banklarda hansı rolu oynadığını isə, yəqin bilirsiniz.
O zaman belə sual ortaya çıxır: Axı, necə olur ki, bu məmurlar Cahangir Hacıyevin böyük məbləğli kredit tranşlarına göz yumublar? Niyə bankı nəzarətsiz buraxıblar? Burada onların maraqları nədən ibarət olub?
Bu iki faktordan bir daha görünür ki, əslində, Cahangir Hacıyev bunları istəsəydi belə, «tələ»yə sala bilməzdi. Tam əksinə, baş verənlərin təhlili göstərir ki, Elman Rüstəmovla Samir Şərifov Cahangir Hacıyevin əməllərinə "gözləri”ni məqsədli şəkildə qapatmaqla, onun uçrumdan yuvarlanmasına şərait yaradıblar».
Məlumatlı şəxs deyir ki, Samir Şərifovla Elman Rüstəmovun bu «göz yumması» artıq hakim dairələrdə ciddi müzakirə olunur:
«Hakimiyyət dairələrində hər iki şəxsə qarşı ciddi ölçü götürülməsinin də tərəfdarları kifayət qədər çoxdur. Yəqin elə buna görədir ki, əsasən Elman Rüstəmov bərk qorxuya düşüb. Mənim bildiyimə görə, mart ayından etibarən, ona yaxın şirkətlərin rəhbər şəxslərinin dəyişdirilməsi prosesi gedir. Bəzi adamları biznes şəbəkəsindən, ümumiyyətlə, uzaqlaşdırılıb.
Samir Şərifova gəldikdə isə, o, daha "ağıllı manevr” edərək, təhlükəli zolaqdan çıxmağa çalışır. Bunlar haqda isə geniş danışmaq istəmirəm...”.
Mia.az