Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı (Aİ) yanında səfiri vəzifəsindən geri çağırıldığını təsdiq edib.
Bunu "Trend"-ə Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı deyib.
Onun sözlərinə görə, bu barədə İƏT Baş Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə ünvanladığı məktubda qeyd olunur.
K.Süleymanlı məktubdan sitat gətirir: "İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Arif Məmmədovun İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi kimi fəaliyyətinin dayandırılması haqqında notasına cavab olaraq bildirir ki, A.Məmmədov artıq heç bir formada təşkilatı Aİ-də təmsil etmir".
* * *15:51
Arif Məmmədov İslam Əməkdaşlıq Təşkilatının diplomatı statusundan məhrum edildi
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.
Qeyd edək ki, A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.
Virtualaz.org saytı xatırladır ki, A.Məmmədov mayın 19-da Bakıda yaşayış binasında baş vermiş yanğından sonra öz facebook səhifəsində qiyam ruhlu çıxışlar etməsi, daha sonra isə tutduğu vəzifəyə, diplomat statusuna uyğun olmayan siyasi bəyanat və açıqlamalarla çıxış etməsi ilə gündəmə gəlmişdi.